azia.az
azia.az

Əli bəy Hüseynzadə ilə Mirzə Cəlilin davası...

23-10-2021, 09:49


Qan Turalı yazır...
Əli bəy Hüseynzadə ilə Mirzə Cəlilin davası...
Əli bəy Hüseynzadə ilə Mirzə Cəlilin davası...

Həqiqət həmişə uzaqdadır. Ona çatmaq, ona yetmək isə təkcə biliklə bağlı deyil. İnsanın həqiqəti dərk etmək istəyi önəmlidir. Çünki insan bir çox hallarda məna axtaran yox, qarşısına qoyulan mənaya inanmaq istəyən bir varlıqdır. Buna görə də insanların fikir kimi irəli sürdükləri şey xalis cəfəngiyyatdır. Arxasında heç bir fakt, heç bir sübut, heç bir arqument dayanmır. Bir cümlə ilə girişi bitirib mətləbə keçək: Fikri azadlığa hörmət gərəklidir, fikrə isə yox, çünki faşizm də mahiyyət etibarı ilə bir fikirdir, irqçilik də bir fikirdir. Bizim Molla Nəsrəddin məktəbi və onun üzvləri ilə bağlı yayılan cəfəngiyyat da məhz qərəzin və nadanlığın təzahürüdür.

Sən demə, mollanəsrəddinçilər xalqı təhqir edirmiş, ancaq füyuzatçılar cümhuriyyət ideologiyasını yaradıblar. Əvvəlcə, onu qeyd edək ki, Molla Nəsrəddin məktəbi və onun görkəmli ideoloqu Cəlil Məmmədquluzadə ömrünün heç bir dövründə siyasi fiqur olmamışdı. Sovet dövründə də onları inqilabçı kimi təqdim edirdilər ki, bu da səhv düşüncədir. Bu məktəb Avropa maarifçilik hərəkatından təsirlənmişdi. Onlar maarif, elm, incəsənətlə ideal cəmiyyət qurulacağına inanırdılar.

Görkəmli alman filosofu İmmanuel Kant “Maarifçilik nədir?” məqaləsində belə yazırdı: “Maarifçilik insanın öz zəkasının istifadə etməməyi ucbatından düşdüyü vəziyyətdən zəkaya qayıdışla xilas olmaqdır”.

Zəkanın qarşısındakı əngəl nə idi?

Ən birincisi kilsə...

İslam dininin mahiyyətində hər nə qədər ədalət, zəka və əxlaq prinsipləri olsa da ötən əsrlər ərzində bunlar unudulmuşdu. Din xadimləri hər cür yeniliyin, elm və təhsilin inkişafının qarşısını alır, dünyəvi elmlərin tədrisinə imkan vermir və cəmiyyətin zülmətdə saxlamağa çalışırdı. Bu yanaşma siyasi hakimiyyətlərin də mənafeyinə uyğun gəlirdi. Və bu məramla Mirzə Fətəlidən başlanan ideya xətti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyli kimi ziyalılarla davam etdirildi. Cəlil Məmmədquluzadə Azərbaycan nəsrini yaratdı, Sabir ədəbiyyatımızı klassik divan ədəbiyyatının buxovlarından azad edərək inqilabi bir iş gördü, Üzeyir bəy milli operanın əsasını qoydu. Bunlar olmadan heç bir millət, millət ola bilməzdi.

Bəs bu dövrdə Füyuzatçılar nə edirdilər?

Çap ömrü bir il olmuş və bu müddətdə 32 nömrəsi çap edilmiş jurnal türkçülüklə islamçılığın sintezini və Avropa modernizmini təbliğ edirdi. Baş redaktoru Əli bəy Hüseynzadə olan jurnalla Məhəmməd Hadi, Hüseyn Cavid, Abdulla Şaiq kimi imzalar əməkdaşlıq edirdi. Onların ideoloji platformasını mübahisələndirmək yersizdir, bu uzun söhbətdir. Ancaq “Füyuzat” jurnalının tutduğu yol elə öz dövründəcə çox məhdud bir tərəfdar qazanmışdı. Jurnalın çap ömrünün qısa çəkməsinin əsas səbəbi də bu idi.

Mirzə Cəlilin “Xatıratım”da bu barədə maraqlı məqamlar var. Belə ki, o, “Novruz” adlı qəzetin çapına icazə verilməsi üçün müraciət etsə də, buna icazə ala bilməsə də, Əli bəy və Əhməd bəy Ağaoğlunun “Həyat” qəzetinə izin verilməsi onu məmnun edir. Qəzetin ideya xətti isə Mirzə Cəlili narahat edir: “Əli bəy və Əhməd bəyin yazıçılıqda (jurnalistikada-Q.T.) məharətlərini təsdiq edə-edə o qəzetlərini o yerdə xoşlamadım ki, möhtərəm qələm sahibləri islamçılıqdan və müsəlmançılıqdan dəm vurur, şəriət vaizi kimi müsəlmanları islam dinində sabitqədəm olmağa dəvət edirdilər”.

Bu cür münasibət əlbəttə ki, ideoloji fərqlilik üçün kifayət qədər əsaslı və təbii idi. Ancaq dörd il sonra, Əli bəy Türkiyəyə köçmək üçün Batumiyə gedəndə yolüstü Tiflisə gəlir və “Molla Nəsrəddin”in redaksiyasında olur.

Davamı “Xatırat”dan: “Söhbət “dil”dən düşdü və möhtərəm ədibimiz mənə belə dedi: “Yaxşı yazırsınız”. Mən Əli bəyə ərz etdim ki, onun tək bir şəxsdən eşidilən bir sözünü mən havayı danışılan sözlərin cərgəsinə qoya bilmərəm. Çünki Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən tək bir cavan yazıçıya yazı barəsində dediyi sözü mən ciddi bir söz hesab edəm gərək. Əli bəy mənə dediyi sözü təkrar və təsdiq etdi və həmişə adət etdiyi kimi başını aşağı salıb guya öz-özünə dedi: “Açıq yazmağı da bacarmaq lazımdır”.

(Söhbət baş verdiyi vaxt Əli bəyin 46, Mirzə Cəlilin 41 yaşı vardı. Mirzə 41 yaşında özünü Əli bəyin yanında gənc yazıçı sayırdı.)

Bəlkə də bu dialoq bütün prosesi anlamaq üçün kifayətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi