azia.az
azia.az

“Yanan bina işi”: həbsdəkilər əsl günahkarların tapılmasını tələb edir

26-05-2017, 08:35

“Yanan bina işi”: həbsdəkilər əsl günahkarların tapılmasını tələb edir



Zərərçəkən “Qardaş, tapın görək bu binanı kim yandırdı?” deyir, vəkillər bəraət istəyir


Bakı Apelyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Akif Əlibəyov və Nizami Orucovun vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Qəzənfər Novruzovun vəkili isə onun şərti olaraq azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndirilən şəxslərin vəkilləri çıxışa hazır olmadıqlarını deyiblər. Proses iyunun 7-də davam edəcək.
15 nəfərin ölümünə səbəb olmuş yanğınla bağlı 2 ildən çoxdur gedən mübahisələr də bitmək bilmir. Bu hadisə ilə bağlı araşdırmalardan nə yanğından zərərçəkənlər razı qalıb, nə də cinayət məsuliyyətinə cəlb olunanlar. Məsələn, hadisədə bacı-qardaşını itirmiş zərərçəkən Feyzulla Bağırov bu il yanvarın 17-də məhkəmədə deyib ki, özünü də, əzizlərinin ruhunu da təhqir olunmuş sayır.

Çünki bu hadisə doğru-düzgün araşdırılmadı, həqiqət ortaya çıxarılmadı. O, işin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib. O, məhkəmədə deyib:


“Özümü, əzizlərimin ruhunu təhqir olunmuş sayıram. 7-8 nəfəri yığıblar bura ki, bunlar günahkardılar, nə bilim faşistdilər, güllələnməlidilər...

Qardaş, tapın görək bu binanı kim yandırdı? O yanğınla bağlı müəyyən versiyalar var, onların hamısı araşdırılmalı idi. Niyə araşdırılmadı?”
Təqsirləndirilən şəxslərdən binanı üzləmiş “Global Construction” və həmin üzlükləri istehsal edən “Global Stone” şirkətlərinin təsisçisi Miryusif Mahmudovun vəkili İlhamə Həsənova da müdafiə çıxışında iddia edib ki, bina qəsdən yandırılıb. Vəkil deyir ki, yanğından bir müddət öncə MTN əməkdaşları Miryusif Mahmudovdan 300 min pul tələb edib: “İstintaq belə nəticəyə gəlib ki, binaya bitişik tikilinin üstündə zibil olub, kiminsə ora təsadüfən atdığı siqaret kötüyü zibili tüstüləndirib, bu tüstülənmə də binanın poliuretan üzlüyünə keçib və bina yanıb. Bu fərziyyə məhkəmədə təsdiqini tapmadı. Bununla da ittiham tərəfi ”kim yandırdı, niyə yandırdı, necə yandırdı" məsələsini bir tərəfə qoyub araşdırmadı. Hadisədən bir müddət əvvəl MTN əməkdaşlarının Miryusif Mahmudovdan 300 min tələb etməsi, bu rüşvəti tam almayanda şirkətin üzlədiyi, Azərbaycan Veteranlar Təşkilatının yerləşdiyi binada mayın 16-da yanğın törətməyə cəhd göstərilməsi, mayın 19-da Azadlıq prospektindəki yanğın və bu yanğın başlayandan cəmi 40 dəqiqə sonra MTN əməkdaşlarının Miryusif Mahmudovun ofisinə basqın edib, onu həbs eləməsi, nəhayət, mayın 24-də Gəncədə Dədə Qorqud 2 ünvanındakı binada əllərində kerosin kanistri olan 2 nəfərin yaxalanması çox şeydən xəbər verir".


Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Miryusif Mahmudov 8 il azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.


Xatırladaq ki, yanğınla bağlı həbs edilənlər Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurlar. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində 15 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi