azia.az
azia.az

Prezident: “Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox bahalı başa gəldi”

10-05-2016, 04:43

Prezident: “Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox bahalı başa gəldi” “Təəssüf ki, 1990-cı illərin əvvəlində Azərbaycanda siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi, vətəndaş müharibəsi başlamışdı, Ermənistanın işğalı genişlənirdi”.

APA-nın məlumatına görə, bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, Şuşa, Laçın və Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağda bölgəsi ilə Ermənistan arasında coğrafi əlaqə yaranıb: “Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Xalq ümidlərini ancaq Heydər Əliyevə bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi, öz xalqına rəhbərlik etməyə razılıq vermişdi. 1993-cü ildən başlayaraq Azərbaycanda bütün sahələrdə dönüş başlanmışdı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi, Azərbaycanda qayda-qanun yaradıldı və Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Ondan sonra 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olub. Azərbaycanda siyasi sistem formalaşdı, Konstitusiya qəbul edildi, “Əsrin müqaviləsi” imzalandı. Daha sonra “Şahdəniz” qaz yatağının işlənməsi üzrə müqavilə imzalandı. Demokratik islahatlar aparılmağa başlandı. Məhz o illərdə milli ideologiyamız – Azərbaycançılıq məfkurəsi formalaşdı. Bu gün də bu ideologiya bütün Azərbaycan xalqını birləşdirir”.
Prezident İlham Əliyev bildirib ki, həmin illərdə Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlayıb: “Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünyada özünü multukultural cəmiyət kimi təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur. O illərdə dövlət quruculuğu prosesi uğurla aparıldı, dövlətin əsası qoyuldu. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşmədi. Heydər Əliyev heç vaxt imkan verməzdi ki, Dağlıq Qarabağda separatçılar baş qaldırsın, xalqımıza qarşı bu qanlı cinayət törədilsin. Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox bahalı başa gəldi. O hadisələri yada salaraq bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi