azia.az
azia.az

“Onlar ölkəmizi Suriyanın vəziyyətində görmək istəyərdilər“

14-09-2016, 10:05

“Onlar ölkəmizi Suriyanın vəziyyətində görmək istəyərdilər“
"Cəmiyyət Milli Şuranın son mitinqinə soyuq münasibət bəsləməklə onları yox, bugünkü prezidentin siyasətini dəstəklədiyini mesaj vermiş oldu"

azia.az milli.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Milli Şuranın sentyabrın 11-də Bakıda "Məhsul" stadionunda keçirilən mitinqi ilə bağlı bildirib.



Hakimi partiyanın təmsilçisi vurğulayıb ki, müxalifətin radikal qanadının mitinqləri xarici qüvvələr tərəfindən idarə olunur: "Onlar bir qayda olaraq ancaq ölkə əhəmiyyətli, böyük tədbirlər ərəfəsində kütləvi aksiyalar keçirir. Digər vaxtlarda onların bütün fəaliyyəti yalnız saytlarda və sosial şəbəkələrdə olur. Yəni onlar cəmiyyətin deyil, bir qrup insanın maraqlarına uyğun fəaliyyət göstərir. Onun Konstitusiyaya dəyişikliklərlə bağlı keçirdiyi və keçirmək istədiyi mitinqlərin də bir sifariş olduğu hiss edilir. Çünki bir qayda olaraq bu cür mitinqlər onların bağlı xarici fondların verdiyi qrantlar hesabına həyata keçirilir və bu hesabatı hər hansı formada vermək lazımdır".



Millət vəkilinin fikrincə, bu mitinq özünün qeyri-ciddiliyi ilə diqqəti cəlb etdi: "Keçirilmiş mitinq özünün hazırlıqsız olması, mövzudan kənara çıxması, ən əsası isə çox az sayda insanın iştirak etməsi ilə səciyyələnir. Bir neçə yüz insanın gəldiyi və hər şeydən danışdıqları halda heç bir ciddi təklif vermədikləri də diqqəti cəlb edir. Ümumiyyətlə, müxalifətin cəmiyyətin problemləri ilə bağlı heç zaman konkret fəaliyyət proqramı olmayıb. Ümumən götürdükdə onlar cəmiyyətdən dəstək almadıqlarının kifayət qədər fərqindədirlər.



Hətta Milli Şuranın rəhbəri Cəmil Həsənlinin son mitinqdə iştirak etməməsi onların özlərinin də bu tədbirə qeyri-ciddi yanaşdıqlarını göstərir. Bir neçə yüz insanı bayraqları ətrafına toplamaqla 10 milyonluq ölkənin, cəmiyyətin adından danışmaq əlbəttə ki, məntiqə sığımır. Azərbaycan demokratik ölkədir və bir neçə yüz, hətta bir neçə on min nəfərin fərqli düşünməsi tamamilə mümkün olan bir məsələdir. Azərbaycanda heç kim fərqli düşündüyünə görə təqib edilmir və edilməyəcək. Əhalinin əksəriyyəti qarşıdan gələn referenduma çıxarılacaq Konstitusiya dəyişikliklərini dəstəkləyir və bu dəyişikliklərin onların həyatına müsbət təsir edəcəklərinin fərqindədir. Cəmiyyət bu gün prezident İlham Əliyevin siyasi kursunun tərəfdarıdır və hər dəfə onun siyasətini dəstəkləyəcəyini bildirir".



A.Mirzəzadənin qənaətincə, cəmiyyət xaricdən maliyyələşən və Azərbaycanı geri sürükləmək istəyən qüvvələrin ardınca heç zaman getməyəcək: "Bu cür tədbirlərə hazırlığın özü müəyyən maliyyə vəsaiti tələb edir. Müxalifət liderləri bir qayda olaraq gəlirlərinin olmadığını bildirirlər. Amma bununla belə, kifayət qədər yaxşı yaşayırlar, xarici ölkələrə səfərlər edirlər, qəzet buraxırlar, özlərinin partiya aparatı fəaliyyət göstərir və s.



Digər tərəfdən, bir qayda olaraq, onların mitinqləri xarici ölkələrdə Azərbaycan əleyhinə hansısa bir aksiya, yaxud da qəzetlərdə Azərbaycan reallığını təhrif edən məqalələrin çıxması ilə eyni vaxta düşür. Onları maliyyələşdirən fondların arxasında duranlar bir qayda olaraq gizli qalır. Amma dərindən araşdırdıqda görmək olar ki, bunlar antiAzərbaycan mərkəzləridir, hansının ki, Azərbaycanın müstəqil siyasət yeritməsi həmin fondun əsas sahiblərinin marağında deyil. Onlar Azərbaycanın təbii sərvətlərinə sahib olmaq istəyərdilər, ölkəmizi Suriyanın, Liviyanın vəziyyətində görmək istəyərdilər. Yaxud da onların arxasında erməni diaspor təşkilatları durur ki, bununla da Azərbaycanı ötən əsrin 90-cı illərindəki qarmaqarışıqlığa qaytarmağa cəhd edirlər. Təsadüfi deyil ki, indiki müxalifət rəhbərləri 90-cı illərin əvvəlllərində hakimiyyətdə vəzifə tutmuş insanlardır. Görünür, onlar fikirləşir ki, cəmiyyətin yaddaşı qısadır və vaxtilə Azərbaycanı hansı kökə saldıqlarını yaddan çıxarıblar. Amma Azərbaycan xalqı heç zaman qaragüruhçuların, xaricdən idarə olunan, erməni diaspor təşkilatları ilə işləyənlərin yenidən hakimiyyətə gəlməsinə heç vaxt razı ola bilməz".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi