azia.az
azia.az

Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi mövzusunda məruzə dinlənilib

7-03-2019, 10:36

Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi mövzusunda məruzə dinlənilib
Azia.az: Martın 6-da keçirilən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli "Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi" mövzusunda elmi məruzə ilə çıxış edib.

Akademik bildirib ki, milli ədəbi düşüncəmizin məntiqi davamı kimi təzahür edən, öz mənşəyini bilavasitə folklor təfəkkürünün etnik-mədəni potensialından götürən, dərin lirizmi və ümumbəşəri dəyərlər sistemi ilə səciyyələnən Səməd Vurğun poeziyasında ən aparıcı ideoloji tendensiyalardan biri azərbaycançılıq məfkurəsi olub. Alim sovet dövründə Səməd Vurğunun azərbaycançılıq məfkurəsinin yalnız milli-mənəvi deyil, eyni zamanda funksional olaraq milli dövlətçilik təfəkkürünün qorunması baxımından da olduqca müstəsna əhəmiyyətə malik olduğunu deyib.

Natiq vurğulayıb ki, görkəmli sənətkarın azərbaycançılıq məfkurəsi xalqın folklor təfəkkürünə, şifahi dil-üslub xüsusiyyətlərinə dayanan Azərbaycan ədəbi dilinin formalaşdırılması və inkişafı, Azərbaycan təbiətinin poetik təsviri fonunda universal Azərbaycan obrazının yaradılması, Azərbaycan tarixinin, xüsusən də dövlətçilik tarixinin şərəf səhifələrinin poetik predmetə çevrilməsi vasitəsilə milli-tarixi enerjinin müasir ictimai fikir dövriyyəsinə daxil edilməsi, müasir azərbaycanlı obrazlarının xarakter səviyyəsində formalaşdırılması ilə fərdi pozitiv azərbaycanlı obrazının yaradılması və SSRİ miqyasında normativləşdirilməsi, elmi və ictimai fəaliyyəti ilə azərbaycançılıq məfkurəsinin tədqiqi və təbliği istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi kimi poetik-fəlsəfi postulatlarda və ictimai fəaliyyət istiqamətlərində reallaşıb.
Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi mövzusunda məruzə dinlənilib
T.Kərimli Səməd Vurğunun azərbaycançılıq ideologiyası baxımından Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə və başqalarının birbaşa və layiqli varisi olduğunu söyləyib. Vurğulayıb ki, özündən əvvəlki klassiklərin əsərləri kimi, Səməd Vurğunun da yaradıcılığı azərbaycançılıq ideologiyasının bədii-fəlsəfi zəminini yaratmağa xidmət edib.

Ümummilli lider Heydər Əliyevin şairin 90 illik yubileyində Səməd Vurğunun şeirlərinin Azərbaycan dilini zənginləşdirdiyini və inkişaf etdirdiyini söylədiyini xatırladan T.Kərimli Ulu öndərin dahi ədibin yaradıcılığına böyük dəyər verdiyini bildirib. Böyük şairin Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri, ömrünün sonlarında isə vitse-prezidenti olduğunu vurğulayan natiq Ümummilli liderin şairin yubileyindəki nitqindən bir hissəni diqqətə çatdıraraq dahi şəxsiyyət Heydər Əliyevin Səməd Vurğunun bir alim kimi azərbaycançılıq yönündəki fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şairin 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncamını xatırladan natiq bildirib ki, bu sənəd ölkə başçısının ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğının növbəti göstəricisidir.

Səməd Vurğunun təkcə yaradıcılığı deyil, bütövlükdə şəxsiyyətinin də azərbaycançılıq idealına xidmət etdiyini deyən T.Kərimli şairin dostları olan rus sovet şairləri Nikolay Tixonov, Pavel Antokolski və digərlərinin onun şəxsiyyətinin böyüklüyü haqqında fikirlər irəli sürdüyünü də əlavə edib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, akademik Vasim Məmmədəliyev, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri və başqaları çıxış edərək Səməd Vurğunun həyat və yaradıcılığından danışıblar, onun şəxsiyyəti və yaradıcılığı ilə Azərbaycan xalqının tarixində, mədəniyyətində silinməz izlər qoyduğunu, dahi şairin xatirəsinin hər zaman yaddaşlarda yaşayacağını bildiriblər.
Səməd Vurğun yaradıcılığında azərbaycançılıq məfkurəsi mövzusunda məruzə dinlənilib
Müzakirələrdən sonra məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilib. Humanitar Elmlər Bölməsinə Səməd Vurğun poeziyasının müasir nəzəri-metodoloji və milli-ideoloji trendlər əsasında yenidən araşdırılması və müvafiq monoqrafiyanın nəşrə hazırlanması, bölmənin elmi müəssisələrində fəlsəfə və elmlər doktoru hazırlığı üzrə mövzuların müəyyənləşdirilməsində Səməd Vurğun və başqa klassiklərin yaradıcılığının müasir meyarlar əsasında araşdırılmasına üstünlük verilməsi, Səməd Vurğun və digər klassiklərin irsinin azərbaycançılıq məfkurəsi işığında orta və ali təhsil müəssisələrində tədris edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə proqram və dərsliklər hazırlanmasının təmin edilməsi və digər istiqamətlərdə tapşırıqlar verilib.

AMEA Rəyasət Heyətinin aparatı
Mətbuat və informasiya idarəsi
İctimaiyyətlə əlaqələr
şöbəsi – Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi