"Özünə deputat deyən bu "xuliqan" cəzalandırılmasa ..." - Tural Abbaslı sərt danışdı
"Özünə deputat deyən bu xuliqan cəzalandırılmasa, Parlamentin nəzarət komitəsi tərəfindən deputatlığı ləğv olunmasa, küçədə istənilən adam istənilən polisi döyə biləcək və buna mənəvi haqqı olacaq”.
Bu sözləri açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
O YAP-dan da tələb edib ki, bu deputat haqda qərar qəbul olunsun: "Bu, çox biabırçı, utancverici bir hadisədir. Dövlət və dövlətçiliyə başıaşağılıq gətirən bir hadisədir. Çünki bir tərəfdə hüquq mühafizə orqanlarıdır, söhbət polisin şəxsiyyətindən getmir, onun geyindiyi formadan və təmsil etdiyi dövlətdən, qurumdan gedir. Ona qarşı hakim partiyanın sıralarından seçilən millət vəkili əl qaldırır. Əgər bir hakim partiyanın deputatı polisə əl qaldırırsa, təzyiq edirsə, öz siyasi mövqeyindən sui-istifadə edirsə, sabah adi vətəndaşlara nə edəcək? Özünə deputat deyən bu "xuliqan" cəzalandırılmasa, Parlamentin nəzarət komitəsi tərəfindən deputatlığı ləğv olunmasa, küçədə istənilən adam istənilən polisi döyə biləcək və buna mənəvi haqqı olacaq.
Necə olur ki, Yasamalda polis maşının üstünə zibil atılanda polis bütün vətəndaşları cəzalandırdır, indi bu millət vəkilidir deyə cəzalanmamalıdır? Mən ona görə YAP-dan da tələb edirəm ki, bu "xuliqan" haqda qərar qəbul olunsun. O insan Xaçmazın millət vəkili adını daşımağa layiq deyil”.
Tural Abbaslı onu da qeyd edib ki, Parlament dərhal buraxılmalı və normal seçkilər keçirilməlidir: "Biz əvvəldən deyirik ki, Parlamentin tərkibi bu tip insanlarla doludur. Yəni Parlament oliqarxlaşmış, dövlət və dövlətçilik, qanun bilməyən, özlərini qanundan yüksək tutan adamlar formalaşdırıb. Bunlardan qurtulmaq lazımdır. Bunların işi ancaq geyindikləri kostyumun, ayaqqabının qiyməti ilə maraqlanmaqdır. Bunlar nə dövlət düşünəcək. Səlimovun atası Xaçmazın meşələrini yarıya qədər qırıb. Müsahibə alırlar ki, bəs sən deputatsan, amma atan meşələri qırır, deyir dədəmdir, nə edim. Bu düşüncəli adamın Parlamentdə nə işi var? Belə adama heç kənddə on qoyun verib etibar etmək olmaz. Parlament mütləq buraxılmalıdır. Müstəqillik dönəmində olan ən biabırçı seçkilər bu seçki oldu. Hamı etiraz etdi. Nə qədər insan inanmışdı, namizədlik vermişdi. Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda ən aşağı kateqoriyanı Parlament tutur. Hətta icra hakimlərində belə aşağı kateqoriyanı tutur. Bunun nə etibarı ola bilər? Parlament dərhal buraxılmalı və normal seçkilər keçirilməlidir”.
Aydın Nuri