İlahiyyatçılar məşhur ifadələrin izahını verdi
Son zamanlar gündəlik həyatda hər hansı bir işi görərkən istifadə edilən “nənəmin cəddi”, “babamın cəddi” kimi ifadələr yenidən müzakirə mövzusuna çevrilib. Bu mövzuya isə ilahiyyatçıların münasibəti birmənalı deyil. Bəziləri bunun dinlə əlaqəsinin olmadığını, adi ifadə hesab etsə də, bir qisim dini baxımdan fərqli yanaşma sərgiləyir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Miri deyib ki, ərəb dilində babaya “cədd”, nənəyə “cəddə” və ya “ciddə” deyirlər və bu ifadə oradan irəli gəlir.
E.Miri qeyd edib ki, kimsənin cəddi və s. demək isə heç bir dini əsası olmayan, dini tərəfi olmayan, Qurana əsaslanmayan ifadələrdir: “Kimsə bunu deyib həvəslənib gəlirsə, onu fikirləşə bilər, hansısa söz ona təsir edə bilər. Yoxsa bunun dini tərəfi yoxdur. Əsas məsələ, bir şey olacaqsa belə, əsas Allahın adını çəkmək, bütün etdiyin işləri Allahlı, Allahın buyurduğu formada həyata keçirtməkdir”.
Fazil Əhməd isə bildirib ki, cədd sözünün mənasını bilmək lazımdır.
Onun sözlərinə görə, bir çoxları “Filankəsin cəddi var” ifadəsini ruh mənasında və ya qeyri-adi anlamda başa düşürlər: ““Cədd” sözünün mənası baba, əcdad deməkdir. Müxtəlif laborator testlərlə, müayinələrlə insanların hansı nəsildən olması, genetikası müəyyən edilə bilir. Bu sözün mənası da mənim babamın və ya əcdadımın peyğəmbərin nəslindən olması deməkdir. Bu sözün Azərbaycan leksikonuna düşməsinin səbəbi Azərbaycanda çoxsaylı seyid ailələrinin olmasıdır. Seyid ailələrinin də əcdadı imamlara, peyğəmbərlərə gedib çıxır. Bu ifadənin çox yayılmasının səbəblərindən biri budur ki, seyid ailələri bildirmək istəyirlər ki, yəni cəddimiz peyğəmbərə gedib çıxır. Bir şəxs müəyyən işə başlayanda cəddinin adını çəkərkən sanki onlardan yardım istəyir. Məsələn, hansısa çətinliyi həll etmək istədikdə “Ya Allah”, “Ya Məhəmməd”, “Ya Əli” sözlərindən yardım mənasında istifadə edilir, bu, birbaşa Allahın yardımıdır. Həmçinin imamların, peyğəmbərlərin yardımı var ki, vasitəli yardım hesab edilir. Bu, Allahın yardımını sual altına qoymur. Əksinə “Qurani-Kərimin” bu barədə ayəsi var: “Ey iman gətirənlər, Allahdan vasitələrlə istəyin”. Vasitələrlə istəmək dedikdə nəzərdə tutulur ki, çətin vaxtlarda vasitədən istifadə etsəniz daha tez çatarsınız. Sanki peyğəmbərə deyirik ki, “Ey peyğəmbər Allahdan istə ki, mənə yardım etsin”. Çağırışın əsas məqsədi, mənası budur. Bir nəfər cəddini çağırırsa, mənası budur”.
Şəhanə Quliyeva