“Gecə həyatı yaşayan qızların əksəriyyəti “bloger”dir” - Qalmaqal
Müğənni Mehin Hümbətovanın və prodüser Tarix Əliyevin influenserlər haqqında fikirləri bloger Aypara Məmmədova (Ayparali) tərəfindən xoş qarşılanmayıb.
OLAY yazır ki, “Tarixin bir günü” verilişində Tolik “Bu gün instaqram bağlansa, bu influenserlərin heç biri olmayacaq. Onlar görmədikləri həyatı öz izləyiciləri üçün yaşayırlar. Məndən inciməsinlər, bir qarın yeməyə restorana gedən adamlardırlar. Nə var-nə var bunların qabağına bir tikə lüləkabab qoyulacaq, onu çəkib izləyiciləri ilə paylaşacaqlar. Düşünürəm ki, bu influenserlərin bəziləri özlərini müğənnilərdən üstün tutmağa çalışırlar” fikirlərini söyləyib.
Mehin isə onun sözlərinə bu fikirlərlə cavab verib:
“İnfluenserlər müğənnilər olmayan ortamda özlərini öndə tuta bilər. Müğənnilər olan ortamda şəkil çəkdirməyə, onlarla dostluq etməyə çalışırlar. Biz olmayan yerdə özlərini üstün saya bilərlər”.
Sözügedən dialoqu səhifəsində paylaşan Toliklə və Mehinlə razılaşmadığını bildirən Ayparali fikirlərini belə ifadə edib:
“Xanımın dediklərinə qətiyyən qatılmıram. Müğənni olan heç bir ortamda qaçıb heç bir müğənni ilə yaxınlıq yaratmağa, şəkil çəkdirməyə çalışmamışam. Düzdür, bu ayıb bir şey deyil. Ancaq içimdən gəlməyib, bu onu özümdən üstün görmədiyim üçündür. Dost olaraq hansısa müğənni ilə nə vaxtsa yaxınlıq quraramsa, bu başqa məsələ. Ona görə də, bu fikri hər kəsə şamil etməyin zəhmət olmasa... Bir qarın yeməyə paylaşım edən influenserlər olduğu kimi, çox biabırçı qalmaqallarla gündəmdə qalmağa çalışan müğənnilərimiz də az deyil. Bu artıq reallıqdır, anlayıb dərk edək. Müğənni müğənnidir, mahnısını oxuyub pul qazanır. İnfluenser kontent yaradıb, reklam alıb pul qazanır. Hərənin öz auditoriyası var və hər iki tərəf öz məşhurluğunun payını alır. Heç bir tərəf digərindən üstün, ya da alçaq deyil. İnfuenserlik hələ ki bir peşə, sənət qolu olaraq qəbul edilməsə də, bu reallıq qapıdadır”.
Prodüser isə Ayparanı cavabsız qoymayıb:
“Bu gün gecə klubundan çıxan, gecə həyatı yaşayan qızların əksəriyyəti “bloger”dir. Ailə blogerləri var, amma onların da əksəriyyəti nümunəvi deyil. Nümunə olanlar göz önündədir. İnfluenserlər nəyinsə piarına dəstək olmaq üçün dəvət oluna bilər, ancaq bu göstərici deyil. Çünki insanlar yalançı yarışmalardan, reklamlardan beziblər. Feyk şərhlər, izləyicilər... Bu ki faktdır”...