Borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqləndi
Ədliyyə Nazirliyinin Kollegiyası “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nı təsdiq edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı nazir Fərid Əhmədov yeni qərar imzalayıb.
Məlumata görə, təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, tez xarab olan məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir.
Hərracın predmeti daşınar əmlak olduqda, sifarişçi həmin əmlakı “Qəbul-təhvil aktı” əsasında müəyyən edilmiş saxlanc yerinə təhvil verməlidir.
Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər Portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər.
Aşağıdakı hallarda şəxsin hərracda iştirakına yol verilmir:
- şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti olmadıqda;
- beh tam ödənilmədikdə və ya beh məbləğində bank qarantiyası təqdim edilmədikdə;
- hüquqi şəxs ləğv prosesində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə icraatı başlandıqda;
- şəxs eyni hərrac predmeti üzrə əvvəlki hərracın qalibi olduqda, lakin əmlakın satış qiymətini ödəmədikdə, yaxud əmlakı təklif etdiyi qiymətə almaqdan imtina etdikdə;
- müraciət elanda göstərilən müraciətlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə.
Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 %-i, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 %-i qədər müəyyən edilib.