Bir neçə gün öncə İrəvana səfər edən Fransanın “Böyük Şərq” mason lojasının başçısı Kristof Abas Ermənistanda mason lojasını təsis edib.
Abas yeni təsis olunmuş mason lojasının üzvlərini açıqlamayıb.
O, Ermənistanda bu lojanın təsisini “qardaşlıq, bərabərlik və azadlıq” prinsipinə xidmət adlandırıb.
Lakin Ermənistan mediası indiki halda mason lojasının yaradılmasına şübhəli yanaşır.
Bəzi media orqanları masonların Ermənistana hakimiyyət çevrilişi üçün gəldikləri iddiasını irəli sürüblər.
“Lragir” saytı da belə ehtimalların olduğunu yazıb. Sayt qeyd edib ki, Ermənistanda mason lojasının yaranması “sui-qəsd” ideyasını önə çəkir.
“Hərəkatın liderləri inandırırlar ki, onlar gizli təşkilat deyil. Lakin dünyada masonluq ətrafında müəmma qalır. Güman etmək olar ki, Ermənistanda mason lojasının yaradılması bölgənin gələcəyinə hesablanmış addımdır. Lakin hazırkı hakimiyyətin onların planlarına uyğun hərəkət edəcəyi inandırıcı deyil. Bu da hakimiyyət dəyişikliyi haqda səslənən fikirləri yenidən gündəmə gətirir. Ümumilikdə Ermənistanda mason lojasının yaradılması sui-qəsd dalğasının başlanması haqda fikirləri gücləndirir”, - deyə sayt bildirib./Publika.az/