azia.az
azia.az

10 fevral – Azərbaycanda ölüm hökmünün ləğv olduğu gündür

10-02-2023, 16:00


 

XX əsrin sonlarında Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu. Bu münasibətlərin xüsusiyyətləri bilavasitə insan hüquq və azadlıqlarının dərk edilməsi ilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.

1988-1990-cı illərdə SSRİ-nin tarixi zərurətdən süquta uğradığı bir zamanda Azərbaycan xalqının müqəddəratı sual altında idi və yalnız təcrübəli, ağıllı, cəsarətli, dövlətinə və millətinə bağlı, eyni zamanda gələcəyə böyük ümid bəsləyən şəxsiyyətlərin məsələlərə vaxtında müdaxiləsindən asılı idi. 

Ümmumiyyətlə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının ilk illərində mürəkkəb beynəlxalq və daxili şərait yarandı, daxildə hakimiyyət uğrunda mübarizə gedirdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edilsə də, ölkəmiz müstəqil dövlət olaraq dünya tərəfindən qəbul olunsa da, bu müstəqillik, əslində, ilk dövrdə formal xarakter daşıyır, onun itirilməsi təhlükəsi Azərbaycanın başı üzərindən bir an belə çəkilmirdi.

İkinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan Respublikasının keçdiyi çətin günlərdə Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması kimi qəbul edilən daha bir tarixi hadisə də baş verdi. 1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Məhz o müddətdən Azərbaycan istər BMT-nin alt strukturları, istərsə də digər nüfuzlu beynəlxalq təşkilatlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq qurmağa başladı. 

Dövlət müstəqilliyinin qorunması sahəsində atılacaq addımların uğurla əlaqələndirilməsi üçün Azərbaycan xalqı gözəl başa düşürdü ki, mövcud problemləri məhz təcrübəli və xalqına bağlı bir liderin ətrafında birləşərəkhəll etmək olar. Beləliklə, 1993-cü ildə qədirbilən xalqımız böyük siyasətçi, zamanında Azərbaycana rəhbərlik etmiş və daha sonra Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ulu Öndər Heydər Əliyevi Azərbaycana dəvət etdi. 

Ulu Öndər Sovetlər Birliyinin süquta uğradığını, Kommunist Partiyasının üzərinə götürdüyü öhdəlikləri artıq yerinə yetirə bilmədiyini, nüfuzdan, gözdən düşərək insanlar tərəfindən qəbul olunmadığını cəsarətlə bildirərək Azərbaycan xalqının birliyinin təmin olunması və onun gələcək taleyi ilə bağlı vacib məsələləri bir müdrik lider olaraq öz üzərinə götürdüyünü məsuliyyətlə bəyan etdi.

O zamanki mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının, eyni zamanda müasir Konstitusiyanın hazırlanmasını diktə edirdi.

İnsan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri oldu. Heydər Əliyev bilirdi ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə böyük gücə sahib olur. 

Bu baxımdan İnsan hüquq və azadlıqlarının qorunmasını qarşıya qoyulmuş ali vəzifə kimi bəyan edən Ulu Öndər 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv olunmasını təsdiqlədi.

Ölüm hökmü cəzasının ləğv edilməsi insan hüquq və azadlıqlarının qorunması ilə yanaşı, həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında qoyduğu əsas tələblərdən idi. AŞ-nın 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 nömrəli protokolunda ölüm hökmünün yolverilməz olduğu öz əksini tapmışdır. Bu məsələ məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub.

Beləliklə Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış etmişdir. O, cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm, tolerantlıq kimi dəyərləri rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etdi və 25 il öncə, 10 fevral 1998-ci ildə Azərbaycan Parlamenti Ulu Öndərin təşəbbüsünü dəstəkləyən qərar qəbul etdi. Bununla da Azərbaycan Şərqdə ölüm hökmü cəzasını ləğv edən ilk ölkə kimi tarixə düşdü.

O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 120-dən çox məhkumun həyatları bağışlandı. Buna qədər Azərbaycanda yalnız ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilirdi.

Azərbaycanda 1993-cü ildən dövlət siyasətinin əsas istiqamətlərindən biri olan multikultural və tolerant dəyərlərə söykənən cəmiyyət anlayışı bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilir.Cənab Prezident rəhbərlik etdiyi dövr ərzində Ulu Öndər tərəfindən əsası qoyulmuş bu prioritet istiqamətləri daha mükəmməl şəkildə, yeni çağırışlara uyğun idarə etməklə, eyni zamanda dünyəvi dövlət quruculuğu dəyərlərini əsas götürərək Azərbaycan xalqının düzgün gələcəyini təmin edir. 

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.

 

Məzahir Əfəndiyev,

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi