Rusiya-Ukrayna müharibəsində Türkiyənin sərgilədiyi mövqe
Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı hərbi hücumu ilə başlamış və qlobal siyasətə ciddi təsir göstərmişdir. Bu müharibə xüsusilə NATO üzvü olan Türkiyə üçün mürəkkəb bir geosiyasi vəziyyət yaratmışdır. Türkiyənin mövqeyi, bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən, digər tərəfdən isə Rusiya ilə güclü iqtisadi və siyasi əlaqələri qorumağa çalışan balanslaşdırılmış siyasətdir. Müharibənin başlamasından sonra Türkiyə öz mövqeyini beynəlxalq səhnədə bir neçə istiqamətdə müəyyənləşdirmişdir. Əvvəlcə Türkiyə Ukraynanın ərazi bütövlüyünün pozulmasına qarşı çıxmış və bu ölkənin suverenliyini açıq şəkildə dəstəkləmişdir. Türkiyənin bu mövqeyi beynəlxalq hüququn müdafiəsi və regionda sülhün bərpasında istiqamətlənmişdir. Ancaq bununla yanaşı, Türkiyə Rusiya ilə güclü enerji, ticarət və hərbi əməkdaşlığı davam etdirmişdir, bu da onun beynəlxalq münasibətlərində tarazlaşdırılmış siyasət yürütmək məcburiyyətində olduğunu göstərir. Türkiyənin Ukraynaya göstərdiyi dəstəyin mühüm hissəsi hərbi texnologiyalar sahəsində olmuşdur. Xüsusilə, Türkiyənin istehsal etdiyi Bayraktar TB2 PUA-ları(Pilotsuz Uçan Aparatlar) Ukrayna ordusuna verilmiş və bu texnologiyalar Ukrayna Silahlı Qüvvələrinin müharibədəki fəaliyyətində mühüm rol oynamışdır. Bu PUA-lar Ukraynanın müdafiə gücünü artıraraq, Rusiyanın hərbi texnikasına qarşı uğurlu əməliyyatlar həyata keçirməsinə şərait yaratmışdır. Bayraktar PUA-larının Ukrayna tərəfinə verilməsi Türkiyənin Ukraynanı dəstəkləmək niyyətində olduğunu açıq şəkildə göstərmişdir. Lakin Türkiyə eyni zamanda Rusiya ilə əlaqələrini tamamilə kəsməkdən çəkinmişdir. Rusiyadan alınan enerji resursları, xüsusən də təbii qaz Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Türkiyə iqtisadiyyatının Rusiya qazına olan asılılığı bu ölkənin Rusiya ilə münasibətlərində diqqətli olmasını tələb edir. Bundan əlavə, Rusiya və Türkiyə Akkuyu Atom Elektrik Stansiyası kimi böyük infastruktur layihələrində də birgə çalışırlar ki, bu da iki ölkə arasında əməkdaşlığın uzunmüddətli olacağını göstərir.Prezident Rəcəb Tayyib Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə mütəmadi olaraq əlaqə saxlamış və tərəfləri münaqişənin diplomatik yolla həllinə çağırmışdır. Türkiyənin vasitəçilik təşəbbüsləri nəticəsində 2022-ci ilin mart ayında İstanbulda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar baş tutmuşdur. Bu danışıqların nəticəsi məhdud olmuşdur. Türkiyənin vasitəçilik səyləri qlobal təhlükəsizliyə töhfə vermişdi. Türkiyənin iştirakı ilə həyata keçirilən “Taxıl Anlaşması”sayəsində Ukrayna limanlarında bloklanan taxılın dünya bazarlarına çıxşı təmin edilmişdir.Bu saziş, Rusiya-Ukrayna arasında davam edən müharibənin yaratdığı ərzaq böhranını yüngülləşdirmək üçün mühüm addım olmuşdur.
Əmrullayeva Aysun