Qeybət etməyən, siyasi fəaliyyəti olmayan xanım deputatımız - Orxan Saffari yazır...
Milli Məclisdə xanım deputatlarımız azlıq təşkil edir. Əlbəttə, sədrinin qadın olduğu bir yerdə gender bərabərliyi pozulmayıb, sadəcə, siyasətlə məşğul olan xanımlarımız da azdır. Ancaq məsələn, Nigar Arpadarainin siyasətdə olmağındansa, olmamağı daha yaxşıdır.
Azərbaycan siyasətində elə qadınlar var, onlara baxanda yaxşı dolma bükən, qapağı atmayan şorabalar tutan qadınlara bir daha bağlanır, dəyər verirsən.
Mənə elə gəlir ki, Nigar xanımı Milli Məclisdə maraqlı edən tək məsələ soyadıdır. Doğrudan da səslənəndə qəribə gəlir, əksər adamlar ikinci dəfə soruşur, elə bilirlər, müğənnidir, ancaq sonra görürlər ki, heç siyasətçi də deyil.
Nə adından, nə soyadında, nə də simasında problem yoxdur. Problem onun ümumiyyətlə siyasətdə varlığıdır.
Nigar xanım deputatlığı dövründə qadına xas olmayan şeylər edir. Üzr istəyirəm, yəni susur, danışmır. Onu deyim, Arpadarai soyadı qeybətə də uyğun deyil, razıyam. Qeybətə uyğundu Fatma adı, ancaq Fatma xanımın da soyadı Yıldırım. Bu da olmaz. Bu mənada, Nigar xanım nə qeybət edir, nə də xüsusi bir siyasi fəaliyyəti var. O sadəcə mövcuddur.
Nigar xanım Səbaildən seçilib. Səbaildə onlarla gözəgörünən, ancaq Nigar xanımın o gözəl, qara gözlərini yumduğu problemlər var. Qəribədir ki, Səbaildə məni tanıyan adamlar elə rastlaşdığı problemləri də mənə deyirlər. Deyirəm, ay insanlar, sizin xanım-xatun, bənizi gözəl, gözü giryan xanım deputatınız var, niyə gedib ona demirsiniz? Bəlkə, sürətin gördükcə lal olursunuz, xanıma problem deməyə utanırsınız? Heç nə demirlər. Nə bilim, bəlkə də, Nigar xanımın cəmalını görə bilmirlər deyə belədir.
Mənə o maraqlıdır ki, Nigar xanım niyə susqundur? Əslində, bir qadının susmağı şəxsən mənə kədərli gəlir. Bəlkə qoymurlar? Bəlkə qısqananlar var həmkarlarından? Kimdir onu qısqanan? Səbinə Xasayeva? O da susur. Nigar Məmmədova? İnanmaram. Bəs nədir səbəb? Nigar xanım, biz eyni ərazidənik, açın ürəyinizi mənə deyin.
Nigar xanım sənətçi ailəsində doğulub.
Atası Cavid Arpadarai rəssamdır, bir müddət Əzizim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin də direktoru olub.
Anası Lətafət Məmmədova Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. O da Azərbaycan Dövlət Pedaqoji Universitetində Rəssamlıq kafedrasının rəhbəri vəzifəsində işləmişdir.
Yəqin ki, genetik olaraq Nigar xanımda da rəssamlıq qabiliyyətləri var. Belədirsə, görəsən, Nigar xanım niyə gedib şəklini çəkmir? Axı fırça onun əlinə gözəl yaraşardı, lap belə sehrli çubuğ misali…
Arpadarai soyadında olan rəssam dünyada tanınardı, ancaq siyasətdə heç Səbaildə də tanınmır.
Nigar xanımın deputatlıqdan əvvəl xüsusi bir siyasi fəaliyyəti yoxdur. Doğrudur, heç sonra da yoxdur, ancaq heç olmasa, gərək damazlıq saxlamaq üçün əvvəllər bir fəaliyyəti olardı. Bəs indi nəyi deyib and içək? Yəni belə olub olmağına, Yunanıstanda səfirlikdə işləyib, Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyində Xüsusi Elçinin köməkçisi olub, di gəl, səssiz-səmirsiz. Konkret olaraq Azərbaycan ictimai-siyasi mühitində görünməyən sima olub. Onun adını ictimaiyyətlə tanış edən məsələ deputatlığa namizədlik dönəmində Bəxtiyar Hacıyevin də eyni dairədən namizədliyi olub.
Nigar xanım indinin özündə Azərbaycan Respublikası Milli Məclisində beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, ailə, qadın və uşaq məsələləri, Avropa Şurası Parlament Assambleyasında miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin üzvüdür.
Nə olsun? Üzv olmağa nə verirlər? Darı günə vəzifəmi yığır?
Nəhayət, hələ Danimarkaya zərbə vurmağımız üçün Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də seçilib.
Bu proses məndə belə təəssürat yaradır ki, elə bil, Danimarkada tanışları var, istirahətə zada gedəndə qarşılayırlar. Ya da çoxlu tədbirə getmək istəyi. Azərbaycanlılar xoşlayır axı tədbiri. Görünür, Nigar xanımın da belə “mövqe kolleksiyası” var. Kim harada görünür, hansı komitədə adı var, hansı tədbirdə şəkil çəkdirib.

Orxan Saffari