Aşıqlar Birliyinə yeni sədr seçildi
Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin iclası keçirilib. "Report" xəbər verir ki, mətbuat nümayəndələrinin buraxılmadığı iclasda təşkilata yeni sədr seçilib.
Qərara əsasən, Azərbaycan Aşıqlar Birliyinə Məhərrəm Qasımlı sədrlik edəcək.
Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, mərhum xalq şairi Zəlimxan Yaqub olub. Zəlimxan Yaqub 2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlarının V Qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib.
1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub. 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə İnstitutun "Xaricdə Azərbaycan Ədəbiyyatı", 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya" jurnalının baş redaktorudur.
O, 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibidir.
M.Qasımlı 2008-ci ildə "Novruz" ensiklopediyasını hazırlayıb və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı" adlı kitabı çap olunub.
Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var" (2004) adlı şeirlər kitabı çap olunub.
Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası, xaricdə isə 20 məqaləsi çapdan çıxıb.