azia.az
azia.az

Azərbaycanın müstəqilliyi dönməz və əbədidir !

24-05-2019, 16:19

Azərbaycanın müstəqilliyi dönməz və əbədidir !

Ümummilli Lider Heydər Əliyev: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Azadlıq, müstəqillik, istiqlal – bunlar hər bir xalq üçün yaranışdan ən böyük arzu, ən şirin nemətdir. Azərbaycan xalqı da daim bu amallara sadiq olaraq, ağır məhrumiyyətlərə sinə gərib, saysız-hesabsız qurbanlar verib, lakin müqəddəs mübarizəsindən heç zaman dönməyib.
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması əlamətdar hadisə olmaqla xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən birini təşkil etmişdir. Cümhuriyyətin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdu. Nəzərə alsaq ki, bugünkü müstəqil Azərbaycan 1918-ci ilin müstəqil Azərbaycanın davamı və varisidir, bu gün fəxr etdiyimiz azad Azərbaycan öz tarixi başlanğıcını, 1918-ci ilin milli azadliq hərəkatinin nəticəsi olan Azərbaycan Xalq Cümhuriyyətindən alıb. Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl, öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi.
Müsəlman Şərqində ilk parlament respublikası xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının formalaşdırılmasına nail olmuşdu. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Azərbaycanın bu gün dünya birliyində müstəqil dövlət kimi bərqərar olmasının, demokratik ənənələrin, insan hüquq və azadlıqlarının qorunmasının, söz və mətbuat azadlığına geniş meydan verilməsinin əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur.
Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.

Məlumdur ki, Azərbaycan Cumhuriyyəti şğal nəticəsində 23 aydan sonra süquta uğradı. Xalqımızın düşünən beyinləri uzun illər repressiyalara məruz qaldı. Tarixi yaddaşın silinməsi istiqamətində həyata keçirilən imperiya siyasəti belə xalqımızın azadlıqsevər müstəqillik arzularını söndürə bilmədi. Azərbaycanın böyük oğlu Heydər Əliyevin hələ sovet dönəmindəki fəaliyyəti bu arzuların həyata keçirilməsi üçün zaman-zaman mükəmməl zəmin yaratdı. Müasir dövlət müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Əgər Heydər Əliyevin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bütün təhdidləri aradan qaldırdı, müstəqilliyimizi dönməz, əbədi etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixi hadisə adlandırmışdı.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan xalqı tarixinin yeni mərhələsinin başlanğıcına qədəm qoydu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atıldı və bu sahədə qarşıya çıxan çətinliklər aradan qaldırıldı.Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevirib. Azərbaycan Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamı bir daha təsdiqlədi ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Sərəncamda Şərqin ilk demokratik müsəlman dövlətinin fəaliyyəti də öz əksini tapıb: “1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi”.


Əhməd Əhmədzadə,
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri,
əməkdar mühəndis

Azərbaycanın müstəqilliyi dönməz və əbədidir !


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi