Deputat bu güzəştin müharibə veteranlarına da şamil olunmasını İSTƏDİ
"Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda sağlamlığını itirmiş, əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də şəhid ailələrinin sosial həssaslığının nəzərə alınması dövlətin vətəndaşa olan məsuliyyətinin bariz nümunəsidir".
Redaktor.az xəbər verir ki, bunu deputat Vasif Qafarov Milli Məclisdə “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirdi.
Onun sözlərinə görə, Aaşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumundan azad olmaların tətbiqi həmin kateqoriyaya aid şəxslərin hüquqi və maddi yükünü əhəmiyyətli dərəcədə azaldır və onların mülki hüquqlardan daha rahat və maneəsiz istifadə etməsinə şərait yaradır:
"Xüsusilə müharibə, 20 Yanvar hadisələri və Çernobıl Atom Elektrik Stansiyasında xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin bu güzəştlərdən faydalanması sosial dövlət prinsiplərinə tam uyğundur və bu, təqdirəlayiqdir.
Layihə həmçinin hüquqi mexanizmlərin sadələşdirilməsinə, daşınmaz əmlakla bağlı əməliyyatların əlçatanlığının artırılmasına və sosial ədalətin təmin olunmasına xidmət edir ki, bu da onu aktual və zəruri edir.
hesab edirəm ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatı zamanı dövlət rüsumunun ödənilməsindən azad olunanların kateqoriyasına həm tək olan müharibə veteranlarının da daxil edilməsi məsələsinə baxılması məqsədəuyğun olardı. Bu addım vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərin qorunması prinsiplərinə, habelə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini nəzərdə tutan normativ hüquqi aktların məqsədlərinə uyğundur".
Deputat hesab edir ki, layihənin icrasının daha effektiv təşkili məqsədilə dövlət rüsumlarından azad olunmaq hüququ olan şəxslər barədə vahid elektron reyestrin yaradılması və bu məlumatların bütün dövlət xidmətlərinin o cümlədən daşınmaz əmlakın dövlət qeydiyyatını həyata keçirən orqanların informasiya sistemlərinə inteqrasiya edilməsi məqsədəuyğun olardı:
"Bu addım hüquqi mexanizmlərin təkmilləşdirilməsinə dövlət rüsumlarından azad olunmaq hüququ olan şəxslərin bu hüquqlarını hansısa arayışla təsdiq edilməsi mexanizmlərinin aradan qaldırılmasına və vətəndaşlar üçün prosedurların operativ və şəffaf icrasının təmin edilməsinə xidmət edər".
Aminə ŞAHSUVARQIZI