azia.az
azia.az

Zillət çəkən millətin vəkili... olmur!

13-01-2019, 11:37

Aqil Alışov
Zillət çəkən millətin vəkili... olmur!
Əziz oxucular, bir az toxtaq durun. Sizləri günümüzün sosial-iqtisadi problemlərinin psixoloji gərginliyindən bir balaca ayırmaq istəyirəm.

Nə bu il abituriyent olacaq balanızın "son zəng”, "müəllim hazırlığı” pulunu fikirləşin, nə hərbi xidmətdə olan oğlunuz üçün narahatçılıq keçirin, nə də təzə evləndirdiyiniz övladınızın işsizlik, evsizlik problemlərini düşünün... Yox, sizə xəzinə ünvanı verməyəcəyik (açığı, yerini bilsək belə, bunu sizə deyib-deməyəcəyimizə özümüz də əmin deyilik). Sadəcə, beyninizi bu məişət qayğılarından kənar bir məqamla məşğul etmək istərdik: İndiyə kimi hansınızın bir problemini yaşadığınız ərazidən seçilən və ya SEÇDİRİLƏN bir millət vəkili həll edib? Hansınızın millət vəkili deputat mandatını alandan sonra görüşünüzə gəlib? Düşünün, əziz oxucular. Siz bu xoşbəxt anlar haqqında düşünməkdə olun, mən keçirəm mövzumun mətləbinə.

Sizi bilmirəm, mənə elə gəlir bizim məclisin deputatlarının yarıdan çoxu millət yox, ZİLLƏT vəkilləridir. Yəni buna üzağardan yox, üzqaraldan vəkillər də demək olar. Niyə?
Elə isə keçək mövzunun NİYƏSİNƏ...

Yəqin hər bir oxucu aktiv millət vəkillərinin kimlər olduğunu gözəl bilir. Mən də bilirəm. Bununla da işim yox. İşim o binada mışıl-mışıl yatib, günlərini havaya deputat kimi yox, YATAĞAN, yaxud da yaddaşlarda sifarişli hücümlar həyata keçirməklə qalan deputatlarladı.

Deyəsən, elə siz də girişdə ünvanladığımız sualı "lənət şeytana” deyib başınızdan atdınız. Bilirdim ki belə olacaq, ona görə də əvvəlcədən başqa bir sual hazırlamışdım (qabaqcadan deyim ki, bu sualın cavabını yazının sonunda özüm verəcəm): ovçularla bizim ZİLLƏT vəkillərini bir-birindən fərqləndirən oxşar xüsusiyyətlər nədir? Hər halda, siz də fikirləşin, bəlkə mənim cavabım sizləri qane etmədi...
Bizim toplum olaraq bir xəstəliyimiz var: "LAZIM GƏLƏRSƏ..." xəstəliyi onun yanında toya getməlidir. Cəmiyyətdən, jurnalistdən, seçildiyin ərazidən, seçicilərdən, bir sözlə, bütövlükdə ictimaiyyətdən qaçmaq xəstəliyi. Qaçmaq isə sözün bütün mənalarında can qurtarmaq anlamında həyata keçirilir. İstər döyüşdə, istər siyasətdə, istərsə də Milli Məclisdə. Bəs görəsən, bizim MİLLƏT vəkilləri kimdən, niyə və hara qaçırlar?

Əgər bir millət vəkilinin deputat sorğusuna hər hansısa komıtə rəhbəri, nazir və nazir müavini cavab vermirsə, həmin millət vəkili elə həqiqətən də millət yox, ZİLLƏT vəkilidir, əziz oxucum!
Millət vəkili təkcə Milli Məclisin binasının içində yox, həm də xalqın və seçicilərinin içində olmalıdır. Düzdür, yuxarıda qeyd etdiyim kimi, əsl millət vəkillərimiz var. Amma nə qədər? Şablon da olsa yazıram: BARMAQLA sayılası qədər...

Nə vaxtsa tirajladığımız xəbərlərin birində başda Milli Məclisin sədri olmaqla yanaşı bir neçə deputatımızın Həcc ziyarətinə gedəcəyi ilə bağlı məlumat vermişdik. And olsun bizim deputatların belə getdiyi O ZİYARƏTƏ ki, bu dünyanın ən möhtəşəm, ən gözəl ziyarəti HƏCC ziyarətidir. Amma hər bir ziyarətçinin də ZİYƏRATGAHA aidiyyatı olmalıdır axı...

O müqəddəs yerə gedib-gələnlərin dediyinə görə, ora gedib-gələndən sonra adamın içində qəribə duyğular oyanır. Kimi deyir elə bil dünyaya təzədən gəlirsən, kimi deyir sevincimdən ağladım, başqa birisi keçirdiyi hissi ifadə edə bilmir və sair. Amma kimliyindən asılı olmayaraq, bu hissləri də elə Kəbə evində dəfn etmək lazım deyil. O hissləri insan daimi qəlbində yaşatmalıdır. Əgər möhtərəm ziyarətçilər o hissləri, mərhəmətləri daima qəlblərində yaşatsaydılar, onda hər gün minlərlə müsəlman balasının günahsız yerə öldüyünün, körpə müsəlman uşaqlarının üstünə yağan "KEFLİ BOMBA"ların şahidi olmazdıq...
Mənə maraqlı olan isə əksəriyyəti biznesmenlər olan deputatlarımızdan o ziyarətə kimlərin gedəcəyi, ziyarətdən sonra hansı hissləri keçirmələridir və ən əsası, ziyarətdən qayıtdıqdan sonra hüququ tapdalanmış seçicisini hansısa yırtıcı məmurdan necə qoruyacaqlarıdı. Yaxşısı budur onlar elə ildə bir dəfə də olsa öz seçicilərinin yanında olsun. Necə ki, müasir atalar sözündə deyilir: Seçicisinin yanında olan deputat Kəbə ziyarətin neylər...

Bu FIRLANAN dünyada tale firladıb deputatlarımızın bəzisini dövlət hesabına HƏCİ də edəcək. Amma istər millət vəkillərimizə, istərsə də ZİLLƏT vəkillərimizə arzum yazıq, məzlum, torpağı, mənəviyyatı, hüquqları işğal altında olan, evi bəzi yerli icra hakimiyyətləri tərəfindən buldozerə verilən vətəndaşının hüquqlarını qorumaqdır...

Bizim millətin ZİLLƏT vəkilləri bilMƏMİŞ deyillər ki, bəzi vətənDAŞlarımız öz torpağında ikinci dərəcəli yox, üçüncü SORT insana çevriliblər. And olsun bizim də millət vəkillərinin getdiyi KƏBƏYƏ ki, eyni müəssisədə eyni işi aparan azərbaycanlı 300-500 manat, xarici isə 10-15 min manat maaş alır. Həmin o xarici dediyimiz məxluqların hüquqları tapdansa, maaşlarının başına bizimkilər kimi oyun açsalar, onların olkəsinin parlamentariləri yeri-göyü tarimar edərlər. Çünki o xarici zalımuşağnın Milli Məclisində ZİLLƏT vəkili yox, əksəriyyəti MİLLƏT vəkilidir. Lori dildə desək, onlara mandatı xalq verir və xalq da alır. Düzdür, o xalq dediyimiz zaddan bizdə də var. Amma bizim xalqın zadı hələ ki, başqa-başqa işlərə qarışıb.

Nə isə, əziz oxucum! Sizlərə millətini və seçildiyi ərazinin vətəndaşlarını mandatı kimi ürəyinin başında gəzdırən millət vəkilləri arzulayaraq gələn yazıyadək sağollaşıram...

Mövzunun ortasında gedən sualın cavabı belədir: Ovçularla deputatlar hər ikisi yalan danışırlar. Fərqləri isə ovçuların ovdan sonra, bizim deputatların isə seçkidən əvvəl yalan danışmalarıdır. Əlbəttə, bu heç də bütün ovçulara və millət vəkillərinə aid deyil. Söhbət yalançılardan və gopçulardan gedir...

P.S. Hanı bizim Milli Məclisdəki ideoloji cəbhənin əsgər deputatları, aslanları?

Hanı sizin sözünüzün kəraməti?

Hanı sizin okeanın o tayında partlayan sözünüzün qəlpələri... Ki, dövlətçiliyimizə qarşı yönələn ingilis, rus, fars siyasətini darmadağın etsin.

Hanı sizin şəhid valideynlərinin könlünü oxşayan statuslarınız?

Hanı?

Sizinləyəm...cənab deputatlar!!!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi