Ağcabədi rayon icra başçısının birinci müavini Rövşən Əhmədovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub.
Adının çəkilməsini istəməyən mənbə bildirir ki, bir R.Əhmədovun diplomu hazırda sənədləri etibarsız hesab edilən Azərbaycan Beynəlxalq Universitetindəndir, üstəlik o, hərbi xidmətdə olmayıb: “Bu barədə bir müddət əvvəl mətbuatda da yazılmışdı. Qarşı tərəfin vəkili açıqlama verib guya təkzib elədi, amma sadəcə söz dedi, heç bir sənəd-sübut qoyulmadı ortaya. Ağcabədinin icra başçısı Şahin Məmmədov belə bir vəzifəyə uyğun gəlməyən adamın təqdimatını necə verib anlaşılan deyil. O, diplomu ABU hələ San Marino olan vaxt ordan alıb”.
Qeyd edək ki, mediada bu barədə doğrudan da bir müddət əvvəl yazı dərc edilib. Bildirilir ki, Rövşən Əhmədovun hərbi xidmətdə olmaması ilə bağlı Müdafiə Nazirliyinə sorğu göndərilib və təsdiqlənib. Bu barədə sahibkar Teyyub Eminov media nümayəndələrinə bu haqda bir sənəd təqdim edib və həmin sənəd əsasında mediada yazı dərc edilib. “Dövlət qulluğu haqqında” qanuna görə isə hərbi xidmət keçməmiş şəxslər dövlət qulluğunda işə götürülə bilməzlər. Mediadakı yazılarda ehtimal edilir ki, R.Əhmədov dövlət qurumlarına təqdim etdiyi sənədlərində saxtakarlıq etməklə istəyinə çata bilib.
Birinci müavinin diplomunun köhnə San Marinodan olmasına gəlincə, bu ali təhsil ocağı xeyli əvvəl bağlanıb və orada oxuyanlara verdiyi sənədləri etibarsız hesab olunur.
Bu barədə yazılar dərc edildikdən sonra Rövşən Əhmədovun vəkili Elçin Əliyev KİV-ə açıqlama verərək həmin məlumatların həqiqət olmadığını deyib: “Həmin məlumatlar tamamilə yalan məlumatlardır, şər və böhtandır. Belə ki, Rövşən Əhmədov Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təyin olunub. Siz də yəqin ki, bilməmiş deyilsiniz ki, belə yüksək vəzifəyə təyin olunan şəxslər həmin vəzifəyə təyin olunanmışdan əvvəl aidiyyatı qrumlar tərəfindən onların barəsində müvafiq araşdırmalar aparılır. Həmin araşdırmaların nəticəsindən asılı olaraq həmin şəxsin vəzifəyə təyin edilməsi ilə bağlı rəy verilir. Əgər, Sizin iddia etdiyiniz kimi, Rövşən Əhmədovun hərbi xidmət, təhsili və ya digər şəxsi məlumatları ilə bağlı problemlər olsaydı, onda sözsüz ki, cənab Prezident onun Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsinə təyin etməzdi”.
Qeyd edək ki, Elçin Əliyev özünü Azərbaycan Respublikası Vəkillər Kollrgiyasının üzvü, vəkil, Rövşən Əhmədovun notariat qaydasında təsdiq edilmiş etibarnamə ilə səlahiyyətli nümayəndəsi kimi təqdim edir. Lakin müvəkkili haqqında iddiaların yalan olduğunu deyərkən hörmətli vəkil gerçəkdən də heç bir sənəd təqdim etmir. Halbuki R.Əhmədovun hərbi biletinin, diplomunun surətini təqdim etməklə bu iddiaların yenidən yayılmasının qarşısını almaq daha asan olar. Bu sübutlar redaksiyamıza təqdim edilərsə dərc edərik.
Mənbəmiz bizə R.Əhmədovun keçmiş fəaliyyəti ilə bağlı da maraqlı məlumat verir. Bildirir ki, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub: “Şahin Məmmədov icra başçısı olandan sonra onu öncə “JEK” rəisi təyin etdi. Sonra Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi postuna gətirdi. Bir müddət sonra isə Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat aldı. Təbii ki, onun müavinliyi üçün təqdimat başçıdan gedib”.
Mənbəmiz bildirir ki, R.Əhmədov Ağcabədidə hegemonluq edir: “Bir müddət əvvəl rayonda adam döydürüb bıçaqlatdırmışdı. Onun üstünü elə rayondaca ört-basdır elədilər. Həddən artıq böyük var-dövlətə malikdir. Bu yaxınlarda deputat Tahir Rzayevlə də qohum oldu, onun qızı deputatın oğlu ilə ailə qurdu”.\ afn.az\