Həyatınızın ayrılmaz hissəsinə çevrilmiş bu qurğu sizi kar edə bilər:-DİQQƏT!
Azia.az xəbər verir ki,Qulaqcıqlar həyatımıza elə daxil olub ki, zərərlərini bilsək belə, onlardan imtina etmək mümkün deyil.
İnsanların çox olduğu yerlərdə, əsasən də, ofis şəraitində səs, musiqi dinləməyin, video izləməyin başqa yolu yoxdur.
Bəs, nəyə diqqət etməli?
Əsas odur ki, səs yüksəkliyini və dinləmə müddətini keçməyək. Buna diqqət etməsək, zamanla eşitmə qabiliyyətimizi itirə bilərik. Əsasən də, yeniyetmələr daha diqqətli olmalıdırlar. Həkimlər bildirir ki, insan bu yaşda yüksək səslə musiqi dinləməyi daha çox sevir, bu isə çox böyük risk yaradır. Ən birinci dinlədiyiniz səsin gücünü, yəni hansı desibeldə olduğunu müəyyənləşdirməlisiniz. Eşitmə qabiliyyətini itirməmək üçün aşağıdakılara diqqət edin:
– 85 desibel şiddətindəki səslərə 8 saatdan artıq qulaq asmaq olmaz
– səsin yüksəkliyi 88 desibeldirsə, müddət 4 saata endirilməlidir
– 91 desibel üçün isə 2 saat nəzərdə tutulur
– 100 desibel yüksəkliyindəki səslərə 15 dəqiqədən artıq qulaq asmaq olmaz
Səsin yüksəkliyini qulaqcıqlardan və ya dinləmə cihazınızdan tənzimləyə bilərsiniz.
Qeyd edək ki, üzərimizdə daşıya bildiyimiz cihazlarda maksimum səs səviyyəsi 120 desibel nəzərdə tutulur.
1 saat ərzində qulaqcıqla yüksək səsli musiqi dinləyən uşaqlar arasında araşdırmalar aparılıb. Müayinələrdən sonra onların artıq müvəqqəti də olsa, eşitmə qabiliyyətlərinin 5-10 desibel itirildiyi bəlli olub.
Yüksək səsin yaratdığı tibbi bəlalar (akustik ziyanlar) bunlardır:
– daxili qulaqda – "ilbiz"də eşitmə sinirləri zədələnir
– fərqində olunmayan bəzi sistemik xəstəliklər mövcuddursa, daxili qulağı karlaşmağa daha uyğun hala gətirir
– qulaqda cingiltilər, uğultu və eşitmə qabiliyyətinin azalması baş verir
– eşitmə qabiliyyəti birdəfəlik itə bilir
Qulaqcıqlarla bağlı sosial problemlər də yaranır. Məsələn, yüksək səslə musiqi dinləyən insan ona yaxınlaşan avtomobilin səs siqnalını eşitmir, hər hansı təhlükəni hiss etmir, bu da qəzalara gətirib çıxarır.
Həkimlərin bildirdiyinə görə, blutuz vasitəsilə istifadə olunan qulaqcıqlar daha zərərlidir.
Unutmaq olmaz ki, yüksək səsin yaratdığı ziyanlar çox sakit formada irəliləyib insanı karlığa doğru aparır. Bəzən qulaqda cingiltilər, uğultu müvəqqəti və əhəmiyyətsiz görünə bilər. Həkimlər isə deyir ki, bu, artıq bəzi bəlaların siqnalıdır. Vaxtında müayinə olmasanız, sonradan müalicə üçün çox gec olar.
Aybəniz Abdulova