Orta məktəb müəllimləri üçün magistratura təhsili vacibdir?
Magistratura pilləsi insana ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, elmi işlər üzərində çalışmaq imkanı verir. Bu gün magistratura təhsili almasına baxmayaraq orta məktəbdə müəllim kimi çalışanların sayı heç də az deyil.
Çoxları bu təhsilin yalnız elmi fəaliyyət üçün nəzərdə tutulduğunu, orta məktəblərdə çalışanlar üçün heç bir fərqə ehtiyac olmadığını düşünür.
Maraqlıdır, orta məktəb müəllimləri üçün magistratura təhsili vacibdirmi?
Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov qeyd edib ki, dünyanın bəzi ölkələrində müəllim olmaq üçün magistratura təhsilinin şərt olduğu müşahidə edilir:
“Müəllimliyin rəqabət olduğu ölkələrdə magistratura təhsili almaq vacibdir. Məsələn Finlandiyada, Estoniyada bu belədir. Magistratura “magister” yəni ustalaşmaq mənasını verir. Ona görə də bu təhsil elmi fəaliyyət üçün ola da bilər, olmaya da bilər. Çünki bir insan öz peşəsində ustalaşdıqdan sonra elmi tədqiqatla məşğul olmaq istəyirsə, doktoranturaya davam edəcək, yox əgər istəmirsə, o zaman peşəsinə davam edəcək.
İxtisası üzrə yüksəlmək üçün magistratura təhsili alan insanlar var. Magistratura sadəcə elmi tədqiqat üçün deyil, peşə sahibləri üçün də nəzərdə tutulub. Lakin doktoranturada yol açıqdır. Ona görə düşünürəm ki, magistratura təhsili almaq bir müəllim üçün böyük avantaj olmalıdır”.
Mütəxəssis vurğulayıb ki, orta məktəblərdə çalışan müəllimlərin magistratura təhsili olması onlar üçün üstünlükdür:
“Hesab edirəm ki, magistratura təhsili almaq təşviq edilməli, rəğbətləndirilməlidir. Yaxşı magistratura təhsil alan müəllim əlbəttə ki, səriştələr baxımdan digər həmkarlarından inkişaf etmiş ola bilər. Magistratura məzunu əlbəttə bakalavr məzunundan daha yaxşı işini biləcək, daha çox dünyagörüşə, savada malik olacaq.
Ona görə də düşünrəm ki, orta məktəblərdə işləyən müəllimlərin magistratura təhsili almağı onlar üçün bir üstünlükdür.
Eyni zamanda biz elə bir model yaratmalıyıq ki, işləyən insanlar magistraturada əyani təhsil ala bilsinlər. Belə olanda ali məktəblərdə həm tələbə baxımdan çətinlik çəkməyəcək, həm də müəllimlər də öz ixtisasında təkmilləşəcəklər”.