“Ali təhsildə liberallaşmaya doğru gedirik"
Azərbaycanda hər il qəbul olunan 60 %-dən yuxarı tələbə ödənişli əsaslarla, yerdə qalan faiz isə dövlət sifarişi ilə təhsil alır.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Dövlət sifarişinin formalaşması üçün müəyyən prinsiplərin nəzərdə tutulduğunu deyən nazirin sözlərinə görə, dövlət öncədən hər bir ixtisas üzrə nə qədər sayda tələbənin təhsil ödənişini üzərinə götürəcəyini elan edir: “ Bu rəqəm ali məktəblər üzrə fərqlidir. Bəzən dövlət 100 nəfər tələbəni müəyyən ixtisas üzrə ödənişini həyata keçirməyə hazır olur. Lakin həmin ixtisas üzrə bal yığan tələblərin sayı 90 olduğu halda 10 yer boş qalır. Elə ixtisas da olur ki, dövlət 100 nəfər sifariş etdiyi halda burada təhsil almaq istəyənlərin sayı 500 nəfərdir. Bu halda isə ən yüksək akademik bal toplayan insanların ödənişini dövlət ödəyir. Bundan əlavə dövlət bir sıra kateqoriyadan olan vətəndaşların da təhsil haqqını öz üzərinə götürür. Bura məcburi köçkün, şəhid ailələri kimi xüsusi kateqoriyalı ailələrin övladları daxildir”.
M.Cabbarov qeyd edib ki, indiyə kimi bir çox ali təhsil müəssisələrinin tələbələri təhsil haqqını ödəyə bilmədiyi üçün imtahanlara buraxılmırdılar. Lakin təhsil kreditlərinin verilməsi sosial iqtisadi səbəblərdən qaynaqlanan, öz təhsillərini yalnız bu səbəbə görə vaxtında nəzərdə tutduğu müddətlərdə başa çatdıra bilməyən tələbələrin sayının azalmasına xidmət edəcək.
Sovet dövründə təhsilin “pulsuz” olması haqda fikirlərə münasibət bildirən təhsil naziri deyib ki, o zaman yalnız müəyyən sayda tələbə təhsil ala bilərdi. Tələbə dövlət sifarişinə düşmədiyi halda ali məktəbdə oxumaq hüququnu itirirdi: "Ancaq bu gün bu sahədə liberallaşmaya doğru gedirik və təhsilin əlçatan olmasına çalışırıq".