Ümid varmı? – Elnur Astanbəyli
Elnur Astanbəyli
Bəri başdan bir az pessimist yüklü bu yazıya görə üzr istəyirəm. İllərdir içində Azərbaycanın işıqlı sabahı üçün böyük ümidlər bəsləyib böyüdən, bu ümidləri başqalarına da aşılamağa çalışan biri olaraq, indi yazacaqlarımın əslində pessimizlə bir qədər əlaqəsi də yoxdur.
Əvvəli şövqlə olmasa belə, yenə nikbinəm və eyni ümidləri yenə daşıyıram.
Eyni ümidlərlə yenə yaşayıram.
Başqa cür mümkün də olmazdı: bu dibsiz bataqlıqda yəqin çoxdan boğulub gedərdim.
***
İndi isə gələk yazının canına.
Deputatların həftə səkkiz, mən doqquz hansısa əcaib-qəraib açıqlama ilə çıxış edib, toplumun böyük əksəriyyətinin qınaqlarını üzərlərinə çəkməsinə adət etmişik. Bir çoxlarının fikrincə, bu açıqlamalar düşünülmüş şəkildə verilir: onlar bununla gündəmi dəyişir, diqqəti ölkənin köklü problemlərindən yayındırır, nəticə etibarilə sistemə qarşı ictimai qəzəb və etiraz şimşəklərini öz üzərlərinə çəkir, beləliklə, bir növ xalqın qəzəbini sakitləşdirir, onun hazırkı idaretməyə qarşı hiddətlə alışıb-yanan ürəyini soyudurlar.
Görəsən, doğrudan da, belədirmi?
Hökm vermək istəməzdim, yuxarıdakı kimi fikirləşənlər haqlı da ola bilərlər.
Ancaq içimdən bir səs deyir ki, məsələ heç də düşünüldüyü qədər bəsit deyil.
Niyə? Cavab sadədir: axı toplumsal problemlərə anormal yanaşma sərgiləyənlərin dairəsi sadəcə deputatlarla qapanmır!
Bəyəm biz hansısa ictima rezonans doğurmuş istənilən bir hadisə zamanı oxşar davranış sərgiləyənləri – anormal, insan ağlının, zəkasının sərhədlərini zorlayan münasibət bildirənləri azmı görürük? Azmı əlimiz üzümüzdə qalır? Azmı heyrətdən gözlərimiz kəlləmizə çıxır? Üstəlik, onların arasında bəzən yaxından və ya uzaqdan tanıdığımız, sağlam düşüncəli hesab etdiyimiz adamlar azmı olur? Nə olsun indi deputat mandatları yoxdur. Sabah ki ola bilər!
Götürək intihara məcbur edilən məktəbli Elina ilə bağlı təzəlikcə baş verənləri…
Azyaşlı bir qıza qarşı adamı dəhşətə salan fiziki və psixoloji zorakılıq, bu zorakılığın yekunu olaraq canına qıyması bir tərəfdə qalmışdı, Elinada günah axtarmağa çalışanlar peyda olmuşdu. Onlardan bir neçəsi ilə sosial şəbəkələrdə mən də rastlaşdım, halbuki aralarından bəzilərini o vaxtadək sağlam düşüncə sahibləri hesab edirdim. Əsasım da vardı: indiyədək müxtəlif çıxışlarında hüquq və azadlıqlardan, çağdaş dəyərlərdən az dəm vurmamışdılar. Yanılıbmışam! Konkret situasiyada gerçək kimlikləri ortaya çıxdı: dillərindən düşməyən bəşəri dəyərləri həlledici məqamda, gözlərini qırpmadan uzun zamanlardır içlərində gizlətdikləri mental, “milli-mənəvi”, aqrar kimliklərinə qurban verdilər. “Əxlaq polisi” rolunu üstlərinə götürdülər. “Ali dəyərlər” zirvəsindən “camaatın anası-bajısı…” söhbətinə endilər.
İndi soruşuram: belələri bu gün bizim aramızda, yan-yörəmizdə, sosial şəbəkələrdəki dost listələrimizdədirsə, sabah – saxta, ya da qeyri-saxta yolla, fərq etməz, – Milli Məclisdə niyə olmasınlar?
Doğrudur, Milli Məclis bizim iradəmizi təmsil etmir, ancaq nə yazıq ki, ordakılar toplumsal zehniyyətimizi əks etdirirlər. Göydən düşməyiblər, başqa planetdən gəlməyiblər, Banqladeşdən-zaddan transfer olunmayıblar, bu cəmiyyətin bağrından qopublar.
Yanlış anlamayın, problemin kökünü iqtidar-müxalifət müstəvisindən tamamilə kənarda axtarıram. Çünki problemin miqyası həqiqətən yalnız bu müstəvi ilə məhdudlaşmır. Belə olsaydı, inanın, adam çox da dərd eləməzdi.
Unudanlar üçün xatırladım: lap sonuncu “deputat vaqeəsi”nin qəhrəmanı – ölkənin göyə sovrulan milyardlarına səssiz qalıb hansısa popkornsatan uşağa qarşı az qala dünya müharibəsi elan etmiş Rasim Musabəyov illər əvvələdək müxalifət düşərgəsinin ünlü ismi deyildimi?
Acı reallıqdır: hadırəcəblilər, rasimmusabəyovlar, tahirkərimlilər hər yerdədirlər! Hər yerdə və hər addımda! Mandatlı və ya mandatsız!
Etiraf zamanıdır: yararlı, faydalı, sağlam insan “baqaj”ımız zəifdir. Həm də çox zəifdir.
Bir də görürsən, elə vacib məqamda elə adamdan elə yanaşma görürük, xəyalqırıqlığına uğrayırıq: axı biz həmin məqamadək onu aydın və açıqgörüşlü, modern baxışlı insan kimi tanıyırdıq, indi isə o bizim önümüzə, məsələn, qadına qarşı zorakılığa haqq qazandıran fikirlərlə çıxır, ən böyük arqumenti də budur ki, “yaxşı at özünə qamçı vurdurmaz”.
Sarsılmayıb neyləyəsən?!
Gertsen deyirdi: “İnqilab mütləq olacaq. O vaxtadək isə çalışıb layiqli vətəndaş yetişdirmək lazımdır”.
Ancaq necə? Çətin sualdır. Normalda bu sualın cavabını təhsil sistemindən gözləməliyik. Ancaq ondan, haqlı olaraq, əlimizi çoxdan üzmüşük. Hazırkı məktəb potensial hadırəcəblilər yetişdirə bilər, başqa heç nə! Hansı ki, vaxtilə onları sovet təhsil sistemi yetişdirirdi və biz indi həyatın bütün sahələrində məhz həmin sistemin iylənmiş məhsulları ilə döyüşürük.
Dəhşətlisi isə odur ki, mahiyyət etibarilə yenə də eyni təhsil sistemidir: tənqidçi, sorğulayıcı fərdlər hazırlamağı ağlının ucundan belə keçirmir, uşaqları “şəxsiyyətə pərəstiş”, qeyd-şərtsiz itaət ruhunda yetişdirir. Belədə ondan nə umasan, nə gözləyəsən, yaxşı hansı nəticəyə ümid edəsən.
Bəs Gertsenin bəhs etdiyi “layiqli vətəndaş”ı necə hazırlamalı? Açığı deyim: bilmirəm. Və belə başa düşürəm, ümid hər kəsin özünə qalır. Hər kəs özü özünü azad etməlidir, hər kəs özünün xilaskarı olmalı, məmləkətə hakim kəsilmiş bu yalan, yaltaqlıq bataqlığından, bu şər girdabından, bu mənəvi qaranlıqdan, bu qul psixologiyasından, bu qorxu mühitindən, bu “əyilərək yüksəlmə” mərəzindən hər kəs özü özünü xilas etməlidir!
Ümid fərdlərin fədakarlığınadır – hər kəs özü-özünü yenidən doğmalı, hər kəs öz-özünü yenidən yaratmalıdır.
Başqa yol varmı? Ola bilər. Elə isə o yolu da siz göstərin, bilək.
Bəlkə də bu yazıda daha çox qara rənglərlə çəkdiyim tabloya etiraz edəcəksiniz, bu gün də aramızda işıqlı gələcək ümidlərimizi tamamilə dəfn etməyə qoymayan, onları qoruyub-saxlayan insanların az olmadığını deyəcəksiniz.
Belələri, əlbəttə, var.
İstisnalar, əlbəttə, var.
Ancaq nə yazıq ki, bu, ümumi qaydanı dəyişmək üçün kifayət deyil.
Elə Azərbaycanı dəyişmək üçün də…
Elnur Astanbəyli