"Tamaşaçının fikri qalır xanımın sinəsində..." - Xalq artisti
Şou əhlinin geyimi və davranışı ən çox müzakirə olunan məsələlərdəndir. Doğrudan da bu sahədə çalışan insanların geyimində və davranışlarında kifayət qədər qüsur var. Bu məsələdə diqqət çəkən məqam odur ki, ifaçıların ifa tərzinə görə geyimləri və davranışları da dəyişir.
Məsələn, xalq musiqisi və yaxud muğam oxuyan müğənnilər kifayət qədər ciddi geyinir və qalmaqaldan uzaq qaçırlar. Lakin, estrada və yaxud yüngül musiqi ifa edənlər həm açıq-saçıq geyinirlər, həm də özlərini efirdə və səhnədə senzurasız aparırlar.
Məsələ ilə bağlı Xalq artisti, rejissor Əbdül Mahmudovun fikirlərini öyrəndik.
O, Bizim.Media-ya açıqlamasında bildirib ki, bunun bir neçə səbəbi var:
"Xalq musiqisi və muğam ifa edənlərin tam əksəriyyəti ali və yaxud orta ixtisas təhsillidirlər. Ən əsası onlar öz ixtisaları üzrə təhsil alırlar. Və onlara həmin təhsil müəssisəsində etiket qaydaları öyrədilir. Yəni efirdə, səhnədə necə geyinməsi və davranması üçün onlara müəyyən tövsiyələr verilir. Çünki, sənəti olan efirdən sənətini, səsini təqdim etməlidir. İfasını və səsinin özəlliyini olduğu kimi tamaşaçıya çatdırmaq üçün ifaçı geyiminə xüsusi fikir verməlidir.
Dekolteli, mini geyimlər tamaşaçının diqqətini yayındırır. Və yaxud kişilərin boynundakı, qolundakı zincirlər, döymələr diqqəti qaçırdır. Ona görə də muğam və xalq musiqisi ifaçılara ustadları tapşırır ki, elə geyinin və davranın ki, tamaşaçının diqqəti sizin oranızda-buranızda yox ifanızda olsun. Ona görə də xalq musiqisinin ifaçıları əsasən etiket qaydalarına riayət edirlər".
Xalq artisti estrada və yüngül musiqi ifaçılarının sənətdə əsasən təsadüfi adamlar olduğunu söylədi:
"Onların çoxu efirə sənət yox, oralarını-buralarını göstərmək üçün çıxırlar. Onların sənəti olmadığı üçün efirdə və səhnədə çox narahat olurlar. Ona görə də istər-istəməz oralarını-buralarını dartırışdırır, ədəbsiz hərəkətlər edirlər. Ən pisi də odur ki, estrada və yüngül musiqi ifaçıları efirdə daha çox şəxsi geyimlərindən, məişət məsələlərindən söhbət açırlar. Çünki, onların sənəti yoxdur. Sənəti olmayan başqa nə danışmalıdır ki?!
Baxırsan ki, xanım ifaçı elə geyinib ki, sinəsi az qalır ekrandan adamın gözünə girsin. Kişilərsə daha betərdir.
Efirə çıxan kişi ifaçıların çoxunun boynunda, qolunda zəncir və yaxud müxtəlif döymələr olur. Tamaşaçının da fikri qalır xanımın sinəsində və yaxud da kişi ifaçının qolunda, boynunda. Bir sözlə sənəti olan səhnədə və efirdə sənətini, ifasını, sənəti olmayanlarsa "fərdi keyfiyyətlərini" göstərirlər".