azia.az
azia.az

Samir Adıgözəlli: “Belə deputat seçilməkdənsə, gedib öz bacardıqları işlərlə məşğul olsalar yaxşıdır”

4-02-2020, 19:45


Seçkinin təbliğat-təşviqat mərhələsi bitmək üzrədir. Bu müddət ərzində deputatlığa namizədlər olduqca maraqlı jestləri, seçki taktikaları ilə yadda qaldılar.
Samir Adıgözəlli: “Belə deputat seçilməkdənsə, gedib öz bacardıqları işlərlə məşğul olsalar yaxşıdır”
Namizədlər bütün təbliğatlarını sosial media üzərindən işıqlandırdıqları üçün, baş vərənlərin hamısından xalqımız xəbər tutdu. Nələri müşahidə etdik? Görünən bu oldu ki, parlamentin buraxılmasına səs verən və yenidən deputat olmaq istəyənlərin böyük əksəriyyətinə seçicilərin münasibəti mənfidir. Kəndlərdə keçirilən görüşlərdə onlardan hesabat tələb olunduğunun, hətta kənddən açıq formada qovulmalarının da şahidi olduq.

Belə biabırçılıqlardan yaxa qurtarmaq üçün həmin namizədlər olmazın oyunlarından çıxdılar. Gah qoca nənələri tapıb öpdülər, gah da şəhid evlərini ziyarət edib bunu piarlarında istifadə etdilər. Sonradan bir neçə şəhid ailəsi həmin təbliğat formasına kəskin etirazını bildirdi. Bütün bu mənzərələri seyr edən sosial şəbəkə istifadəçiləri təbii ki, öz etirazlarını açıq şəkildə bəyan etdilər. Ancaq görünən budur ki, bu cür biabırçı mənzərələrdə nəticə çıxarmaq əvəzinə ittihamlara tuş gələn namizədlərin heç biri iddialarından əl çəkmədi, əksinə, yenə də deputat marafonunda yarışmaq niyyətini ortaya qoydu.

Bu cür biabırçı mənzərələrin ictimailəşməsi onunla üzləşən namizədlərlə bağlı seçkinin nəticələrinə necə təsir edəcək?

Samir Adıgözəlli: “Belə deputat seçilməkdənsə, gedib öz bacardıqları işlərlə məşğul olsalar yaxşıdır”
İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, deyilən məzmunda videoları ictimailəşdirilən namizədlər, demək olar, seçkinin birinci raundunu uduzublar: “Fikir versək görərik ki, analoji halla daha çox bir neçə dəfə deputat seçilənlər üzləşir. Niyə? Çünki seçici ilə görüşə getmirlər. Bir də 5 ildən sonra gedib səs istəyirlər. Axı seçicini bu şəkildə ələ salmaq, ona qarşı laqeydlik nümayiş etdirmək olmaz. Sosial şəbəkələrdə ictimailəşən görüntülər şəffaflığı əks etdirir. Orada heç bir montajdan və ya əvvəlcədən nəyinsə təşkilindən söhbət belə gedə bilməz. Reallıq budur ki, xalq onları aldadıb mandatını qazananları sevmir, hətta belələrinə nifrət edir. Təbii ki, belə namizədlərin seçilməsi də asan olmayacaq. Yaxşı olardı ki, bundan seçiləcək yeni millət vəkilləri bir dərs götürsünlər. Bilsinlər ki, xalqın vəkili olmağın yolu onu aldatmaqdan keçmir, ona xidmətdən, ehtiramdan keçir. Mən təəssüf edirəm ki, kəndlərdən, həttə həyətlərdən qovulanlar gedib namizədliklərini geri götürmək əvəzinə, onlara qarşı təxribatın olduğunu bildirirlər. Vallah, belə deputat seçilməkdənsə, gedib öz bacardıqları işlərlə məşğul olsalar yaxşıdır”.

Məhəmmədəli QƏRİBLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi