BAZARLARDA GÖRÜN HANSI NÖV KARTOF SATILIR-XƏBƏRDARLIQ
Texniki sort kartofun nədən ibarət olduğundan xəbəriniz varmı?
Texniki sort kartofların insan orqanizminə hansı zərərləri var?
Bu sualla kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrmova müraciət olunub. Mütəxəssisin sözlərinə görə, hazırda xarici ölkələrdən gətirilən kartofların əksəriyyəti elə bu sortdandır. Yəni qida üçün deyil. Texniki sort kartoflardan emal müəssisələrində spirt, kraxmal istehsal edilir və kartofdan alınan maddədən plastmas istehsalında komponent kimi istifadə olunur. Belə kartoflar xarici görünüşünə görə də fərqlənir, dadı yoxdur. Onlardan qida kimi istifadə etmək olmaz".
V.Məhərrəmov insan orqanizminə ciddi zərər verən bu cür kartofların ölkəyə idxalına dövlət səviyyəsində təcili qadağa qoyulmasını vacib sayır. Əhalini ayıq-sayıq olmağa çağıran mütəxəssis texniki sorta xas olan kartofları belə əlamətləndirdi: “Belə kartofların gözcüyü dərində yerləşir, səthi hamar yox, kələ-kötür, bəzi hallarda rəngi göyərmiş olur. Ərzaq üçün nəzərdə tutulan kartofun soyulması asan olsun deyə səthi hamar olmalıdır, soyulan vaxt itkiyə çox getməməlidir. Ərzaq kartofunun üst hissəsində olan gözcüklərin sayı çox olsa da, üstə yerləşir. Texniki sort kartoflar zərərvericilərin təsirindən qorumaq üçün torpaqdan çıxarılandan sonra bir müddət Günəşin altında saxlanılır. Bu zaman yumrularda insan orqanizmi üçün zərərli olan solanin maddəsi yaranır ki, bu da zəhərlənməyə və daha ciddi fəsadlara səbəb ola bilər. Əgər kartofun rəngi az da olsa göyəribsə, həmin kartofdan qida kimi istifadə etmək təhlükəlidir. Həmçinin texniki sort kartofların məhsuldarlığını artırmaq məqsədilə istehsal zamanı kimyəvi maddələrdən, pesdisidlərdən daha çox istifadə olunur ki, bu da insan orqanizmi üçün çox ciddi fəsadlar yarada bilər. İdxal olunan ərzaq malları və kənd təsərrüfatı məhsulları laborator analizdən keçirilməli, Kənd Təsərrüfatı Nazirliyi nəzdində fəaliyyət göstərən qurumlar, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi, rayonların sanitar-epidemiologiya mərkəzləri vəzifə borclarını yerinə yetirməlidirlər. Əgər laborator yoxlama zamanı kartofda nişastanın miqdarı 16-18 faizdən yüksək olduğu ortaya çıxarsa, heç şübhə yox ki, bu texniki sort kartoflardır”.
Həmsöhbətimiz bu cür kartoflara maliyyə vəsaitinin xərclənməsini itki sayır: “Bu kartofların maya dəyəri kifayət qədər aşağıdır. Gömrükdə 15 qəpiyə dəyərləndirilir. Yəni daxili bazarda uzaqbaşı 30 qəpiyə satılmalı olduğu halda 60-70 qəpiyə satılır. Topdansatış qiyməti isə 50 qəpikdir. Nəticədə alıcının həm canına ziyan olur, həm cibinə”.
Mütəxəssis onu da qeyd etdi ki, Azərbaycanda, xüsusən Gədəbəy, Tovuz, Şəmkirin dağ kəndlərində ən keyfiyyətli və məhsuldar kartof istehsalı mümkündür: “Bunun üçün sadəcə, kəndliyə dəstək verilməsi vacibdir. Təəssüf ki, indi bu sortu tapmaq çətinləşib. Hazırda Gədəbəydə istehsal olunan ləzzətli və keyfiyyətli ”telman" sortu var ki, bu kartofların məhsuldarlığını artırmağa ciddi ehtiyac yaranıb. Bu həm kənd təsərrüfatındakı sahibkarlarımızın sosial durumunu yaxşılaşdırar, həm də əhali üçün ekoloji təmiz, faydalı, dadlı kartof istehsal edilər. Azərbaycanda kartofa illik norma adambaşına 124 kiloqramdır. Amma biz 180 kiloqram istehsal edə bilərik ki, bununla həm də xaricə kartof satmaqla gəlir əldə edə bilərik. Torpaq münbitləşdirilsə, suya, gübrəyə, texnikaya olan təminat ödənilsə, ilkin mərhələdə kəndliyə maliyyə dəstəyi verilsə, fermerlər yaxşı toxum əldə edərlər, yüksək məhsuldarlıq əldə olunar. Məhsulların soyuq, şaxta, don vurmaması, xarab olmaması və yaxşı saxlanması üçün də şərait yaradılmalıdır".
Mütəxəssis sonda onu da vurğuladı ki, tək kartof deyil, taxılçılıq, meyvə və digər kənd təsərrüfatı sahələrini də inkişaf etdirməklə ölkə iqtisadiyyatında irəliləyiş əldə etmək tam mümkündür. Sadəcə, bunun üçün dövlət kənd təsərrüfatına diqqətini artırmalıdır.