Bayraq səhvi
Araz Bayramov yazır
Türkiyənin qurtuluş savaşına aid məşhur "Kurtuluş" serialından bir epizod baxdığımdan bu yana yadımdadır. İzmirin işğaldan azad edildiyi vaxt, mərkəzi binaya girmək istəyən Atatürkün qabağına yunan bayrağı sərilir. O bunun səbəbini soruşanda cavab verirlər ki, kral bu binaya girəndə ayağının altına türk bayrağı sərmişdilər, siz də onun kimi edin. Atatürk də deyir, o bir millətin timsalını təhqir etməklə böyük səhv edib, mən o səhvi təkrarlamayacam.
Bu film biz uşaq olanda çox məşhur idi, bayrağa qarşı göstərilən münasibətin nümunələri bir bu filmdən, bir də amerikan və İsrail bayraqları yandıran fələstinlilərə aid videolardan yadımda qalıb. O vaxtlar televiziyada tez-tez görürdük ki, fələstinlilər aksiya edir və bayraq yandırırlar. Bu iki, bir-birinə əks olan davranış əslində iki qütbü təmsil edir. Başqa millətin heysiyyətini çeynəməyəcək qədər böyük və ya bayrağı alçaltma kimi ibtidai bir davranışı sərgiləməyəcək qədər təmkinli olan və ya bayraq yandıraraq cılız olmağı seçən insanlara aid qütblər.
Hansı daha yaxşıdır? Böyük, yoxsa cılız olmaq? "Şindlerin siyahısı" filmində Oskar Şindler SS zabitinə deyir ki, əgər sən öldürürsənsə, demək, az güclüsən, öldürməmək daha güclü və böyük olmaq deməkdir.
Bu bayraq yandırma məsələsi də bizlərdə yox idi, sağ olmasın erməni psixopatlar, digər komplekslər kimi, onu da bizə bulaşdırdılar.
Rəmzlərin sabitliyi və müqəddəsliyi məsələsi çox nisbidir. Bayraq, gerb, və digər atributlar dəyişilməz, sabit, tabu olan bir şeylər deyil. Əksinə, həqiqi bayraq yandırılmayacaq qədər güclüdür. Əgər bu rəmzlər təmsil etdiyi kütlənin beynində və qəlbində yaşayırsa, o hər hansı bu tipli aktdan zərər çəkmir. Bu akt isə onu həyata keçirənləri daha da kiçildir.
Əhəd Abıyevin erməni bayrağına (əslində Kolumbiya bayrağına) endirdiyi zərbə də ermənilərin başladığı bir aktın davamıdır. İlk dəfə ermənilər əsgərlərinə Azərbaycan və Türkiyə bayrağı kimi hazırlanmış hədəfləri qırdırmışdılar.
Bir neçə gündür Əhəd müəllimin qəhrəmanı olduğu mövzu müzakirə olunur və məsələ Kolumbiya mətbuatına qədər gedib çıxıb. Təəssüf ki, Azərbaycanda da bu tipli cılız işlərə cavab verən kimsələr tapılır. Hətta bəzən təşəbbüs bizim özümüzdən gəlir. (Hesab edin ki, yazının bu yerində geri dönüb "təəssüf" sözünü sildim, təəssüflənmədiyimə görə yox, sadəcə təəssüflənmək burda sanki heç də adi olmayan bir hadisənin təsviri kimi görünür).
Sosial şəbəkələrdə isə bu cür işlərin bir başqa forması var. Sərkisyana eşşək qulağı artırmaqla düzəldilən şəkillər. Müxtəlif səviyyəsiz montajlar, dublyajlar, mətnlər və sair. Hətta bu tip insanların istəyini nəzərə alıb bir sayt da yaradıblar. Sən həmin sayta girib istədiyin bayrağı yandıra bilərsən. Mənasızlıq.
Bir şey dəyişmir, bir şey əldə olunmur, əksinə, məsələ daha səviyyəsiz bir müstəviyə keçir və edilməsi lazım olmayan şeylər qəhrəmanlıq aktı kimi təqdim olunur. Əslində burda əsas səhv Ermənistan əvəzinə Kolumbiya bayrağını yumruqlamaq deyil, aktın özü bütövlükdə səhvdən ibarətdir. (musavat.com)