azia.az
azia.az

Ziya Məmmədovun müşaviri həbs olunur – ölkədən çıxışına “STOP” qoyuldu

12-01-2018, 09:32

Çingiz Baxşıyev xalası oğlu barəsində həbsli axtarış verilməsinə nail oldu

Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyev həbs oluna bilər. İstiqlal.az-ın yazdığına görə, Çingiz Baxşıyevin şikayəti əsasında 1 ildən çox həbsdə olan və daha sonra bəraət alan Rövşən Əhmədovun özünü öldürmək istəməsində əsas suçlu şəxs kimi sabiq müşavirin adı keçir.

Rövşən Əhmədovun özünü öldürmək istəməsi faktına görə Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. Bildirilir ki, özünü öldürmə həddinə çatdırma maddəsi ilə başlanmış cinayət işində əsas təqsirləndirilən şəxs Çingiz Baxşıyev ola bilər. Yaxın günlərdə Çingiz Baxşıyevi bu iş üzrə çağırıb dindirəcəklər. Bundan sonra sabiq müşavir həbs oluna bilər.

Rövşən Əhmədov ötən ilin son günlərində özünü zəhərləyərək komaya düşmüşdü. Bundan əvvəl isə məktub yazıb ölümündə Çingiz Baxşıyevi günahlandırmışdı. Ona və ailəsinə qarşı təzyiqlər etməsindən dolayı həyatla vidalaşmaq qərarını verdiyini yazmışdı. Bundan əvvəl isə Rövşən Əhmədov sabiq müşavirin işləri barədə ciddi ittihamlar səsləndirmişdi.

“Çingiz Baxşıyev müşavir olanda təxminən 1000 manat maaş alırdı. Amma o, narkomaniya ilə məşğul olurdu. Məni o işin dalıca getmədiyin üçün tutdurdu. Mən bir dəfə Çingizi aeroportda qarşıladım. Şəhərə gələndə arxada başqa adamla oturmuşdu, mən də öndə idim. Həmin şəxslə aralarında rus dilində danışırdı, elə bilirdi mən başa düşmürəm. Ət işindən danışırdılar, amma söhbət milyon dollarlardan gedirdi. Ət isə 80 min manat idi. Mən ona yalandan dedim ki, xəstəyəm, ətin dalınca gedə bilməyəcəm. Əsəbiləşdi, başqa adam göndərdi. Təxminən 20 gün sonra məni çağırıb dedi ki, ”get “3-ün kruqu”ndan ətin pulunu götür". Mən gedib orada tanımadığım bir polis işçisindən 500 min dollar götürdüm, səhəri yenə eyni yerdə eyni adamdan 500 min aldım, birisi gün isə 360 min dollar götürdüm. Pulların hamısını da aparıb kürəkənigilə qoyduq" - deyə Rövşən Əhmədov bildirmişdi.

“Yeni Müsavat”a daxil olan məlumata görə, Çingiz Baxşıyevin ölkədən çıxışına qadağa qoyulub. Bu, sabiq müşavirin ölkədən getmə ehtimalının aradan qaldırılması üçün atılan addımdır. Yanvarın 8-də isə Çingiz Baxşıyevin həbsə aldırmaq istədiyi Rövşən Əhmədovun barəsində həbsli axtarış qərarı çıxarılıb. Qərar Bakı Apelyasiya Məhkəməsində verilib. Məhkəmədə R.Əhmədovun barəsindəki bəraət hökmündən dövlət ittihamçısının protesti və zərərçəkmişin apelyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Bu haqda Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, prosesdə R.Əhmədovun növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub. Vəkil bildirib ki, məhkəmə R.Əhmədovun barəsində həbsli axtarış qərarı çıxarıb: “Rövşən Əhmədov Bakı Apelyasiya Məhkəməsinin inzibati binasına gəldi, orada gözlədi. Kiminləsə telefonla danışandan sonra məhkəmə zalına daxil olmadan məhkəmə binasını tərk etdi. Nəticədə altıncı dəfə məhkəmə binasına gələrək, qanunsuz olaraq çıxıb getdi. Məhkəmə də həmin şəxsin həbsli axtarışı ilə bağlı qərar qəbul etdi. Bildirirəm ki, Rövşən Əhmədov bundan əvvəl də 3 dəfə cinayət törədib. Onun bir gün ərzində konkret olaraq Çingiz Baxşıyevin özünə və ailəsinə məxsus qiymətli əşyaları mənimsəməsi ilə bağlı ortada mötəbər sübut var. O isə şantaj və şou göstərməklə məhkəməyə və bizə təzyiq göstərmək istəyir. Hansı ki, onun cinayət törətdiyini hər kəs, o cümlədən qohumları da bilir”.
Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib. İttihama aktına əsasən, o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib. 2016-cı il aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra bu qərardan protest verib.

Onu da bildirək ki, R.Əhmədov bir neçə gün əvvəl yaşadığı evdə dərman içib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb. Onun həyatını xilas etmək mümkün olub. R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihara cəhd etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihar cəhdinə səbəb Çingiz Baxşıyevdir. Həmçinin ailəsinin təhlükədə olduğunu qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi