Baş prokurorun keçmiş müavini Məmmədvəli Cəfərov Baş Prokuroluğu məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini Məmmədvəli Cəfərov verib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində Rəşid Səmədovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İşin mahiyyəti əməl məsələləri üzrə mübahisələrdən ibarətdir.
Araşdrımalarımız zamanı məlum olub ki, Məmmədvəli Cəfərov İxtiyar Şirinov baş prokuror olduğu dövrdə müavin vəzifəsindən çıxarılıb. Əli Ömərov baş prokuror təyin ediləndən sonra ümumiyyətlə, prokuroruq orqanlarından xaric edilib.
Məmmədvəli Cəfərov İxtiyar Şirinovla Əli Ömərovun əmrlərini konstitusiyaya zidd hesab edir. Bu baxımdan, məhkəməyə müraciət edərək yenidən vəzifəsinə bərpa olunmaq istəyir.
İxtiyar Şirinov 1992-1993, Əli Ömərov 1993-1994-cü illərdə baş prokuror olub.
Qeyd edək ki, Məmmədvəli Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib və bir neçə ay bu vəzifədə çalışıb. O, 2019-cu ildə dələduzluqda təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Məmmədvəli Cəfərovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib.
İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan Məmmədvəli Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək ona qarşı külli miqdarda dələduzluq edib. Belə ki, o, Rəşad Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan Məmmədvəli Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan Məmmədvəli Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.