azia.az
azia.az

Məcburi köçkünlər BŞİH-ə müraciət etdi - aksiya keçirmək üçün

17-10-2017, 09:30

Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsinin bu gün keçirilən iclasında Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirmək haqda qərar qəbul olunub.
Pravdainfo.org-un xəbərinə görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib.

Müraciətdə göstərilir: “Biz, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa uyğun olaraq, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 1994-cü il, 181 nömrəli qərarının II bəndinin icrasının qeyri-qanuni dayandırılması ilə müvafiq təhsil, səhiyyə və mədəniyyət işçilərinin hüquqlarının pozulması, onlara “dondurulmuş iş yerləri üzrə orta aylıq əmək haqları”nın ödənilməsinin qanunsuz olaraq dayandırılmasına etiraz olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin binası qarşısında piket keçirmək haqda qərar qəbul etmişik.

Piketin 2017-ci il noyabrın 1-də, saat 12:00-dan – 13:00-dək 50 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Piket iştirakçıları müvafiq məcburi köçkün müəllimlərin və büdcədən maliyyələşmiş digərlərinin hüquqlarının bərpa olunması, orta aylıq dondurulmuş əmək haqlarının ödənilməsinin bərpa olunması və yaxud onların ixtisaslarına uyğun işlə təmin olunması tələbləri ilə çıxış edəcək, buna uyğun şüarlar səsləndirəcək, plakatlar qaldıracaqlar.

Xahiş edirik ki, piketin keçirilməsi üçün qanunvericiliyə uyğun şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz”.

Komitənin iclasında bir sıra digər qərarlar da qəbul olunub, o cümlədən Ədliyyə Nazirliyinin Qanunvericilik Baş idarəsinə sorğu göndərilib. Sənəddə büdcədən maliyyələşən məcburi köçkün müəllimlərə və onlarla bərabər tutulan digər köçkünlərə dondurulmuş əmək haqqının ödənilməsinin dayandırılması ilə bağlı məsələyə aydınlıq gətirilməsi, qanuna nə dərəcədə uyğun olub-olmamasına şərh verilməsi xahiş olunur.

İclasda həmçinin qeyd olunub ki, köçkün rayonların icra başçıları, onların nümayəndələri müəllimlərə qarşı müxtəlif təzyiq və təhdid formalarından istifadə edir, onları öz haqlı mövqelərini, haqlarını tələb etməkdən çəkindirməyə çalışırlar. İcra strukturlarının bu hərəkətləri pislənilib və onlara müraciətlər göndərilib. Müraciətdə göstərilir: “Bugünkü problemin hələ də qalmasının günahkarlarından biri müvafiq nazirliklər, ikincisi verilmiş qərarın icrasının necə yerinə yetirilməsini nəzarətdə saxlamayan və hesabat tələb etməyən NK-dirsə, üçüncüsü də sizsiniz! Sual olunur: məcburi köçkün rayonunun İH başçısını həmin rayonun köçkün əhalisinin rifah halı və ya sosial təminatı maraqlandırmırsa və ya bu işlə məşğul deyilsə, bəs nə işlə məşğuldur? Belə bir strukturun və onun rəhbərlərinin, həmçinin ona tabe aşağı strukturların saxlanması xalqın vəsaiti ilə formalaşan dövlət büdcəsinə əlavə yük deyilmi?

Hesab edirik ki, qanunveriçiliyin tələblərinə görə İH-nin başçısı vəzifəsi də xidməti vəzifədir və xalqa xidmət üçün təsis edilib, yəni xalqın ağası olmaq demək deyildir, həmçinin qanundankənar korporativ maraqların təminatı üçün nəzərdə tutulmayıb... Vaxt olacaq ki, vəzifədə olmayacaqsınız və xalqın xeyir-şər işlərində onlarla bir yerdə olmağa məcbur qalacaqsınız. Nəzərə alın ki, o zaman sizlər ədalətdən, xeyirxahlıqdan, el-obalıqdan, qonşuluqdan və bu kimi digər keyfiyyət məsələlərindən danışa bilməyəcək, xalqın gözünə dik baxa bilməyəcəksiniz. Danışmaq istəsəniz belə, mütləq və mütləq “sənin o barədə danışmağa haqqın yoxdur”, “sən o zaman filan ədalətsizlikləri etmisən” deyən kimsə tapılacaq. Bax o zaman bu, sizlərə dərs olacaq: bunu unutmayın...

Təklif edirik ki, tək özünüzün, döğmalarınızın yox, bir tikəyə möhtac olan məcburi köçkünlərin də – o məcburi köçkünlərin ki, taleyi sizə tapşırılıb və Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının II bəndinə əsasən dondurulmuş iş yeri üzrə almalı olduğu kompensasiyadan başqa heç bir gəlir yeri yoxdur. Özünüzü bir anlıq onların yerində təsəvvür edin. Təsəvvür edin ki, 2 kq kartof, 2 kq soğan, 2 çörək alıb ailənizə aparmağa imkanınız yoxdur. Ailənizin yanında özünüzü necə hiss edəcəyinizi təsəvvür edin və imkan daxilində bu qəbildən olan məcburi köçkünləri işlə təmin edin. İşlə təmin edə bilmədiyiniz halda isə, onların qanuni hüquqlarını müdafiə etməsinə maneə yaratmayın, yuxarı dövlət orqanlarına onların mövcud durumu barədə doğru məlumat çatdırın. “Yuxarıların tapşırıqları”nı yerinə yetirərkən də ədalət hissini itirməyin, vicdan deyilən nəsnəni də lazımsız bir şey kimi kənara atmayın. Vəzifənizin qorxusundan bu insanların bədbəxt durumda qalmasına yardımçı olmayın ki, təsbeh oynadan vaxtlarınızda sizə salam verənlər tapılsın...”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi