BŞİH Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlunun avtomobil kolleksiyası – FOTOLAR
Bir neçə ay öncə sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədovun oğlu Elgiz Əhmədliyə məxsus avtomobil kolleksiyasının fotoları yayılıb. Yəni, avtomobil kolleksiyasının fotoları yayılan Elgiz Əhmədlinin atası Miqrasiya Xidmətinin yox, BŞİH-nin yüksək vəzifəli şəxsidir.
Fotolardan da göründüyü kimi, məmur oğlu E.Əhmədli “10-EX-002” dövlət nişanlı bir neçə avtomobil idarə edir. Eyni zamanda, “99-TZ-555” dövlət nişanlı avtomobillər də onundur. Avtomobillərin markaları isə bunlardır: “Mercedes CLS-Class”, “BMW X5M Black”, “Toyota Land Cruiser”, “Porsche Panamera 4S”.
Ümumi dəyəri milyonlarla vəsait edən bu maşın kolleksiyasının sahibi olan gənc oğlanın atası hansı maaşla bu cür təm-təraqlı şərait qura bilib? Bunu araşdırmaq isə hüquq-mühafizə orqanlarının vəzifəsidir.
Bundan başqa, mediada zaman-zaman Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov sahibkarlarlara qarşı adət etdiyi üslubdan əl çəkədiyi haqda məlumatlar yayılıb.
Həmin məlumatlarda qeyd edilib ki, departament işçiləri yenidən kiçik sahibkarlıq subyektlərinə əsl “hücuma” keçiblər. Bizdə olan məlumata görə, kiçik sahibkarlar departamentin bu qanunsuz əməllərindən ölkə başçısına müraciət hazırlayırlar.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamentinin adı uzun illərdir ki, sahibkarlara mane törədən əsas qurumlardan biridir.
2018-ci ilin oktyabr ayından bu qurumun rəhbərliyinə gətirilən İntiqam Məmmədovun gəlişindən sonra isə bu qurumda sahibkarlardan əsassız haqq almalar daha da artıb, sahibkarların incidilməsi hadisəsi adi hala çevrilib.
Mediada yayılan məlumatlarda sahibkarlar qeyd edib ki, vaxtilə Miqrasiya xidmətində çalışan polkovnik İntiqam Məmmədovun özü həm də biznesmen olsa da, vəzifə səlahiyyətlərini sadəcə olaraq öz biznesini genişləndirmək və sahibkarlardan əsassız gəlir tələb etmək üzərində qurub.
Qeyd edək ki, İntiqam Məmmədov Bakı şəhər Regional Miqrasiya İdarəsinin rəisi olduğu vaxtdan Miqrasiya idarəsinin rəisi Firudin Nəbiyevin biznesini (onlar həm də kirvədir) idarə edib və onun şəriki olub. Onların əsas biznesi isə Binəqədi rayonunda üçmərtəbəli «Ata» supermarketi, «Elay» şadlıq evi (Bayılda), «Ata» market (Montində), Novxanıda restoran və Nabranda «Orxan» İstirahət Mərkəzi, «Fashion Club» gözəllik salonu və Otel (Teymur Əliyev küçəsində), Xudatda fermer təsərrüfatı (500 ha) və çoxsaylı kafelər, dayanacaqlar, yeni tikilən binalar (Masazırda) və yanacaqdoldurma məntəqəsinə sahib olduğu da bir çox mediada yayılıb.
İnternet resurslarından istifadə edərək araşdırmaları zamanı bəlli oldu ki, İntiqam Məmmədov 2018-ci ilin iyun ayında Bakı Regional Dövlət Miqrasiya Xidməti idarəsinin rəisi İntiqam Məmmədov tutduğu vəzifədən azad olunub.
Göründüyü kimi, İntiqam Məmmədov üç ildir ki, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktorudur. Amma bu üç il ərzində o rəhbərlik etdiyi qurumda islahatlar aparmaq əvəzinə, görünür dövlət qurumundan öz şəxsi biznesi kimi idarə etməyə və sahibkarları incitməyə davam edir. /Milletinsesi.info/
P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.