azia.az
azia.az

600-dən çox dərmanın qiyməti təsdiqləndi

4-02-2016, 18:03

600-dən çox dərmanın qiyməti təsdiqləndi Yeni qiymətlər bu ilin 25 fevral tarixindən qüvvəyə minəcək

Tarif Şurası daha 600-dən çox dərmanın qiymətini təsdiqləyib. Bu gün şuranın növbəti iclası keçirilib.
Ümumilikdə, indiyədək şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilib ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1940 dərman vasitəsinin yeni qiymətləri bu ilin 25 fevral tarixindən qüvvəyə minəcək.
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60%-nin qiymətləri endirilib. Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
Şuranın iclasında həmçinin, yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və fevralın 22-si sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.
Dərman vasitələrinin tam siyahısı ilə buradan tanış ola bilərsiniz. Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dərmanların qiymətləri əsas müzakirə mövzusu olub.
"Hətta reseptlə satılmayan vitaminlərə də resept yazırlar. Bu, böyük bir biznes şəbəkəsidir. Bu biznes kimin hesabınadır? Adi insanın hesabına. Adi insan da məcbur olub gedir ona verilən reseptlə dərman alır. Heç bilmir nə alır. Sonra dərmanın ona kömək edib-etməməsi ilə əfsuslar olsun ki, heç kim maraqlanmır. Digər tərəfdən, dərmanlar var ki, müxtəlif ölkələrdə istehsal olunur. İnkişaf etmiş ölkələrdə onların qiyməti bahadır. O qədər də inkişaf etməmiş ölkələrdə o qiymət aşağıdır. Gedirlər ən ucuzunu, ən aşağı keyfiyyətlisini alırlar, gətirirlər, ən baha qiymətə satırlar. Bu pozuntulara son qoyulmalıdır", deyə dövlət başçısı İlham Əliyev demişdi.
Bundan sonra bir neçə dəfə Tarif Şurası dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərar verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi