azia.az
azia.az

Məşğulluq strategiyası: işsizlər və qeyri-rəsmi işçilərin xilas yolu

17-11-2018, 09:28

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər» qəzetinə müsahibəsində «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda işsizlik səviyyəsinin minimuma endirilməsi, əmək bazarının sağlamlaşdırılması üçün strateji hədəfləri barədə danışıb.
Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək

Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması dövlətin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası»nda işsizlik səviyyəsinin minimuma endirilməsi, əmək bazarının sağlamlaşdırılması üçün strateji hədəflər müəyyənləşdirilib. Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə üç ay müddətində 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini hazırlayıb Prezidentə təqdim etməlidir. Nazirliyin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov «Vergilər» qəzetinə müsahibəsində strategiyanın məqsəd və məramlarından, strateji hədəflərindən və bu hədəflərə çatmağın yollarından danışıb:
- 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası 2006-2015-ci illəri əhatə edən eyni məqsədli tədbirlərin davamıdır. 2017-ci ildə əmək münasibətlərinin tənzimlənməsi, xüsusilə də qeyri-rəsmi məşğulluğun aradan qalıdırılması ilə bağlı Nazirlər Kabinetinin nəzdində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi həmin komissiyada bu işlə birbaşa məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ilə yanaşı, iqtisadiyyat naziri, vergilər naziri, sahibkarlıqla əlaqəli dövlət və ictimai təşkilatların rəhbərləri də təmsil olunur. Bundan başqa, artıq Azərbaycanda «İşsizlikdən sığorta haqqında», eləcə də «Məşğulluq haqqında» ayrıca qanunlar qəbul edilib. Həmin qanunlarda əmək bazarı və məşğulluqla bağlı yeni anlayışlar təsdiq olunub ki, bunlar 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası qarşısında yeni hədəflər qoyur və bu hədəflərə çatmaq daha çevik və müasir yanaşmalar tələb edir. İndiyədək görülmüş işlər təhlil olunaraq, mövcud durum araşdırılıb və bunun əsasında yeni Məşğulluq Strategiyasının əsas hədəf və məqsədləri müəyyən edilib. Burada xüsusi önəm daşıyan hədəflərdən biri layiqli əməyin dəstəklənməsidir. Yəni məşğulluq siyasəti ekstensiv mərhələdən intensiv mərhələyə keçidi təmin etməlidir: bu da kəmiyyətdən daha çox keyfiyyətə üstünlük verilməsi deməkdir. Strategiyanın əsas məqsədi insanları daha çox layiqli əməklə təmin etmək, onların iş şəraitini yaxşılaşdırmaq və əməyinin səviyyəsinə uyğun əməkhaqqı ilə təminatına imkan yaratmaqdır.

- Kənd təsərrüfatında çalışanların əksəriyyəti qeydiyyatdan kənar fəaliyyət göstərir...
- Hazırda Azərbaycanda məşğul əhalinin böyük hissəsi kənd təsərrüfatı sektorunda sərbəst məşğul əhali kimi fəaliyyət göstərir. Ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur. Məşğulluq Strategiyasında qarşıya bu göstəricini 80 faizə qədər yüksəltmək məqsədi qoyulub. Bundan əlavə, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı ayrıca qanun qəbul olunub. Strateji yol xəritələrində və «Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi önəm verilir. Həmçinin əmək bazarının tənzimlənməsi ilə bağlı bir sıra yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi diqqət mərkəzindədir. «Məşğulluq haqqında» Qanunda vahid vakansiya bankının yaradılması nəzərdə tutulur. Bu, o deməkdir ki, əmək bazarında tələb və təklifin tənzimlənməsi bu mexanizm vasitəsilə həyata keçiriləcək. Kənd təsərrüfatında məşğul əhalinin qeydiyyat məsələsi xüsusi önəm daşıyır. Bütövlükdə ölkənin əmək bazarında aparılan monitorinqlər sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Söhbət həm də yeni monitorinqlər sisteminin yaradılmasından gedir ki, ayrı-ayrı regionların inkişaf meyillərini, hansı əmək resurslarının mövcud olduğunu və onları daha çox hansı sahələrə yönəltməyin zəruriliyini müəyyənləşdirmək mümkün olsun. Elə əmək resursları var ki, onu daha fəal və gəlirli sahələrə yönəltmək lazımdır. Məşğulluq Strategiyasında bu tip məsələlərə ciddi önəm verilib.

- Bəs qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində hansı yeniliklər gözlənilir?
- Qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Xüsusən də işəgötürənlərlə qeyri-rəsmi qaydada çalışan işçilər arasında daha çox sosial dialoqun qurulması, onların qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidini təmin etmək üçün motivasiyanın yaradılması planlaşdırılır. Rəsmi məşğulluğun həm işçilər, həm də işəgötürənlər üçün daha cəlbedici olması vergi sistemi və digər iqtisadi mexanizmlər vasitəsilə tənzimlənəcək ki, bu da müəyyən dövrdən sonra öz bəhrəsini verməlidir. Bu hədəfə nail olmaq üçün ən çox əmək bazarının monitorinqi və proqnozlaşdırma sisteminin inkişaf etdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Ölkə Prezidenti artıq abservatoriyanın yaradılması, yəni əmək bazarının öyrənilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb. Əmək resurslarının öyrənilməsi həmin abservatoriya vasitəsilə həyata keçiriləcək, ümumi koordinasiya olunacaq. Monitorinq-pronozlaşdırma sistemi vasitəsilə respublikada əmək resursları, gələcək tələbatla bağlı məlumatlar emal olunaraq müvafiq qurumlara təqdim ediləcək. Bu sırada əsas hədəflərdən biri 2030-cu ilədək ümumi iqtisadiyyatda çalışanların sayının 80 faizə çatdırılmasıdır. Bu müddət ərzində ümumi işsizlik səviyyəsi 4 faizə enməlidir. Hazırda qadınlar və gənclər arasında işsizlik səviyyəsi yüksək olduğu üçün bu məsələyə daha çox önəm veriləcək.

- Qadınlar və gənclər arasında işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbləri nədən ibarətdir?
- Əmək bazarında gənclərlə və məzunlarla bağlı xeyli problemlər var, onların işlə təmin olunmasında ciddi maneələr yaranır. Buna səbəb isə daha çox onların təcrübəsizliyi göstərilir. Bununla bağlı təhsillə əmək bazarı arasında müəyyən bir mexanizmin yaradılmasına və tələbatın daha yaxşı öyrənilməsinə ehtiyac var. Elə bir mexanizm tətbiq etməliyik ki, gələcəkdə gənclərin və məzunların daha rahat şəkildə əmək bazarına inteqrasiya olunmasını təmin edə bilək. Əhali qrupları, o cümlədən gənclər, qadınlar və əlillərin səmərəli məşğulluğunun təmin edilməsi, layiqli əmək sisteminin qurulması Məşğulluq Strategiyasının ən mühüm hədəflərindəndir. Minimum əməkhaqqının və orta kateqoriyalı işçilərin məvaciblərinin artırılması da bu işdə önəmli rol oynayacaq. Hesab edirik ki, bu mexanizm işçilərin rifah halının yaxşılaşdırılmasına təsir göstərəcək. 2020-ci ilə qədər aktiv əmək bazarı proqramlarının əhatə dairəsi genişləndiriləcək. Buraya peşə hazırlığı, peşəyönümlü tədbirlər, ödənişli ictimai işlər, özüməşğulluq proqramları, əmək yarmarkaları, «Karyerada ilk addım» kimi aktiv məşğulluq tədbirləri daxildir ki, bunların vasitəsilə insanların işlə təminatına daha geniş şərait yaranacaq.

- İşsiz kimi məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vətəndaşlarla bağlı hansı yeniliklər gözlənilir?
- Məşğulluq Strategiyasının hədəflərindən biri də xidmət orqanları vasitəsilə işə düzələn işçilərin sayını əhəmiyyətli dərəcədə artırmaqdır. 2017-ci ilin və bu ilin 9 ayının göstəricilərinə əsasən, məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşların 40 faizinin işlə təmin olunmasına kömək göstərilir. 2030-cu ilə qədər bu göstəricinin 70 faizə çatdırılması nəzərdə tutulur. Bu da, əsasən, məşğulluq xidməti orqanları tərəfindən həyata keçirilməli olan tədbirlər sırasındadır. Bizə müraciət edən işsiz vətəndaşların peşə hazırlığı kursları vasitəsilə işə cəlb olunması faizi yüksəldiləcək. Hazırda bu faiz çox aşağıdır: müraciət edənlərin təxminən 3 faizi peşə hazırlığı kurslarına cəlb olunur. Biz bu göstəricini 2030-cu ilədək 20 faizə qədər artırmalıyıq. Hazırda Azərbaycanda cəmi 3 Regional Peşə Tədris Mərkəzi mövcuddur, dördüncüsü isə Gəncədə qurulur. 2030-cu ilə qədər bu mərkəzlərin sayı 10-a çatdırılmalıdır. Özüməşğulluq proqramları da davam etdiriləcək. 2017-ci ildə bu proqramlara təxminən 1400 ev təsərrüfatı cəlb olunub. Bu rəqəm 2020-ci ilədək təxminən 6 dəfə artırılmalı, təxminən 8400 ev təsərrüfatı özüməşğulluq proqramına cəlb edilməlidir.

- Sadaladığınız bu stratejihədəflərin həyatakeçirilməsindən hansınəticələr gözlənilir?
- Ən böyük gözləntilərdən biri layiqli əmək imkanlarının genişləndirilməsidir. Təhsil sisteminin əmək bazarı ilə uyğunluğunun təmin edilməsi də uğurlu nəticənin əldə olunmasında vacib rol oynayacaq. İkinci mühüm nəticə məşğulluq və sosial müdafiə arasında əlaqənin güclənməsini təmin etməkdir. Yəni məşğulluq daha çox sosial müdafiəyə ehtiyacı olan insanların aktiv əmək bazarına inteqrasiyasına yönəldiləcək. Bu cür insanların passiv məşğulluqdan aktiv məşğulluğa yönəldilməsindən ümumi iqtisadiyyat xeyir görəcək. Yəqin ki, tezliklə hazırlanacaq beş-illik tədbirlər planlarında bütün bunlar konkret şəkildə öz əksini tapacaq. 2019-2024 və 2025-2030-cu illər ərzində həyata keçiriləcək tədbirlərin monitorinqləri və qiymətləndirilməsi aparılacaq, məşğulluq xidməti orqanları bununla bağlı müntəzəm olaraq öz hesabatlarını təqdim edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi