azia.az
azia.az

Elektrik və qaza görə kvotalar artırıla bilərmi?

5-12-2016, 08:47

Elektrik və qaza görə kvotalar artırıla bilərmi?
“Tarif Şurasının qərarı ilə istehlak olunan qaz və elektrik enerjisinin güzəştli kvotaları artırılsın”. Bu təşəbbüslə Milli Məclisin deputatı Fəzail Ağamalı çıxış edib. Deputat enerjidaşıyıcılarının qiymətinin artmasından bəhs edib və Tarif Şurasının son qərarına yenidən baxılmasını zəruri sayıb.

“Tarif Şurasının qəbul etdiyi qərarlarla ölkə prezidentinin həyata keçirdiyi siyasətdə bir uyğunsuzluq var və bu, nəzərə alınmalıdır. Sahibkar ayda 25 min manat qaz pulu ödəyirdisə, bundan sonra 50 min manat olacaq. Nəzərə almalıyıq ki, istixanalara güzəşt yoxdur, avadanlıqlar xaricdən alınır. 7 ay ərzində tərəvəz məhsullarının istehsalında ciddi problemlər olacaq... Heç olmasa, vətəndaşlara ayrılan kvota artırılsın” - deputat deyib.

O, işığa 250 kilovat/saat əvəzinə, 500 kilovat/saat, qaz üçün limitin isə 1500-dən 3000 kuba qaldırılmasını təklif edib. Fəzail Ağamalının bu təklifi ictimaiyyət tərəfindən bəyənilir. Bəs görəsən, qaz və elektrik enerjisinin güzəştli kvotalarını artırmaq mümkündürmü?

İqtisadçı Qadir İbrahimli mövzuya bu cür şərh bildirdi:

“Ümumiyyətlə, mənim məsələyə şəxsi baxışım ondan ibarətdir ki, Tarif Şurasının qərarı ləğv olunsun. Çünki bu qərar böyük bahalaşmanın, insanların yoxsullaşmasının əsasını qoydu. Bu, iqtisadi və sosial əhəmiyyəti olmayan bir qərar idi. Bəli, Fəzail Ağamalı çox haqlıdır. Kvotaların artırılmasına zərurət var. Hesab edirəm ki, hökumət bu qanunu ləğv etsin, ya da kvotaları, xüsusən də qaz kvotasını ən azı 3 dəfə artırsın”.

İqtisadçı kvotaların artımının mümkün olduğunu dedi: “Sadəcə, kommunal sektorda olan müəssisələrdə korrupsiyanı azaltmaq lazımdır. Son 10 ildə təbii qazın qiyməti düz 33 dəfə bahalaşaraq təxminən 5 dəfə artırılıb. Ola bilməz ki, dəfələrlə artım olsun və şirkətlər onu ödəyə bilməsin və növbəti artıma zərurət olsun. O baxımdan hesab edirəm ki, həmin şirkətlərdə, yəni istər ”Azərişıq", istərdə də “Azərqaz”da müstəqil auditorlar təyin olunmalıdır. Həmin auditorlarda bir daha göstəricilər analiz edilməlidir. Heç bir şübhə etmirəm ki, müstəqil auditorun yoxlanılması keçirilsə həmin korrupsiya faktları üzə çıxar. Bəlli olacaq ki, həm maliyyə dəyəri süni şəkildə şişirdilir, həm itkilərin həcmi qat-qat çox göstərilib, həm də şərait yaradılıb ki, növbəti qiymət artımına “əsas” olsun. Bu korrupsiya mühiti ləğv edilsə, həmin şirkətlərdə şəffaflıq mühiti yaradılsa, qiymət artımına da ehtiyac qalmaz və hökumət həmin şirkətlərdən kifayət qədər böyük maliyyə gəlirləri əldə edə bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi