Bakı humanitar kollecinin müəllimləri rəhbərliyin eksperimentlərindən can qurtara bilmirlər. Rəhbərlik deyəndə kollecin direktoru, millət vəkili Əhliman Əmiraslanovun qardaşı olan Vaqif Əmiraslanovdan elə bir şikayətləri yoxdur. Kollecdə bu gün direktordan daha çox tədris hissə müdiri Əsəd İbrahimov necə deyərlər, at oynadır. Bu barədə istiqlal.az-a adının çəkilməsini istəməyən müəllimlər müraciət edib.
Müəllimlərin şikayətinə görə, Əsəd İbrahimov bütün işçiləri rəhbərlikdən narazı salır. Onlardan tələb edir ki, imtahan verən tələbələri kəssinlər. Daha sonra tələbələr birbaşa onun yanına gedir, məsələni necə həll edirlərsə, Əsəd müəllim gətirib boş vedomosta müəllimlərdən qol çəkməyi tələb edir. Sonra orda kimə və nə qiymət yazırlarsa, müəllimin xəbəri belə olmur.
Məsələ bununla bitmir. Belə idarəçilikdən narazı qalan müəllimlərə isə göz açmağa belə imkan verməyən Əsəd müəllim, səsini çıxarana "sən kimsən", "səni qapı dalında qoyaram", "ixtisar edərəm" tipli hədə-qorxular gəlir. Əgər bu kollecdə müəllim çoxdursa və ixtisar lazımdırsa, onda Ə.İbrahimov niyə təzə müəllimlər götürür? İş o yerə çatıb ki, Ə.İbrahimov hətta Vaqif Əmiraslanova "bunları siz belə qudurtmusuz" iradını belə, özü də müəllimləri yanında tutur.
Kollecdə təhsilin inkişafı üçün canfəşanlıq edən Ə.İbrahimov ölkə rəhbərliyinin müəllimləri maddi vəziyyətinin düzəlməsi üçün atdığı addımları tam "dəstəkləyir". Bu kollecdə müəllimlər pullu qrupların hesabına maaşlarına əlavə yadım alırdılar. Yanvar ayından Əsəd müəllim bu yardımları da kəsildiyini elan edir. Bu şəxs müəllimləri narazı salmaq üçün əlindən gələni də edir gəlməyəni də. İndi bütün müəllimlər səksəkə ilə yayı gözləyirlər. Çünki Əsəd müəllim elan edib ki, daxili yoxlama imtahanı keçirəcək müəllimlər üçün. Təsəvvür edirsiniz də, dövlətin imtahan keçirmək üçün müvafiq qurumları olmasına baxmayaraq, bəlkə də Təhsil Nazirliyindən də xəbərsiz – yoxlama. Keçirəcək-keçirməyəcək, bilinmir. Bəlkə Əsəd müəllim anlamır ki, bu böyük bir qanun pozuntusudur? Anlamırsa, müvafiq qurumlar bunu ona başa salsınlar. Müəllimlərlə, sabaha kadr yetişdirən ziyalı insanlarla belə rəftar etmək olmaz. Bəlkə başımızı qatan Bolonya sistemindən başımızı qaldıraq və Bakı humanitar kollecində nə baş verdiyini aydınlaşdıraq? Bəlkə onda tam aydınlığı ilə görəcəyik ki, ölkə rəhbərliyinin müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırması ilə bağlı gördüyü işlərə pəl qatmaqdı bu? Sabotajdı?
Səslənən ittihamlarla bağlı Kollecin tədris hissə müdiri Əsəd İbrahimovla əlaqə saxladıq. O, istiqlal.az-a açıqlamasında bildirdi ki, müəlimlərin ixtisara salınması onun göstərişi deyil. İki ilin nəticələrinə görə kollecdə tələbələrin sayının 900 nəfər azaldığını deyən Ə.İbrahimov vurğuladı ki, ona görə müəllim heyətində ixtisar qaçılmazdır: "Mən istəsəm də, istəməsəm də ixtisar olacaq. Çünki tələbələrin sayında azalma var. Məm Pedaqoji Şurada da o fikirləri səsləndirmişəm ki, mən hökmən tələbənin tərəfində olacağam. Bu məlumatları sizə kimin verdiyi məni narahat etmir. Bu onların öz işləridir. Keçən il kolleclər birləşəndən sonra 740 buraxılış olub. Qəbul isə 360 tələbə olub. Bu il də eyni göstərici gözlənilir. Tələbənin sayı azalanda isə avtomatik olaraq qrupların sayı və dərs saatı azalır. Ona görə bu situasiya ilə bağlı nazirlik nə məsləhət görəcək o ediləcək. Müəllimlər yəqin ki, ixtisara düşəcək. Onun formatını artıq nazirlik təklif edəcək. Çox güman ki, diaqnostik qiymətləndirmə olacaq".