Qaziyə qarşı həkim özbaşınalığı: - “2900 manat pul, qaralan ayaq, cavabsız zənglər...”
Hərbi jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun "Facebook" sosial şəbəkəsində yazdıqları müzakirələrə səbəb olub. O, "Ege hospital"da həkimlərin özbaşınalığı barədə məlumat yayıb:
"Bu "EGE hospital" kimindir, arxasında kim dayanır? Arxa- dayağına deyin ki, belə olmaz! Bu xəstəxananın Ruslan adlı həkimi 1 ayağını itirmiş, 2 böyrəyi "otkaz" eləmiş 1-ci qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlunun 2900 manatını alıb. Söz veriblər ki, digər ayağındakı problemi ayağı kəsmədən həll edəcəyik. Pulu alıblar, ala yarımçıq nə iş görüblərsə, Qazinin yeganə qalan ayağında qaralma gedir. Ruslan həkim də zənglərə cavab vermir. Qaziyə deyib ki, kimə istəyirsən şikayət elə! O da bizə şikayət edib...".
"Sherg.az" saytı məsələ barədə fikirlərini öyrənmək üçün R.Kərimoğlu ilə əlaqə saxlayıb. Qazi bildirib ki, özəl klinikalarda qazilərə, şəhid ailələrinə qarşı münasibətin arzuedilən deyili:
"Cənab Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva qazilərə xüsusi diqqət göstərirlər. Sağ olsunlar. Amma nədənsə aşağı distansiyalar bizi bəyənmir, hökumətin siyasətinə zidd hərəkət edirlər. Mən bunun səbəbini başa düşmürəm. Haqq səsimizi qaldıranda da deyirlər ki, qazilər şikayət edir. Biz nə edək ki, həkim telefona cavab versin ?! Həmin adam ayağını əməliyyat elətdirmək üçün bankdan kredit götürüb. İndi onu bu hala salmaq vicdandandırmı?! Nə olsun ki, klinika özəldir, vətən, torpaq uğrunda vuruşmuşuqsa, deməli, biz də özəl insanlarıq. Qonşu Türkiyədə qazilərə münasibət belə deyil. Orada təkcə dövlət yox, özəl şirkətlər də sözügedən kateqoriyadan olan insanlara kömək edir. Amma xüsusi qeyd etməliyəm ki, dövlət başçısının son islahatlarından sonra bəzi qurumlarda qazilərə münasibət müsbət mənada dəyişib. Buna görə Prezidentə minnətdarıq”.
Daha bir təəssüfləndirici məqam ondan ibarətdir ki, həkimlər etdiyi səhvlərə görə utanmaq, üzr istəmək əvəzinə, heç nədən çəkinmədən "Hara şikayət edirsən et" deyirlər. Hardan gəlir bu dəyirmanın suyu?! Belə həkimlər kimə və nəyə arxayındırlar?!
Qazinin fikrincə, onlara qarşı ciddi tədbirlər görülməlidir:
"Belə hallar tez- tez, xüsusilə özəl xəstəxanalarda olur. Poblemi həll etmək üçün kompleks tədbirlərə ehtiyac var. Gərək məhkəmə hakimiyyəti, icra strukturları öz işlərinə obyektiv və məsuliyyətlə yanaşsın. Qazilərə hörmətsizlik edənlər ən sərt cəzaya layiqdirlər"
Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla isə deyir ki, belə halların yaşanmaması üçün icbari tibbi sığorta zəruridir:
"Əvvəla, məsələ tam aydınlaşmalı, kimin haqlı, kimin haqsız olduğu dəqiqləşməlidir. Lakin istənilən halda icbari tibbi sığorta şərtdir. Onu da deyim ki, dövlət xəstəxanaları birmənalı olaraq qazilərə xüsusi qayğı ilə yanaşırlar. Amma, ola bilsin, mövcud şəraitlə əlaqədər özəl klinikalarda vəziyyət bir az başqadır. Çünki onların maddi imkanları dövlət xəstəxanalarının imkanları qədər geniş deyil".