“Adil Əliyevə qarşı əxlaqsız kampaniya aparırlar”
“Milli Məclisin sədr müavini Adil Əliyevin ölkəmizdə “5-ci kolon”un cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara qarşı çıxması ilə bağlı verdiyi geniş müsahibədən sonra özlərini ayrı-ayrı fərqli düşərgələrdən göstərməyə çalışan bəzi qüvvələr birləşib Adil Əliyevə qarşı əxlaqsız kampaniya aparırlar. Əslində, bu kampaniya onların iç üzlərini göstərir, kim olduqlarını faktla təsdiqləyir. Adil Əliyev kifayət qədər məlumatlı bir insandır. Görünür, onun məlumatlara, faktlara söykənərək atdığı ox elə bir nöqtəyə dəyib ki, bu, anti-milli qüvvələri, “5-ci kolon”un nümayəndələrini çox ciddi narahat edib. Ona görə də belə bir kampaniya aparmağa başlayıblar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat parlametin sədr müavini Adil Əliyevin “5-ci kolon” barədə səsləndirdiyi bu fikirlərə diqqət çəkib: “Adil Əliyev son açıqlamasında qeyd edib ki, dövlətini, millətini düşünən hər kəs ilk növbədə aparılan islahatların nəticəsi, hər hansı problem varsa, onun ətrafında müzakirə aparmalıdır. Onların isə buna marağı yoxdur. Düşünürəm, buna nə cəsarətləri var, nə də savadları. Təhqir, şər-böhtan, söyüş kampaniyası aparan adamlar heç vaxt cəsarətli ola bilməzlər. Çünki onlar yaxşı bilirlər ki, kimisə təhqir edirsənsə, başqa bir şəxs səni on dəfə artıq təhqir edə bilər. Belə təhqir kampaniyası aparan insanların həyatda heç bir dəyərləri olmur. O insanlar üçün müqəddəs heç nə yoxdur. Savadları ona görə yoxdur ki, onlar hər zaman anti-Azərbaycan qüvvələrə nökərçilik ediblər. Onların savadları ancaq havadarları, yəni anti-Azərbaycan qüvvələr tərəfindən verilən tapşırıqları həyata keçirməyə çatır. Tapşırıq isə ölkəmizi zəiflətmək, vətəndaşları narazı salmaq, ərazi bütövlüyümüzün təhdidindən ibarətdir. İstəyirlər ki, Azərbaycan zəif və gələcəkdə parçalanmış ölkəyə çevrilsin. Bu gün dünyanın böyük təhlükə ilə üz-üzə olduğu zamanda Azərbaycan ən vacib ölkəyə çevrilib. Bunun da kökündə məhz cənab Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş, milli-maraqlara söykənən müstəqil siyasəti, qətiyyəti dayanır. Bu gün dünyanın Azərbaycana çox böyük ehtiyacı var. Azərbaycan heç vaxt olmadığı qədər güclü dövlətə çevrilib. Azərbaycan xalqı artıq qalib xalq kimi yaşayır. Dövlətimiz ərazi bütövlüyünü təmin etmiş, sürətlə inkişaf edən, dünyanın ən sabit ölkələrindən biridir. Bu gün Azərbaycan xalqı, dünya azərbaycanlılları Azərbaycan tarixinin ən dahi sərkərdəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan xalqı yekdilliklə Prezidentimizin yürütdüyü siyasəti dəstəkləyir. Bundan sonra da hər zaman dəstəkləyəcək. Bu da anti-milli dairələri ciddi narahat edir. Onlar da daha çox canfəşanlıq edərək çalışırlar ki, ölkəmizdə aparılan köklü islahatlara kölgə salsınlar, zərbə vursunlar. Ölkə Prezidentinin həyata keçirdiyi siyasətə sədaqətlə xidmət göstərən şəxslərə qarşı aparılan şər-böhtan kampaniyası belə, insanları sədaqətli yolundan döndərə bilməz, onlar bundan sonra da sədaqətlə xidmətlərinə davam edəcəklər”.