Üzeyir bəyin uvertürası ilə dünyanı fəth etmək olar
Üzeyir bəyin uvertürası ilə dünyanı fəth etmək olar
Üzeyir Hacıbəyov dünya musiqi tarixində elə bir uvertüra yaratdı ki, olmayan kimi...
Nizami Süleymanoğlu
Bütün dünya millətləri bir yerə yığılıb eyni vaxtda həmin uvertüranı dinləsə, bəşəriyyət heyrətə gəlib bir ağızdan deyər ki, onun mənsub olduğu milləti məğlub etmək mümkünsüzdür. Hiylə ilə, şövinist arxalarla yaranan məğlubiyyət onunla razılaşmayan millət üçün tarix səhnəsində hələ məğlubiyyət demək deyil.
Nəinki Azərbaycan, bütün dünya türklərini Üzeyir bəy əbədi təşəkkür, minnətdarlıq borcuna saldı. Bunu “Koroğlu” uvertürası ilə elədi. Tarix bir də Üzeyir bəyi yetirməyəcək. Necə ki, fərqli dinlərin peyğəmbərləri hz.İsa, hz.Musa, hz.Məhəmməd, Zərdüşt, Budda... bir daha doğulmayacaq. Onlar əbədiyaşardır. Üzeyir bəy də uvertüranın əbədi peyğəmbəri.
Türklərin qəddar tarixi düşməni, amansız diktatorlardan olan Stalinin qarşısına gülələnəcək adamların siyahısı qoyulur. Üzeyir bəyin adını görəndə deyir ki, bu, “O olmasın, bu olsun”u yazan “Qadjibekov”dur. Belə adamı güllələmək olmaz. Diktatorların diktatorluğunu əksəriyyət görür. Amma böyüklüyü böyük görmənin - böyüklüyün böyüklüyü olduğunu hamı bilmir. Bəs Azərbaycan xalqı Üzeyir Hacıbəyovu bütünlüklə dərk edirmi? Özünü tərk eləməyən toplum Üzeyir bəyi necə dərk edə bilər? Bu dühanı yetirən Şuşanın işğalına dözüb, üstəlik, 27 il işğal stajını uzadan xalq öz dahisini necə dərk edə bilər?
Mən Konservatoriyanın qarşısından keçməyə utanıram. Orada oturan Üzeyir bəyin nəinki ruhundan, hətta heykəlinin də gözünə görünməkdən həya eləyirəm. Bu duyğularımı heç qarışqaya da sübut etməyə ehtiyacım yoxdur. Çox dərdləri torpaq və zaman sağaldır. Bizlərdə torpaq işğallarla azalır, zamanın isə özü xəstə... Qarabağı, vətəni sevirəm deyən xalqa bu mövzuda o qədər də inanmağım gəlmir. Sevgini istisinalarla dilə gətirmək səmimiyyətdən uzaqdır. O, dilə gəlməz, izah istəməz, sadəcə, ortalığa qoyulub, təsdiqlənər. Sevgi heç bir bəhanə sığınacağında daldalanıb təsəlli ilə uzun illəri gen-bol xərcləməz.
Müşahidələr, məntiqi analizlər göstərir ki, musiqimizin zamana görə ən güclü təhqiqatçı-tənqidşünaslarından biri məhz Üzeyir bəyin həmyerlisi Firudin bəy Şuşalıdır. Əksər sənətlər, peşələr qarşıya qoyulan məqsədlə seçilir. Lakin şairlikdə, tənqidşünaslıqda bu məsləkləri qarşıya məqsəd kimi qoymaq mümkünsüzdür. İnsan ona görə şair, əsl tənqidçi olur ki, başqa cür ola bilmir. Yəni insan şairliyi deyil, şairlik insanı seçir. Eləcə də əsl tənqidşünas-tədqiqatçı arxivisti...
Tənqidçilik ensiklopedik bilik, polefenik (çoxşaxəli) ağıl tələb edən işdir, sahədir. Firudin bəyin ümumi qabiliyyətlərinin heç olmasa beşdə birinə sahib olmayan bəziləri ən müxtəlif istiqamətlərdən onun nəinki yaradıcılığını, hətta şəxsiyyətini də qərəzli tənqid-təhqir atəşinə tutdu. Əslində, böyük arxivist tənqidşünas özü onu tənqid etməyə boş yerlər, açıqlar buraxmayıb. Bu halda, ona edilən hücumlar tənqid adı altında üzərinə atılan palçıqdır, kirdir ki, bu da murdar düşüncələrdən gəlir. Onların yanaşma tərzlərinə diqqət edəndə tam aydın olur ki, belələri özlüklərində psixoloji nadanlardır və başqalarını da öz viruslarına yoluxdurma şakərinə girişiblər. Onların Firudin bəyə qarşı guya musiqimizin təəssübkeşi qismində apardığları hücumların istər mənfi, istərsə də müsbət emosiyaları büsbütün saxtadır. Saxta emosiyaların yaratdığı, təsirində olduğu sözlər də, düşüncələr də heç vaxt sağlam, xalis ola bilməz. Murdarlıqla təmizlik yaratmaq olmadığı kimi, təmizlik murdarlığı və əksinə, biri digərini heç vaxt sevməz, qəbul etməz. Firudin bəyə qərəzli hücum edənləri nəinki bu mənada anlamaq olar, bu, hətta vacibdir. Kimlərsə yazı, sayt, digər elektron vasitələrlə öz axmaqlığını ortaya qoyub, böhtançı, cahil olduğunda israr edirsə, əlbəttə, iddialarında haqlıdırlar.
Bu mövzuda yazılarım xüsusən şərə cavab, hücumlardan müdafiə məqsədi daşımaq üçün deyil. Anlayış üçün yazıram ki, yazmamış olmayım.
Qarabağını unudan çox insanları gördüm. Duyğusuz və mənasız həyatları ilə insan kimi doğulub, heyvan kimi yaşayanları... Çox, lap çox adamları gördüm qohumlarımın içində də... Saxtalığı, xalisliyi ilə.
Firudin bəyin bir neçə əzizini də gördüm. 23 il öncə dünyadan köçmüş ağsaqqallarına hücumdan bərk qəzəbli idilər. İçləri içlərinə sığmırdı. Onları dinləyəndə içim sızladı. Dərdləri ilə dərdləndim. Mənim dəyərli insanların sonradan çoxları kimi adiləşməsindən xoşum gəlmir. Amma gördüm ki, Firudin bəyin yaxınları 20 il öncə bildiyim, tanıdığım fərqliliklərini itirməyiblər. Ona görə də bu mövzuda ictimaiyyətə qayğıları yazdım. Anlatmaq istədim ki, Firudin bəy Şuşalının adına, xatirəsinə, ruhuna bəslənən sevgi ictimaidir. Cəmiyyətə anti-Firudinçi virus yayanlara təbii ki, yazılarım vaksin, peyvənd effekti verdi bu mərhələdə. Həkimin xəstəyə qəsdi-qərəzi olmadığı kimi, mənim də qarşı tərəfə qərəzim yox kimidir. Elə xəstələr olur ki, şəfa üçün əlacları möhkəm silkələndirməkdən keçər. Bu da bir üsuldur ki, şərin cavabı gerçəklə verilməlidir.
Firudin bəy Azərbaycan musiqisinin canını ona uyğunlaşmayan, uyuşmayan xeyli neqativ effektlərdən və “deffekt”lərdən qurtardı. Musiqi ilə xalqın ruhuna verilən zövqü orijinal, sərrast və şəfalı tənqidləri sayəsində daha keyfiyyətli hala gətirdi. O yaxşı bilirdi ki, üzərinə götürüb daşıycısı olduğu tənqidşünaslıq sahəsinin problemlərinə görə yalnız yaşadığı dövrdə deyil, dünyadan köçəndən sonra da fikirləri təftiş ediləcək.
O, sağlığında dünyada olmayacağı zamanları da nəzərə alıb, düşüncələrini etalon səviyyəyə qaldırırdı. Bu, uzaqgörənlikdir. Tənqidlərində bütün göstərişlərini öz təfəkkür tərzindən alırdı. Bu təfəkkür isə o qədər dərin və çoxyönlü idi ki, klassika doğururdu. Onun yanaşmalarında düşüncənin antik gözəlliyi yaşayır. Azərbaycan xalqı, xüsusən musiqi, incəsənət əhli unutmamalı ki, məhz Firudin bəy öz zamanında Azərbaycan musiqi sənətinin nadir incilərini toplayıb kitablaşdıraraq bənzərsiz xəzinəsini miras qoymuşdur. Bu xəzinəni qorumaq, onları yeni-yeni versiyalarda ictimaiyyətin malı etmək, bu yaradıcı dühanı anım, ad günü və digər xatırladıcı tədbirlərlə unutmamaq, yeni nəslə sevgilərlə ötürmək lazımdır.
Gözəl insan və qələm sahibi Kənan Aslanın “Laf tv”-dən Firudin bəy Şuşalıya yönələn hücumlar qarşısında şax duruşunu gördüm, ədalətli düşüncələrindən zövq aldım. Onu aradım, görüşdüm və məlum oldu ki, Azərbaycan şəxsiyyətlərindən, eləcə də musiqidən, Firudin bəy Şuşalıdan bəhs edən bir sıra oxunaqlı kitablar müəllifidir. Allah qorusun Kənan Aslanlarımızı!
Nə yazıqlar ki, xalqımız Üzeyir Hacıbəyovun taleyini sonda erməni həkimlərinə etibar etdi və daha doğrusu, o zaman etdirildi. Nəticədə, böyük Üzeyir erməni həkimlərinin xüsusi səyi ilə... SİZLƏRƏ ÖMÜR...
Firudin Şuşniski də psixoloji - ideloji terrorun uzun sürən ardıcıllığının qurbanı oldu. Elə aristokrat terrorlar Azərbaycan dühalarına qarşı həmişə dəbdə olub, təkmilləşdirilib, xüsusi məkrli inkişaf mərhələsi keçib.
AZƏRBAYCANDA FƏRQLİ EHTİMALLARIN İNTUSİYA İLƏ DƏRK EDİLMƏSİ QABİLİYYƏTİ ÇOX AŞAĞIDIR. Bunu hələ Qarakənd - vertalyot qəzasında ilk dəfə dərindən anladım. Bu hadisə dünya, terror təxribatında orijinal bir kombinasiya idi. Nə qədər belədir, şahanə fərdlərin, dahilərin, böyüklərin... taleyi ən müxtəlif terror hədələri ilə izlənməkdə davam edəcək. Azərbaycan ona qarşı olan dövlətlərin də, xalqların da, ayrı-ayrı adamların da psixologiyasını dərindən mənimsəməlidir ki, Polad generallarını itirmək vərdişini tərgitsin. Bu necə millətdir? Onun böyüklərini öldürürlər, o da yalnız qeybət edib ağlaşma qurur.
Zəhərin təsiri onun dozasından asılıdır və nə yazıqlar ki, zəhər zamana işləyib, xalq fərqində deyil. Bəs nə vaxta kimi?
Mən məqamı hansısa üslubda zorlamıram. Yazı özü-özünü yazır. Yəni, içimi azad buraxıram. Kimisə də inanmağa dəvət etmirəm. Yazı bilər, oxucu bilər, mən vasitəçiyəm. Yazı özünü duyğuların, hisslərin axınına buraxmalıdır ki, təbii olsun.
İnsanlar bir-birinə arxa, kömək olmalıdır ki, xalq birliyi alınsın. Çətinliklərdən, əzablardan yalnız xalq birliyi ilə çıxmaq olar.
Qəm yemə deyərək, axı mən neynim,
Məgər yoxmu sənin düşünən beynin?
ÜRƏK
ESSE
(Firudin bəy Şusalının oğlu Məhəmməd bəyə ithaf)
SİTƏMLƏRDƏN BEZMƏYƏRƏK,
DÖYÜN ÜRƏK, DÖYÜN GÖRƏK!
Axx... nisgilli ürək!
Nələr çəkdiyini daha çox Tanrı bilir. Sən də, mən də bildiklərimiz qədər bilirik. Ağır, qubarlı dönəmlərdir. Sən canımda dirən ki, mən də dünyada dirənə bilim. Mən yatan gecələrin illər uzununda sən yatmadın. Yenə də yatma, durma, dayanma! Döyün, çırpın, köməkliyini əsirgəmə! Səni sinəmdə gəzdirirəm. Sən də ayaqlarımla, xəyallarımla gəzdir məni. Yarı yolda tərk eləmə, ömrün mənzil başına 50-ni, 55-i çox görüb tələsmə! Tanrı bilən məsləhətdir, ən azından asta tələs!!!
Səndə həmişə gözəl duyğular bəsləmişəm. Sən də sadiqliyindən qalma! Bilirəm, həddən ziyadə hüzün və dərdlərlə döyündün, ağrıdın, sıxıldın. Xətrinə mən də dəydim, başqaları da ... Könlünü almağı düşünürəm. Gəncliyimdəki səsinlə, həvəsinlə, gücünlə döyün!
Ritmlərinə, döyüntülərinə İmkan Verən versin! Nə qədər möhlət var, bir az kədərlə, bir az ümidlə və ən əsası Tanrı xatirinə eşqlə döyün! Səndə olanları həyata keçirməyə yeni imkanlar arayıram.
Sən də səndəkiləri torpağa gömməyə tələsmə, ürək! Səni dərdlərlə yükləmək məndən çox asılı olmayıbsa, bunu da nəzərə al! Döyüntülərini yeni-yeni gözəl davranışlarda, hərəkətlərdə, yaşantılarda, xeyirxahlıqlarda dinləməyə ehtiyacım xeylidir.
Məni sənsiz buraxma! Səni kədərlərimlə çox yaşatdım. Sən də sevgilərinlə döyünməkdə davam et, yaşat məni! Məni qoru ki, mən də səni qoruya bilim.
Uca Tanrı səmimi ürəkləri qorusun. Amin!