İnklüziv təhsil: "Uşaqlar travma almadan təhsilə cəlb olunmalıdır"
Bəzi xüsusi ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil yaradılıb. Lakin bəzi valideynlər övladlarını ya təhsildən ayırır, ya da bu tip məktəblərə göndərmək istəmirlər, və onları normal məktəblərə yerləşdirirlər. Bu yanaşma, digər şagirdlərin təhsil alması və təhlükəsizliyi ilə bağlı bir sıra problemlər yarada bilər.
Buna baxmayaraq, bəzi məktəblər xüsusi qaydalara ehtiyacı olan uşaqlar üçün normal məktəblərdə təhsil almağa şərait yaradır, bu isə bəzi valideynlər arasında narazılığa səbəb olur. Məktəblərin bu şəraiti yaratması nə dərəcədə düzgündür və bu hal baş verərsə, şagirdlərin təhlükəsizliyi necə təmin olunur?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, Azərbaycanda inklüziv təhsilin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir. Bu qaydalar çərçivəsində şagirdin yaşadığı əraziyə yaxın məktəb seçilir, və inklüziv sinifin təşkil olunması üçün həmin təhsil müəssisəsinin infrastrukturu sağlamlıq imkanları məhdud uşaqlara əlverişli olması məqsədilə tədris ilinin əvvəlində uyğunlaşdırılır:
"İnklüziv təhsil anlayışı ilə bağlı cəmiyyətdə bir yanlış fikir mövcuddur: bəziləri inklüziv təhsili yalnız tibbi baxımdan problemli, yəni əlilliyi olan şəxslər üçün tətbiq olunan siniflər kimi başa düşür. Lakin beynəlxalq təcrübədə inklüziv təhsil yalnız sağlamlıq imkanları məhdud uşaqlarla bağlı deyil. İnklüzivlik anlayışı daha genişdir və burada fərqli təhsil tələblərinə malik, müxtəlif irq, din və mədəniyyətə mənsub uşaqlar da nəzərdə tutulur. İnküziv təhsil, icbari təhsilə cəlb olunan hər bir fərdin müxtəlifliyinə baxmayaraq, cəmiyyətdə özünü ifadə etmək, təhlükəsiz hiss etmək və dəyər görmək imkanı əldə etməsini təmin edən bir mühitin yaradılmasını nəzərdə tutur".
Həmsöhbətimiz qeyd edib ki, məktəb mühiti elə qurulmalıdır ki, fərqli ehtiyacı olan şagirdlər özlərini yad hiss etməsinlər və sinifdə qaynayıb-qarışa bilsinlər:
"Digər şagirdlər isə onlara qarşı aqressiya nümayiş etdirməməli, əksinə onlara dəstək olmalıdırlar. İnklüziv siniflərdə dərs deyəcək müəllimlər isə bu sahədə xüsusi bilik və bacarığa sahib olmalı, davranışları idarə edə bilən və mühiti tənzimləyən şəxslər olmalıdır. Müəllimlər, əlilliyi olan şagirdlər və digər şagirdlər arasında bir körpü yaradaraq, münasibətləri düzgün şəkildə tənzimləməlidirlər ki, heç bir şagird kənarlaşdırılmasın. Bu proses həm şagirdlər, həm də valideynlər arasında düzgün münasibətlərin qurulmasını tələb edir.
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin tibbi qüsuru olması onları cəmiyyətdən təcrid etmək üçün səbəb olmamalıdır. İnklüziv təhsil sayəsində belə uşaqlar cəmiyyətə daha yaxşı uyğunlaşa bilər və onların başqa yerdə yaşamaq imkanı yoxdur, onlar da bu cəmiyyətin bir üzvüdürlər. Şagirdlər arasında aqressiya yalnız müəllimin həmin uşağa qarşı qeyri-münasib davranış sərgiləməsi nəticəsində yaranar. Buna görə də müəllim mühiti elə qurmalıdır ki, şagirdlər arasında münaqişələr deyil, səmimiyyət və anlayış yaransın. Əgər müəllim bunu düzgün qura bilmirsə, deməli, o müəllim inklüziv sinifdə dərs vermək üçün uyğun deyil və bu məsələ məktəb rəhbərliyi tərəfindən diqqətlə nəzərə alınmalıdır".
İ.Orucov bildirib ki, dünyada inklüziv təhsil sahəsində fərqli təcrübələr mövcuddur və bu təcrübələr mütləq şəkildə öyrənilməlidir:
"Elm və Təhsil Nazirliyi müəllimlər üçün təlimlər təşkil edir. İnklüziv siniflərin qurulması və bu sahədə işlərin düzgün təşkil olunması istiqamətində addımlar atır. Məktəb psixoloqları da bu sahədə şagirdlərlə ciddi şəkildə işləməli, onların ehtiyaclarına uyğun dəstək göstərməlidirlər.
Valideynlər də bu prosesi düzgün başa düşməli və övladlarını bu cür şagirdlərə qarşı həssas olmağa təşviq etməlidirlər. Cəmiyyətin özündə müxtəlifliklər mövcuddur, məsələn, varlı-kasıb, irq və dini fərqliliklər. İşini yaxşı bilən mütəxəssislər, bu prosesin düzgün şəkildə aparılmasını təmin etməli və uşaqların travma almadan bu mühitə uyğunlaşmasına şərait yaratmalıdırlar. Əgər müəllim öz işini düzgün yerinə yetirirsə, şagird valideyninə izah edərək, inklüziv təhsilin düzgünlüyünü və bu şagirdlərin də sinif yoldaşları olduqlarını vurğulamalıdır.
6 yaşından sonra təhsil icbaridir və fərqi yoxdur ki, uşağın hansı geriliyi və ya fərqliliyi var. Fərqliliklər və geriliklər əsasən təhsildən kənarlaşdırılma səbəbi olmamalıdır. Bu məsələ sadəcə rəhm məsələsi deyil, həm də hüquqi bir məsələdir. Azərbaycanda, eləcə də dünyada, eyni mühitdə təhsil almaq hüququ hər bir uşağa aiddir.
Cəmiyyətdə inklüziv təhsilə yanaşma daha da inkişaf etməlidir. Maarifləndirici verilişlər və mütəxəssislərin fikirləri ilə cəmiyyətdə fərqliliklərə qarşı daha çox dözümlülük və anlama yaradıla bilər. Dövlətimiz bu sahədə doğru addımlar atır və inklüziv təhsilin inkişafına şərait yaradır".