Samir Feyruzov, politoloq
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanda narkotik maddələrin dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparmaq üçün münbit şərait yaranmışdı. Dövlət bu problemin həllini strateji hədəf kimi önə çıxarmağı bacarmışdı. Bu dəfə narkotik şəbəkəni məğlub etmək lazım idi. Amma müharibədən sonra ölkədaxili, regional və qlobal şərtlərin ciddi şəkildə dəyişməsi bu problemi yenidən arxa plana keçirib. Problem yenə də masadadır, amma ciddi resursların və böyük enerjinin bu istiqamətdə yönləndirilməsini, sərf olunmasını tələb edir.
Bəs, şərtlər necə dəyişib?
1. Üç ildən artıqdır ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi müzakirə olunur. Sanki bu problem həll olunmadan ölkənin daxilinə dönə bilmirik. Sülh müqaviləsinin imzalanmasının vaxtı uzandıqca müxtəlif ölkələrin maraqları da bu prosesə qatılmış olur və müqavilənin müzakirəsi iki ölkənin məsələsi kimi yox, qlobal məsələ kimi daha ciddi şəkil alır. Maraqlar çoxalır, müzakirə mürəkkəbləşir, Ermənistan zaman qazanır və ABŞ-Rusiya arasındakı konflikt Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasındakı problemin əsas ölçü vahidinə çevrilir.
2. Ermənistan sürətlə silahlanır və heç şübhəsiz, təcavüzkar bir ölkənin sürətlə silahlanması Azərbaycanı da silahlanmaya məcbur edir. Bəlkə də Ermənistan mövcud şərtlərlə müqavilə imzalamaq istəmir və yenidən müharibə edərək özü üçün daha əlverişli şərtlər formalaşdırmağa çalışır. Təbii ki, bu məsələdə Ermənistan yetərli gücə sahib deyil, amma ABŞ, Fransa, Aİ və Hindistanın Ermənistan etdiyi hərbi və maliyyə yardımları kifayət qədər ciddi məsələdir və Azərbaycanın bu məsələdə həssaslıq göstərməsi, sərt bəyanatlar verməsi başadüşüləndir.
3. Qarabağ bərpa olunur və işğaldan azad edilən ərazilərə milyardlarla vəsait xərclənir. Təkcə bu ilin I rübündə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması üçün büdcədən xərcləmələr 1 milyard 220,7 milyon manat təşkil edib. Bundan başqa, bu il Qarabağ və Şərqi Zəngəzura 3 milyard 825 milyon manat vəsait nəzərdə tutulub.
4. Son bir neçə il ərzində ölkəmizdə bir neçə iri beynəlxalq tədbirlər keçirilib. Eləcə də, bu ilin noyabr ayında COP29 Azərbaycanda keçiriləcək. Təxminən 80 min xarici ölkə vətəndaşı ölkəmizə gələcək. Məhz bu tədbirə görə paytaxtda geniş işlərin yenidən görülməsinin nə qədər xərc tələb etdiyini bu sahənin mütəxəssisləri təxminsiz şəkildə hesablaya bilərlər, Bakı küçələrində bu işlərin görülməsinin (küçələr yenidən qurulur, asfalt örtüyü çəkilir, səkilər yenilənir, binalar rənglənir və s.) hansı zərurət dərəcəsində olduğunu da təxmin etmək elə də çətin deyil.
Şübhəsiz ki, aparılan işlər (xüsusilə də, Qarabağ və Bakıda) korrupsiyaya da şərait yaradıb. Bütün tenderlərin qalibləri nazirlərə, deputatlara, müxtəlif iri ranqlı məmurlara və onların ailə üzvlərinə məxsus şirkətlərdir.
Eləcə də, yuxarıda göstərilən bu amillər ölkə daxilində oturuşmuş və genefondun məhvinə yönəlmiş problemlərin həllinin gecikdirilməsinə haqq vermir.
Həmçinin, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan daha regionda döyüşmür, qlobal müstəvidə döyüşməkdədir. ABŞ, Fransa və Avropa İttifaqının açıq təxribatları Azərbaycanı effektiv və haqlı olaraq cavab tədbirləri görməyə vadar edir. Fransa ilə münasibətlərdə buna çoxlu sayda misallar çəkmək olar.
Bu qədər qlobal və ağır şərtlər daxilində ölkənin içərisində hansısa neqativ istiqamətlərin sonlandırılması inandırıcı görünmürmü?!
Amma narkotik maddələrin dövriyəsinə qarşı mübarizə və əhalinin sosial durumumun yaxşılaşdırılması əsas prioriet məsələ kimi önə çəkilməli və arxa plana keçməməlidir.
Biz sərhədlərimizdən kənarda daha yaxşı işləyiriksə, sərhədlərimizin içərisində də çürümənin qarşısını almağı bacarmalıyıq. Çünki düşmən öz içimizdə, ölkə daxilində bizə arxadan cəbhə açıb.