Qardaşı oğlunun əməli ilə gündəm olan İlham Pirməmmədov kimdir? – Ramiz Mehdiyev, "çemodan" qalmaqalı və nurçu şəbəkəsi ilə bağlı İNANILMAZ İDDİALAR
Ötən gün FHN-nin şöbə rəisi olan qardaşı oğlunun əməli ilə gündəm olan Qazax Xeyriyyə İctimai Birliyinin Sədri, Təhsil Nazirliyinin (Misir Mərdanovun dövründə) İcra Aparatının sabiq rəhbəri İlham Pirməmmədovla bağlı internet resurslarında axtarış etdik. İ.Pirməmmədovla bağlı vaxtı ilə üzə çıxan məlumatları diqqətinizə çatdırırıq.
Öncədən onu da qeyd edək ki, mediadakı məlumatlarda İ.Pirməmmədovun da adı Ramiz Mehdiyevlə birgə çəkilib.
32gun.az yerli mediada gedən məlumatlara istinadən təqdim edir:
Ramiz Mehdiyevin "himayəsi" və təhsil piramidası
Gundelik-Baku (13-08-2021): Mikayıl Cabbarov nazir təyin olunanda Misir Mərdanovun komandasından yalnız İlham Pirməmmədova toxunmamışdı. İddia olunurdu ki, o, nazirlikdə sabiq PA rəhbəri Ramiz Mehdiyevin tapşırıqlarını icra edir və tələbə köçürmələri hesabına milyonçuya çevrilmişdi. Ramiz Mehdiyevin "sehirli əli" onu əvvəlcə nazir müşaviri, sonra isə ATU-ya prorektor təyin etdirmişdi. Hazırda prorektorun "Xarı bülbül" restoranına və böyük biznes şəbəkəsinə sahib olduğu bildirilir.
Məlumatda qeyd edilib ki, uzun illər təhsil sahəsində məsul vəzifələrdə çalışan İlham Pirməmmədov qazandığı milyonların hesabına özünə topdağıtmaz biznes şəbəkəsi qurub. Onun ticarət obyektləri, villaları, bahalı avtomobilləri, hətta restoranları var.
Elşad Abdullayevin "çemodan" ittihamı
Gundelik-Baku (04.01.2013): ABU-nun sabiq rektoru Elşad Abdullayev iddia edir ki, itirdiyi pulların geri qaytarılması prosesində İlham Pirməmmədov vasitəçilik edib. Abdullayevin sözlərinə görə, Pirməmmədov onu otağına çağıraraq Binəqədinin sabiq icra başçısı Alı Qocayevin göndərdiyi pul çemodanını ona təqdim edib. Sabiq rektor Pirməmmədovun otağında 500 min dolları sayaraq təhvil aldığını iddia edir.
İ.Pirməmmədovun təkzibi: "Yalan və böhtandır"
APA (19-02-2013): İlham Pirməmmədov Elşad Abdullayevin ittihamlarına cavab verərək bildirib ki, bu məlumatlar kökündən yalandır. O, heç vaxt Alı Qocayevdən pul almadığını və otağında pul sayılmadığını vurğulayıb. Pirməmmədov bu iddiaları ABU-nun lisenziyasının ləğvi prosesində iştirak etdiyi üçün ondan qisas almaq cəhdi kimi qiymətləndirib və məsələ ilə bağlı prokurorluqda ifadə verdiyini deyib.
"Köçürmə kralı" və MTN çetesi iddiaları
Teref.info / Ajantv.com (07-02-2016): Məlumata görə, Misir Mərdanovun dövründəki 65 min köçürmənin 54 mini nazirdən gizlin, məhz Pirməmmədovun sxemləri ilə edilib. Həmçinin onun adının "MTN işi"ndə, Akif Çovdarovla gizli iş birliyində hallandığı iddia olunur. Pirməmmədovun və yaxın adamı İlyar Vahabovun keçmiş MTN çetesinin təhsil üzrə "agentləri" olduğu və Eldar Mahmudovun zəngi ilə hüquqi məsuliyyətdən yayındıqları qeyd edilir.
Nurçular və "Sadval" əlaqələri
Azerinfo.org, yeniçağ.az (21-05-2014): İddia olunur ki, Pirməmmədov Təhsil Nazirliyində Fətullah Gülən şəbəkəsinin (nurçuların) maraqlarını qorumaq üçün aylıq 10 min manat "haqq" alırmış. Bundan başqa, Elşad Abdullayevin əlində Pirməmmədovun Dağıstanda "Sadval" separatçı təşkilatına yaxın şəxslərlə görüntülərinin olduğu və bu kadrlarla onu şantaj etdiyi bildirilir.
Özünü vəzifəyə "təyin etdirmə" taktikası
Azxeber.com (04-04-2014): Nazirlikdə mövqeyi zəifləyən İ.Pirməmmədovun özünü Bakı Slavyan Universitetinə rektor təyin etdirmək üçün mətbuatda qəsdən dezinformasiyalar yaydığı bildirilir. O, bu yolla yeni nazir Mikayıl Cabbarovun gözündə guya ictimaiyyətin onu rektor görmək istədiyi görüntüsünü yaratmağa çalışsa da, Asif Hacıyevin rektor təyin edilməsi ilə bu planı boşa çıxıb.
"Xarı bülbül" restoranı və prorektorun biznes fəaliyyəti
Tia.az (05-07-2021): Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru İlham Pirməmmədovun pedaqoji fəaliyyətlə yanaşı, geniş biznes şəbəkəsinə sahib olduğu bildirilir. Məlumata görə, paytaxtın Nizami rayonu ərazisində yerləşən tanınmış "Xarı bülbül" restoranı məhz prorektora məxsusdur. Onun hələ Təhsil Nazirliyində çalışdığı dövrlərdən varlanaraq bu obyektlərə sahibləndiyi, hazırda da universitetdəki imkanlarından biznesini inkişaf etdirmək üçün istifadə etdiyi iddia olunur.
Qazaxda "saxta diplom" qalmaqalı
Tia.az, arqument.az (02-01-2015): Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının sabiq direktoru İsa Veysovun barəsində açılan cinayət işində İlham Pirməmmədovun da adı keçir. İddialara görə, Pirməmmədov filial direktoru ilə əlbir olaraq pul müqabilində qanunsuz diplomların verilməsini təşkil edib. Bu əməllərin Misir Mərdanovun nazir olduğu dövrdə baş verdiyi və uzun müddət ört-basdır edildiyi bildirilir.
İxtisası ilə vəzifəsi arasındakı təzad
Oxu24.com (21-02-2026): İlham Pirməmmədovun tərcümeyi-halı ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, o, bədən tərbiyəsi ixtisası üzrə təhsil alıb. Lakin buna baxmayaraq, uzun illər Təhsil Nazirliyinin İcra Aparatına rəhbərlik edib və hazırda Azərbaycan Texniki Universitetində prorektor vəzifəsində çalışmaqdadır.
PS: Yazılanların hər biri istinadən verilmişdir, qarşı tərəfin də əlavə mövqeyini dərc etməyə hazırıq.
İstinad olunan mənbə:mənbə bu link