Məktəblərimizi məktəb edə bilməsək, universitetlərimiz universitet olmayacaq
İlham Əhmədov, Dos.
Kadrların sertifikasiya prosesi vüsət alıb. Müəllimlərin və həkimlərin sertifikasiya prosesi, hər iki sahədə təxminən eyni vəziyyətin olduğunu göstərir. Universitetlərimiz hələ də keyfiyyətli kadr hazırlaya bilmir. Bəs bunun üçün nə etməliyik?
19 ildir universitetlərimiz Boloniya prosesinə qoşulub, amma hələ də universitetlərimizdə işlək mexanizm kimi "keyfiyyətə təminat sistemi" yaradılmayıb.
Obrazlı ifadə etsək, Universitetlərimizə "emal üçün gələn ilkin xammal" - orta məktəblərdən gəlir. Əgər məktəb məzunları kütləvi şəkildə 150-200 balla universitetlərə qəbul edilirsə, universitetlər onlardan keyfiyyətli kadr hazırlaya bilməyəcək.
Belə zəif məktəbliləri sertifikasiya səviyyəsinə qaldırmaq çətindir.
Digər məsələ universitetlərin fəaliyyətini gücləndirməkdir.
Bunun yollarından biri də universitetləri ciddi və güzəştsiz, yüksək standartlarla akkreditasiya etməkdir. Bizdə bu məsələ də düz qurulmayıb, çünki, ETN bilir ki, ciddilik artsa, 80 % universitetlər akkreditasiyadan keçə bilməz, necə ki, məzunları sertifikasiyadan keçə bilmir.
Bəzi hallarda universitetlərə zəif kadrlar rektor vəzifəsinə təyin edilir, o da özündən də zəif kadrları ətrafına toplayıb "komanda" düzəldir. Sonra da heç bir təcrübə, ideya, strategiya, proqram və maliyyə təminatı olmadan, universiteti "idarə edir". Belə "idarə etmə" və "inkişaf"ın nəticəsi qlobal reytinqlərdən başlamış yetişdirdiyi kadrların sertifikasiyasına qədər hər yerdə özünü göstərir.
Yuxarıda işlər, bütün proseslər sahmana salınmasa, standartlara cavab verməsə, aşağıda nəticə dəyişməyəcək, standarta uyğun kadrlar yetişməyəcək.
Bu halda, 100 il də sertifikasiya aparılsa, yenə də keyfiyyətsiz kadrlar üzə çıxacaq. Çünki, keyfiyyətsiz kadr yetişdirən "konveyer" fasiləsiz işləyir.
Bu sadə həqiqəti "sertifikasiya aşiqləri" də bilir. Bəs onda camaatı niyə incidirlər? Çünki, sertifikasiyada əsas məqsəd keyfiyyət deyil, daha çox vakant yer qazanmaqdır.
Universitetlərlə əlaqəli sadaladığım amillər problemin 50 %-dir. Digər 50 % isə, yuxarıda qeyd etdiyimiz kimi, ümumtəhsil məktəbinin zəif olmasıdır. Nə qədər ki, məktəblərimiz məktəb deyil, heç vaxt universitetlərimiz universitet olmayacaq.
Dos. İlham Əhmədov
Paralel.az