“Təhsil Nazirliyinin adından göndərilən məlumatlar yanlışdır” - Valideynlərin diqqətinə!
Neçə gündür ki, valideynlər arasında məktəblərin bağlanması ilə bağlı votsap üzərindən yayılan xəbər narahatlıq yaradıb.
Belə ki, Təhsil Nazirliyinin adından göndərilən məlumatda bildirilir: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı! Ölkəmizdə məlum pandemiya şəraitini və yoluxma sayının kəskin surətdə artmasını nəzərə alaraq COVİD-19 dan qorunma məqsədli yeni tədbiri sizlərə təqdim edirik: 1 noyabr-1 yanvar tarixlərində bağçalar, 9-cu siniflər distant təhsilə keçəcək. 1noyabr-1dekabrda 10-11-ci siniflər, 1 noyabr -1dekabr tarixlərində isə univeristetlər, kolleclər, gimanziyalar, bütün ali təhsil müəssisələri qısamüddətli distant təhsilə keçəcək”.
Bu məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ilə müraciət etdik. Eyni zamanda, son günlər yoluxma sayının artması, ayrı-ayrı məktəblər, universitetlərdə kiçik qrupların distant təhsilə keçməsi səbəbindən noyabrda təhsilin tamamimlə qeyri-ənənvi formada davam etdirilib –etdirilməyəciyini soruşduq.
Qurumdan Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictimaiyyətə məlumat veriləcəkdir: “Valideynlərə təqdim olunan məlumat isə yanlışdır. Heç bir əsası yoxdur”.