YAP-çı deputatın həbsi gündəmdə
Belə iddialar var ki, Ş.Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır
Azərbaycan Dövlət İqtisad Universitetinin(ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin həbs edilə biləcəyi ilə bağlı xəbərlər yenidən intensivləşib. Bir müddət əvvəl Ş.Hacıyevin səhhətində problemlərin yaşandığı haqda məlumat yayılsa da, bu günlərdə o Səudiyyə Ərəbistanın müstəqillik günü ilə bağlı tədbirdə görünüb.
Ş.Hacıyevin ADİU-ya rəhbərlik etdiyi dövrdə baş verən yeyintilərlə bağlı cinayət işi başlansa da, hələ ki, bu barədə rəsmi bilgi yoxdur. Belə söhbətlər var ki, Ş.Hacıyev başlanmış cinayət işinin onun üçün heç bir yaxşı nəticə vəd etmədiyini anlayır və çıxış yolları arayır.
Yada salaq ki, ADİU-ya dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsində böyük maxinasiyalar üzə çıxarılıb. ADİU-dakı yoxlamaların nəticəsi olaraq Hesablama Palatasından Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan hesabat araşdırılıb. İlkin araşdırma zamanı yoxlama dövrünü əhatə edən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İqtisad Universiteti ilə bağlı başlanmış cinayət işi üzrə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Aparılan araşdırma nəticəsindən asılı olaraq ayrı-ayrı şəxslərə qarşı cinayət işi açıla bilər.
Bu barədə isə modern.az-a Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev bildirib.
O qeyd edib ki, İqtisad Universitetində aparılan yoxlamalar nəticəsində cinayət faktları meydana çıxıb:
“Hesablama Palatası birbaşa bu məsələ ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Baş Prokuroluğa müaraciət edib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müvafiq araşdırma aparılır. Araşdırma nəticəsindən asılı olaraq şəxsə görə yox, fakta görə cinayət işi qaldırılıb. Gələcəkdə bu cinayət işinə görə ayrı-ayrı şəxslərin məsuliyyətə cəlb edilməsi istisna edilmir”.
Ə.Nuriyev bildirib ki, ilkin dövr üçün araşdırma aparılmalıdır: “Konkret şəxsləri məsuliyyətə cəlb etmək üçün yetərli dəlillər toplanmalıdır. Və yalnız bundan sonra ayrı-ayrı şəxslərə qarşı cinayət işi başlana bilər. Eyni zamanada nəticələrdən asılı olaraq konkret şəxslərə qarşı cinayət işi başlamaq, yaxud da cinayət işini rədd etmək haqqında qərar qəbul edilə bilər. Kim məsuliyyətə cəld ediləcək, yaxud kimlər kənarda qalacaq, bu, dəlillərin əsaslılığı və yetərliliyindən asılı olacaq”.
ORXAN