azia.az
azia.az

"Müəllim və şagirdlərə tətil verilməlidir" - Yoluxmadan çıxış yolu AÇIQLANDI

16-02-2022, 16:23

"Müəllim və şagirdlərə tətil verilməlidir" - Yoluxmadan çıxış yolu AÇIQLANDI
Son iki həftədə Azərbaycanda koronavirusa (COVİD-19) yoluxanların sayında kəskin artım müşahidə olunur. Yoluxanlar arasında şagird və müəllimlərin sayı xüsusilə çoxluq təşkil edir. Müəllimlər, valideynlər sosial şəbəkələrdə etiraz edərək distant təhsilə keçməyin vacibliyini vurğulayır. Bəs görəsən məktəblər və universitetlər qısa müddətlik də olsa distant təhsilə keçə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirdi ki, ali təhsil ocaqlarında vəziyyət o qədər də təhlükəli deyil:

“Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisəndə 56 min tələbə təhsil alır. Bu qədər insanın eyni vaxtda aktiv şəkildə hərəkət etməsi təbii ki, yoluxma sayına təsir göstərir. Lakin ali və orta ixtisas təhsil müəssisələrində vəziyyət o qədər də təhlükəli deyil. Orta məktəblərlə müqayisədə burada say azdır. Orta məktəblərdə isə 1,6 milyon şagird təhsil alır. Rəqəmləri müqayisə etsək görərik ki, biri digərindən 10 dəfə çoxdur. Bundan başqa, ali məktəblərdə təhsil alan tələbələr daha yetkin şəxslərdir ki, onlar pandemiya qaydalarına daha yaxşı əməl edə bilir. Eyni zamanda, tələbələrin böyük əksəriyyəti öz evində yaşamır və az insanlarla ünsiyyətdə olur. Onlar yoluxsa belə ailə üzvlərini və digərlərini yoluxdurmur. Orta məktəb şagirdlərində vəziyyət daha fərqlidir. Şagirdlər evə gedib ailə üzvünü də yoluxdura bilir. Bundan ənənəvi tədris bərpa olunduqdan sonra yoluxma statistikasına baxsaq görərik ki, ali təhsil ocaqlarında vəziyyət o qədər də təhlükəli deyil. Tələbə sayı ən çox olan universitetlərdə infrastruktur daha yaxşıdır. Məsələn, BDU tələbələrin normal təhsil alması üçün lazımi imkanları qura bilib. Universitetin girişində tələbələr təmassız qaydada yoxlanılır. Yəni tələbələr üçün o qədər də təhlükəli şərait yoxdur ki, ali məktəblərdə tədrisin ənənəvi forması ləğv edilsin. Təhsil naziri qeyd edir ki, akademik gecikmənin qarşısını almaqdan ötrü ali məktəblərdə tələbə köçürülmələrini dayandırmışıq. Bunu nəzərə alsaq universitetlərdə düşünmürəm ki, distant təhsilə keçilməlidir. Buna ehtiyac yoxdur. Ali təhsil müəssisələrində dərslər onsuz da hibrid formada təşkil olunur”.
"Müəllim və şagirdlərə tətil verilməlidir" - Yoluxmadan çıxış yolu AÇIQLANDI
Ekspert bildirdi ki, bu dəqiqə ən ciddi məsələ orta məktəblərlə bağlıdır.

“Yoluxan insanlar arasında orta məktəb şagirdləri və müəllimlərin sayı həddən çoxdur. Çünki burada daha kütləvi təhsildən söhbət gedir. Yoluxma sayında orta məktəb müəllim və şagirdlərinin daha çox paya sahib olduğunu hamımız bilirik. 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird və 150 min müəllim çalışır. Rəqəmlərə baxdıqda görürük ki, orta məktəblərdən yalnız 13-də koronavirusa görə distant təhsilə keçilməsi müşahidə edilir. Siniflərin sayı isə 300-dən çoxdur. Məktəblərdə çalışan müəllimlərin hamısı vaksin olunub. Müəllimlərin 80 faizi buster dozada vaksin olunub. Demək olar ki, hər kəs ağır, orta və yüngül dərəcədə koronavirusa yoluxub. Bu bizim üçün təhlükəli deyil. 11 milyondan çox insan vaksin olunub. Ona görə də düşünürəm ki, məktəblərin distant təhsilə keçməsinə ehtiyac yoxdur. Sadəcə olaraq müəllimlərə və şagirdlərə istirahət verilməlidir. Şagirdlərimiz sentyabrdan bəri fasiləsiz dərs prosesində iştirak edir. Onlar fiziki və psixoloji olaraq yorulub. Təhsil Nazirliyi qış tətilini ləğv etdi. Düşünürəm ki, şagird və müəllimlərə bir-iki həftəlik fasilə verməliyik. Əgər distant təhsilə keçsək, şagirdlər yenə əziyyət çəkəcək, yorulacaq. Şagirdlərə tətil verilməlidir ki, xəstələr sağalsın, insanlar dincəlsin. Bu dəqiqə ən vacib addım tədris prosesinə fasilənin verilməsidir. Rusiyada şagirdlərə 4 həftə dərsə getdikdən sonra ardıcıl bir həftə fasilə verilir. Hesab edirəm ki, biz də bu təcrübədən yararlanmalıyıq. Şagirdlərin davamlı olaraq dərsdə iştirakından sonra müəyyən müddət istirahət etməli, itirdikləri enerjini bərpa etməlidir. Distant təhsil yoluxanların sayına təsir göstərməyəcək. İndi xəstələnənlər sağaldıqdan sonra məktəbə gəlir və yenidən xəstələnir. Bu zəncirin qırılması üçün fasilənin verilməsinə ehtiyac var”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi