MEK əməkdaşlarının qələbə sevinci
Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşı Ali Baş komandanımız İlham Əliyev və şücaətli ordumuz sayəsində qələbə ilə nəticələnərək hərb tarixinə qızıl hərflərlə yazıldı. Bütün ölkədə sevinc və fəxarət hissi yaşadan bu xəbər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) əməkdaşları tərəfindən də böyük coşqu ilə qarşılanıb. MEK kollektivi də bu tarixi günün sevincini birlikdə bayram kimi qeyd ediblər. Başda rəhbərlik olmaqla MEK-in işçiləri öncə müstəqillik uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Şəhidlər xiyabanını ziyarət edib, məzarları üstünə gül dəstələri qoyublar.
Daha sonra tədbir kitabxanada davam edib. Tədbirdə kollektiv qarşısında çıxış edən, AMEA MEK-in direktoru Sevil Zülfüqarova Qarabağ zəfərinin sevincini onlara bəxş edən Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna sonsuz minnətdarlığını bildirərək millətimizə yaşatdığı qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib. Ermənistanın torpaqlarımızda digər mədəniyyət nümunələri kimi, kitabxanalarımıza da qarşı apardığı vandalizm siyasətini diqqətə çatdıran S.Zülfüqarova ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlətimizin ilk işlərindən birinin həm də Qarabağ və ətraf rayonlarda məhv edilən kitabxanalarımızı bərpa etmək olduğunu qeyd edib.