azia.az
azia.az

DSMF sosial yardım istəyənləri belə yola verir

17-03-2023, 13:17

Əvvəlcə "VÖEN aktiv deyil", sonra "yanlışlıq olub" dedilər, indi isə... - DSMF sosial yardım istəyənləri necə yola verir?

Azərbaycanda son illərdə ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət forması, onun təyin olunması, verilməsi və ya verilməsindən imtina edilməsi mexanizminin təkmilləşdirilməsinə baxmayaraq, bu sahədə vətəndaş məmnunluğunu təmin etmək mümkün olmayıb. Ünvanlı dövlət sosial yardımı ilə bağlı müraciətlərə verilən cavablar, yardımdan imtina ilə bağlı göstərilən səbəblər hələ də bir çox hallarda vətəndaşlarda ciddi narazılıq yaradır. 


Sfera.az xəbər verir ki, redaksiyamıza müraciət edən Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşayan Lahicov Səbuhi Sadiq oğlunun şikayətindən də bu narazılığı görmək olur. 


S.Lahicov Qazax rayon sakini olsa da, uzun müddətdir Corat qəsəbəsində yaşayır. Burada ailə həyatı quran Lahicovun bir qız övladı var. S.Lahicov günəmuzd işçidir, o, hər gün 5-10 manata fəhlə işləyir. Şikayətçi bildirir ki, sağlamlığı ona hər gün fiziki iş görməyə imkan vermir, bu səbəbdən bir-iki gün işlədikdə, günlərlə işləyə bilmir. 


S.Lahicovun həyat yoldaşı Lahicova İlhamə İlham qızı işləyir. Muzdlu işçi olan İ.Lahicovanın övladlarının kiçik olması səbəbindən gün ərzində 4 saat işləmək imkanı olur. İ.Lahicovanın aylıq maaşı 150 manatdır. S.Lahicovun ailəsi aztəminatlı vəziyyətdə olduğundan o, ünvanlı dövlət sosial yardımı almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib.  


Şikayətçi deyir ki, bir neçə dəfə nazirliyə müraciət etməsinə baxmayaraq, ünvanlı sosial yardım təyin edilməyib. Onun sözlərinə görə hər dəfə əsassız səbəb göstərilərək yardımın təyin edilməsindən imtina olunub. 


S.Lahicov bildirir ki, imtina ilə bağlı göstərilən səbəblərin hər birinin yanlış olmasına dair arayış təqdim etdikdən sonra nazirlikdən səhvə yol verildiyi etiraf edilib:

 

“Birinci dəfə ötən ilin dekabrında nazirliyin elektron xidmətlərindən istifadə edərək müraciət göndərdim. İlk müraciətimdən sonra Corat qəsəbəsində yaşadığımız ünvana baxış keçirdilər və həyətdə mənə məxsus olmayan, istifadəyə yararsız avtomobili əsas gətirərək imtana verdilər. Lakin avtomobilin mənə məxsus olmadığını sübut etdikdə təkrar müraciət etməyimizi istədilər. 


Mən ikinci dəfə 2023-cü ilin yanvarında elektron formada müraciət etdim. Təkrar müraciətdən sonra da ünvanda yerində baxış keçirdilər. Bu baxışdan sonra fevralın sonunda yenə imtina cavabı gəldi. İkinci imtinaya əsas kimi yoldaşımın maaş aldığı iş yerinin, güya, VÖEN-inin bağlı olması göstərildi.


Bu, əsassız səbəbdir. İş yerinin VÖEN-i bağlıdırsa, burada çalışanlara maaş necə verilir? Biz buna etiraz etdikdə narazılığımı haqlı gördülər və səhvi düzəldəcəklərini bildirdilər”.


S.Lahicov deyir ki, bundan sonra bir neçə dəfə şifahi şəkildə ünvanlı sosial yardım təyin edən nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxlayıblar. Amma şifahi müraciətlərdən də bir nəticə çıxmayıb:

 

“Hər dəfə dövlət qurumunun səhvi ucbatından müraciətimə imtina cavabı gəlib və mən hər dəfə 17-20 manat xərc çəkərək yenidən müraciət etmişəm. Mənim şikayətim dövlət qurumundan konkret və əsaslı cavabın verilməməsidir. Mən belə başa düşürəm ki, Dövlət Sosial Müdafiə Fondu ünvanlı yardımın verilməməsi üçün bəhanə axtarır. Amma əsaslı bəhanə tapa bilmədiyindən də süründürməçilik edir”. 


S.Lahicov ümid edir ki, onun ailəsinin haqqı olan ünvanlı dövlət sosial yardımının təyinatı gecikdirilməyəcək və o, tezliklə yardım ala biləcək. 


Bu şikayətlə bağlı bir neçə gün öncə Dövlət Sosial Müdafiə Fondu ilə əlaqə saxladıq. Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Mehdili saytımızın əməkdaşına şikayətdə qeyd olunan məsələlərin araşdırılıb cavab veriləcəyini bildirdi. Lakin R.Mehdiliyə təkrar müraciət etməyimizə baxmayaraq, bizə hər hansı cavab verilmədi.

 
Qeyd edək ki, Nazirlər Kabinetinin “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən sosial yardımın alınması üçün müraciətlər 15 iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydalara əsasən, sosial yardımın təyin edilməsindən imtina olunduqda, imtina düzgün əsaslandırılmalıdır. 

 

Nuh

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi