azia.az
azia.az

Rüstəm Kamal: “Ön sözün də “avansını” almışam”

1-04-2016, 12:53

Rüstəm Kamal: “Ön sözün də “avansını” almışam” Tənqidçi, filoloq Rüstəm Kamalın müsahibəsini təqdim edirik.
- Rüstəm müəllim, sizin yalnız “Ədəbiyyat qəzeti”ndə yazılarınız çap olunur. Mətbuatda az-az görünürsünüz. Səbəb nədir?
- Həm də “Azərbaycan” jurnalında çap olunuram. Birincisi, mən özüm təbiətən çevik, operativ adam deyiləm. İkincisi, mənim dəyər sistemimə cavab verən mətnlər az olanda yazmaq istəmirəm. Mən kompüterdə yox, əllə yazıram – bu da müəyyən çətinlik törədir. Axı, mən həm də aliməm, elmlər doktoruyam. Alimin ildə iki-üç məqaləsi çıxar. Baxtinin sağlığında təxminən 10 məqaləsi, iki kitabı çıxmışdı – dünya şöhrəti üçün kifayət edirdi. Yalnız bizdə alimlər kitablarının üz qabığında 300-400 məqaləsinin olduğunu fəxarətlə bəyan edirlər. Amma ölkə bu alimi tanımır.
Mən dostum Azər Turana çox minnətdaram. Onun zövqünə, savadına və istedadına inanmışam. Mənim dilimi tapa bildi. “Ədəbiyyat qəzeti”nə yazılar verirəm. Yazılarda esse azadlığı, sərbəstliyi və filoloji təhlil məntiqi birləşir. Borxes deyirdi ki, məqalə də hekayə formasında olmalıdır (A.B.Kesaresin gündəliyində oxumuşam).
- O yazıları niyə kitab eləmirsiniz?
- İnşallah, o yazıları yığıb kitab şəklində nəşr etdirmək istəyirəm. Ön sözün də “avansını” almışam.
- Kimdən ?
- Məsələn, xalq şairi Nəriman Həsənzadədən. (gülür.)
- Rüstəm müəllim, sizin iki kitabınızı oxumuşam: “Ömür-inanc mətni”, “Sözü işığa danışdım”. İki kitabda da diqqətimi bir şey çəkdi: qazaxlı şair və yazıçılar çoxluq təşkil edir. Bu sizin də qazaxlı olduğunuza görədir, yoxsa təsadüfən belə olub?
- Adını çəkdiyin birinci kitabda beş filoloji esse var – beşi də qazaxlılara həsr olunub. Həmin kitabı uşaqlığımın iki unudulmaz obrazına – atama və Sınıq körpüyə həsr etmişdim.
İkincidə isə R.Rzaya, M.İbrahimova, K.Abdullaya və başqalarına həsr etdiyim yazılar var. Orda bir-iki şair haqqında olan yazını istəmirdim kitaba düşsün. Ancaq o qədər umu-küsü elədilər ki, məcbur olub daxil elədim.
Heç şübhəsiz, Qazax Azərbaycan ədəbiyyatının mərkəzlərindən biridir. Təbii ki, böyük şair, yazıçısı çıxan mahalın istedadsızı, qrafomanı da olacaq. Mən Qazağı sevirəm, çünki mənim vətənimdir və qazaxlı yazarların – İsa Muğanna, Yusif Səmədoğlu, İsmayıl Şıxlı – təhkiyəsini çox sevirəm. Onları oxumaq mənim üçün həm də doğma təhkiyənin intonasiyasına düşməkdir.
- Dediniz ki, bəzi qazaxlı şairlər haqqında yazılan ön sözləri kitaba daxil etmək istəmirdim. Onda niyə onlar haqqında ön söz yazmışdınız?
- Bir mahnıda deyildiyi kimi, qəbahətim böyükdür, ay ellər (gülür). O yazarlara bir neçə dəfə rədd cavabı vermişəm. Sonra yazdıqlarını müəyyən redaktə edəndən sonra ön söz yazmışam. Bəzən iki yaxşı şeirin xətrinə yazmışam. İkinci kitabda elə yazılar var ki, (məsələn, rəhmətlik Məmməd Dəmirçioğlu haqqında məqaləni) öz içimdən gəlib yazmışam. Amma bir çoxundan imtina da etmişəm, səmimiyyətimə inanın.
- Rüstəm müəllim, sizə xahiş eləyirlər ki, bizdən yazın?
- Burda nə qəbahət var ki? Bəzən istəklər üst-üstə düşür. Bəxtiyar Vahabzadə özü axtarıb məni tapmışdı, “Fəryad” kitabına ön söz yazdım. İsa Muğanna ilə görüşmək ən böyük arzum olub. Bu təvazökarlıqdan kənara çıxa bilər, ancaq belə hadisələr olub. İlk dəfə böyük yazıçımızla görüşəndə ona dedim ki, olar, sizin əsərlərinizdə nə duymuşam, onu deyim, səhv etsəm, deyərsiniz. İnandırım sizi, mətninin şifrələrini ona dedikcə üzü nurlanırdı, zəng elədi Nizami Cəfərova, dedi ki, mən artıq öz alimimi tapmışam. Nizami Cəfərov da telefonun o başında “Bu, Rüstəm Kamal ola bilər” dedi. Bir dəfə də Zəlimxan Yaqub dedi ki, Rüstəm, mən çox təriflər eşitmişəm, istəyirəm sən məni təhlil edəsən. Yubiley kitabını mən yazdım.
- Sizi hardasa 80-ci illər nəslinə aid eləmək olar. Bizdə müzakirə olundu 80-cilərlə bağlı. Bəzilər onları “itirilmiş nəsil” hesab edir, bəziləri deyirlər ki, çox idilər, bəziləri də onları 60-cıların kölgəsində qaldıqlarını iddia edir. Sizin buna münasibətiniz necədir?
- Yox, mən yaşca kiçiyəm. Amma ilk yazım 80-ci illərdə çıxıb. Mən, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı tarixini nəsillərə bölməyin tərəfdarı deyiləm. Nə üçün 30, 40, 50-ci illər nəsli yoxdur? Əslində, 30-cu illər nəsli ola bilərdi: yeni ideologiya, yeni sistem, cərəyanlar, ateizm və s. Rus tənqidçisi Stanislav Rassadin bir məqaləsində “60-cılar” sözünü işlətmişdi – ordan başladı bu anlayışın macərası. Amma kim nə deyir-desin, 60-cılar Azərbaycan ədəbiyyatında dəyərli bir mərhələdir. Hər bir nəslin öz “infra”, “ultrasəsi” var. Anna Axmatova 30-cu illərdən danışarkən birisinə (adı yadımdan çıxıb) «Bас там не стояло» demişdi, yəni səndə o dövrün “infrasəsi” yoxdur. İspan şairi və filosofu Migel Unamuno dövrün duyğu obrazını axtarırdı. 80-cı illərin də öz səsi, öz ovqat obrazı var.
- Ancaq 60-cılar deyəndə həmişə üç imza yada düşür: Anar, Elçin, Əkrəm Əylisli...
- Maqsud və Rüstəm İbrahimbəyovlar, Çingiz Hüseynov, İsi Məlikzadə... Bu həm də o dövrün tənqidinin bir tərəfliliyindən və naqisliyindən irəli gəlir. Birini görüb, o birisinə qiymət verməmək. İndi də belədir.
- 80-cilər də deyirlər ki, bizim tənqidçimiz olmadı, buna görə də tanına bilmədik.
- Bu müəyyən qədər düzdür. Rus ədəbiyyatında da belədir ki, hər nəslin, hər ədəbi qruplaşmanın tənqidçisi var. Tənqidçi özü də instinktiv olaraq özünü inandığı və sevdiyi yazıçıların yaradıcılığına həsr edir. Yəni eyni yazıçı ilə estetik dəyərləri bölüşən, dəstəkləyən tənqidçilər olur. Məsələn, V.Kurbatov adlı Pskovda yaşayan tənqidçi var, ömrü boyu V.Rasputindən, V.Astafyevdən, V.Belovdan yazıbdır və s.
- Onda 80-cilər 60-larda ilişib qaldılar?
- 80-cilər (nəsrdən danışıram) 60-cıların orqanik davamı idi. Onların bəziləri dəyişdilər. Məsələn, Nəriman Əbdulrəhmanlı, Aslan Quliyev, Əlabbas, Səfər Alışarlı, Saday Budaqlı, Eyvaz Əlləzoğlu, Əjdər Ol öz əsərləri ilə elədilər bunu, Azərbaycan nəsrinin havasını dəyişdilər. Sizə deyim ki, səviyyəsinə görə onlar heç də 60-lardan geri qalmırlar. Poeziyada Şaiq Vəli, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Qəşəm Nəcəfzadə dəyərli hadisələrdir.
- Rüstəm müəllim, indi necədir ədəbi proses?
- Bir dəfə demişəm və yenə o fikirdəyəm. Mən ədəbi prosesi təsəvvür etməkdə zorluq çəkirəm. Prosesin obrazı yoxdur. Oxucunu təsəvvür edə bilmirəm. Ayrı-ayrı əsərlər, yazıçılar var, amma sistem kimi görə bilmirəm.
- Bəs dünyada necədir?
- Ruslarda olan tənqidçilik institutu tutaq ki Avropada yoxdur. Orda tənqidçilik rolunu redaktorlar, ədəbi agentlər, köşə yazarları, menecmentlər, reklamçılar öz boynuna götürürlər. Çünki kitab satılmalıdır. Roman əmtəə olmalıdır, mala çevrilməlidir. Sovet vaxtı nəşriyyatın planına düşürdün roman çap olunurdu, yazıçıya qonorar verilirdi. Qərbdə hər kitabın, hər janrın öz oxucusu, öz ödül sistemi var.
- Azərbaycan oxucusu indiki zamanda harda dayanır. Yəni biz bu gün oxuyan xalqıq, yoxsa oxumayan xalqıq?
- Uzun müddət düşünüblər ki, ədəbiyyatın tədrisi tərbiyə paradiqması üzərində qurulmalıdır. Bu ideyanın həyatla heç bir əlaqəsi yoxdur. Əlbəttə, ədəbiyyat tərbiyə edə bilər, bu onun funksiyalarından biridir, amma bu ikinci dərəcəli funksiyasıdır. Ədəbiyyatın əsas funksiyası estetik funksiyadır. Bəzən nüfuzlu adamlar deyirlər ki, tədris proqramları yalnız ənənəvi dəyərləri tərbiyə edən nümunələr üzrə qurulmalıdır. Ölkənin obrazını ədəbiyyat və oxucu yaradır. Məsələn, Amerika ədəbiyyatında realizm mənasız bir şeydir. Yalnız romantiklər bu ölkənin obrazını yarada bildilər - Melvil, Qotorn, Po ...
- Bəlkə bu bizim gənc yazarlar yazmağa başlayan kimi Tolstoy olmaq iddiasından irəli gəlir? Heç kim tutaq ki Apdayk olmağı düşünmür. Böyük ideyaların arxasınca qaçır.
- Böyük ideya nədir? Ən böyük ideya Tanrı ideyasıdır.
- Maraqlıdır, Çingiz Abdullayevə münasibətiniz necədir?
- Çingiz Abdullayevin bir neçə romanını oxumuşam. Onun Azərbaycan ədəbiyyatında olmağına çox sevinirəm. Ən azından Azərbaycan ədəbiyyatında siyasi detektiv janrının populyarlığı bu kişinin adı ilə bağlıdır.
Bizimkilər o qədər “ciddi” ədəbiyyat söhbəti eləyirlər ki, əslində ortada “ciddi” darıxdırıcıdır, məsələn, U.Eko “Agent-007” haqqında araşdırma yazırdı. O, yüngül janrların texnologiyasından “Qızılgülün adı” romanında istifadə edib. F.M.Dostoyevski fransız bulvar romanlarını oxuyurdu. L.N.Tolstoya ingilis ailə romanlarının təsiri olmuşdur.
- Rüstəm müəllim, siz bir dəfə demişdiniz ki, yazıçı avtobioqrafiyasından qaçmalıdır. Bunu necə izah edərdiniz?
- Yazıçı neçənci ildə, harda doğulduğunu belə unutmalıdır. Bizim yazıçılarımızı bioqrafiyası sıxır, ordan çıxa bilmirlər. Hər yazıçı öz ömründən min ömür çıxardıb yaratmalıdır. Ona görə mən bioqrafiyaya etibar etmirəm. Yeri gəlmişkən, J.P Sartr, F.Saqan avtobioqrafiyanı sevmirdilər.
- Markesin “Yaşamaq üçün anlatmaq” romanı var. Orda məlum olur ki, onun bir çox əsərləri yaşadığı hadisələr əsasında qələmə alınıb. Ancaq elə yazıb ki, Markes o əsərlərdə görünmür...
- Yazıçı öz ömrünün mifologiyasını yaratmalıdır. Bioqrafiyaya çox bağlanmaq, onun əsir-yesiri olmaq həm də təxəyyülə də mane olur. Təxəyyülsüz isə sənət yoxdur. Deyilənlərə görə, Pikasso bir dəfə deyibmiş: “Mən mələkləri çəkmək istəmirəm, çünki heç vaxt görməmişəm”. Dahi rəssamın bu fikri məni kədərləndirir. Bəyəm qədim yunanlar allahları görmüşdülər? Bəyəm ozan Əzrayılı görmüşdü, “Dəli Domrul boyunda” ölüm mələyinin portretini necə veribdir?
- Bəs hansı daha önəmlidir yazıçı üçün: yaddaş, yoxsa təxəyyül?
- Yazıçı yaddaşı travmaların və uşaqlıq obrazlarının saxlandığı yerdir. Əgər travma varsa, sən yaddaşdan qaça bilməzsən, əslində insanın tarixi travmalar tarixidir.
- Rüstəm müəllim, hekayə ilə bağlı video-mühazirəniz çıxmışdı. Ə. Haqverdiyev haqqında bir iradınız var idi ki, onun hekayələrinin sonluğu tamamlanmır.
- XX əsrdə Ə.Haqverdiyev tək-tək yazıçılarımızdandır ki, bütün əsərlərində mistik hava var, ölüm qorxusu var. Rus ədəbiyyatına ölüm qorxusunu Turgenev, Azərbaycan nəsrinə Mirzə Cəlil və Ə.Haqverdiyev gətirmişdir. Bəlkə səhv edirəm? Haqverdiyevin hekayələrindəki sonluğunda əsl hekayəyə aid olan sonluq yoxdur. Hekayənin finalı onun uduşudur, hətta hekayənin süjetindən də vacib detal odur. Bax o final Haqverdiyevdə yoxdur. “Poçt qutusu”nun sonluğuna baxın: “Xan bir xeyli bikef oldu və fikrə getdi”. Mükəmməl sonluqdur.
- Sizin özünüz də hekayələr yazmısınız əvvəllər...
- Yazmışam, indi də var. Tələbə vaxtı üç-dörd hekayə yazmışdım. O da qızların xoşuna gəlməkdən ötrü. Həm də sevgi hekayələri yazırdım. İvan Buninin təsirinə düşmüşdüm. O, ilk sevdiyim yazıçı olubdur. “Gənclik” jurnalının redaktoru, böyük şairimiz Məmməd İsmayıl demişdi ki, Rüstəm gürcülər kimi yazır. Ancaq mən çox sonralar gürcü nəsrini oxudum. Aspiranturada oxuyurdum, “Yol” qəzetində “Qaçan atlar” adlı hekayəm çıxmışdı. Qulu Ağsəs balaca intervyü də götürmüşdü. Rəhmətlik Eldar Sibirel dedi ki, sən əməlli-başlı yazıçısan. Məndə o zaman utancaqlıq yarandı. Düşündüm ki, qoy bir sahədə peşəkar olum və alimliyi seçdim.
- Bizdə çox vaxt şeir, hekayə yazırlar, alınmayanda tənqidə keçirlər...
- Mən filoloq və esseistəm. Tənqidə keçmək, tənqidçi olmaq fikrim heç vaxt olmayıb. Sadəcə bir neçə yazı yazmışdım, gördülər ki, fərqli yazıram, xoşlarına gəldi. Böyük alimimiz Yaşar Qarayev bir yazımı “Ədəbiyyat qəzeti”nə “uğurlu yol” ilə təqdim etdi, xoşa gəldi, sonra Bəxtiyar Vahabzadə məni axtardı. Onun Türkiyədə çıxan “Gülüstan” kitabına ön söz yazdım. Beləcə bir də ayılıb gördüm ki, artıq peşəkaram (gülür). Ancaq içimdə həmişə hekayə süjetləri olub. Bəzi süjetləri də dostlara pay da vermişəm. Bu yaxınlarda bir neçəsini çapa vermək istəyirəm.
- Rüstəm müəllim, Çingiz Aytmatov müharibə sonrakı insanların faciəsini yazıb. Onun əsərlərində qadın obrazları rahatlıqla öz istəklərinin arxasınca gedə bilirlər. Yazıçı müharibə sonrası qadın tragediyasını daha çılpaqlığı ilə təsvir edir. “Cəmilə”, “Ana tarla” və başqa əsərlərində. Ancaq tutalım, İsa Hüseynovda, yaxud digər yazıçılarımızda bu cür yanaşma yoxdur. Hiss etmisiniz siz də?
- Əlbəttə, bütün müqayisələr qüsurludur. Mənim üçün İsa Muğanna çox böyük yazıçıdır. Onun nəsrindən öyrəniləsi çox şey var. Hər bir nasir həm də toplum simvollarının, dəyərlərinin ifadəsidir. Ç.Aytmatovda qadın-ana kultu, İ.Hüseynovda ata kultu güclüdür. Çingiz Aytmatovun əsərlərinin ovqatı əfsanələrdən, mahnılardan gəlir. İsa Muğanna isə nəslinin epik keçmişindən, yuxulardan və pritçalardan gəlir. Sonda hər iki yazıçı kosmosa bağlandılar. Başa düşdülər ki, insanın yeri Göylərdir.
- Rüstəm müəllim, təkcə Qafqazda Azərbaycan nəsri digərlərindən nə ilə fərqlənir?
- Müqayisə apara bilmərəm, ona görə ki, erməniləri oxumamışam. Q.Matevosiyanın “Camış” əsərini də oxumamışam. Məndə belə bir qənaət var ki, başqa xalqlara zorakılıq, saxtakarlıq yapan bir xalq öz bədii düşüncəsində saxtakarlıq, zorakılıq və qəddarlıq edir. Ona görə də onları oxumuram. Amma gürcü nəsrini sevirəm. Qoderzi Çoxeli, Nodar Dumbadze, Fazil İskəndəri oxumuşam. İndi də arada bir imkan düşdükcə oxuyuram. Gürcü yazıçısının müdrikliyini bəyənirəm. Gürcü yazıçısı özünü obrazından ağıllı göstərmir. Sərxoş olub, absurd situasiyalara düşən Vanonu elə məhəbbətlə təsvir edir ki, bu enerji sənə də keçir. Bizdə isə yazıçı “ciddi” pozada durub sərxoş personajına dərs verir. Biz öz qəhrəmanımızı, öz insanımızı sevməyi öyrənməliyik. Mirzə Cəlil xalqını tənqid edirdi, amma heç vaxt xalqını aldatmırdı. Ədəbiyyat vətəni söyəndə də, tərifləyəndə də onu aldatmamalıdır...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi