azia.az
azia.az

Sosial şəbəkələrdə 16 yaş məhdudiyyəti: Kimin məsuliyyəti daha çoxdur?

Bu gün, 16:27

Azərbaycanda uşaqların internet təhlükəsizliyinin təmin edilməsi və sosial media platformalarında qarşılaşa biləcəkləri risklərin minimuma endirilməsi məqsədilə qanunvericilik səviyyəsində mühüm məhdudiyyətlər tətbiq olunur. Rəqəmsal mühitdə azyaşlıların fərdi məlumatlarının qorunması və onların psixoloji sağlamlığına mənfi təsir göstərə biləcək məzmunlardan uzaq tutulması bu gün qlobal miqyasda olduğu kimi, ölkəmizdə də ən aktual məsələlərdən birinə çevrilmişdir. Xüsusilə sosial şəbəkələrin nəzarətsiz istifadəsinin qarşısını almaq üçün tətbiq edilən yeni hüquqi tənzimləmələr valideyn məsuliyyətini artırmaqla yanaşı, dövlətin bu sahədəki daxili siyasətinin prioritetlərini əks etdirir.

Bəs nəzarət mexanizmi nə dərəcədə effektiv işləyəcək? Burada hansı tərəf - valideynlər, yoxsa operatorlar daha çox məsuliyyət daşıyacaq?

İnformasiya texnologiyaları (İT) mütəxəssisi Elvin Abbasov Sfera.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı mexanizmlər nəzərdə tutulsa da, onların real həyatda effektiv tətbiqi üçün həm operatorların, həm də valideynlərin üzərinə düşən öhdəliklər aydın şəkildə icra olunmalıdır.


Onun sözlərinə görə, sosial şəbəkə və internet platformaları yaş məhdudiyyətlərinə uyğun olmayan məzmuna çıxışın qarşısının alınması, istifadəçinin yaşının müəyyənləşdirilməsi və zəruri hallarda valideyn razılığının alınması üçün texniki mexanizmlər tətbiq etməlidir.

Ekspert qeyd edib ki, platformalar bu tələbləri yerinə yetirmədikdə və yetkinlik yaşına çatmayanların məhdudiyyətləri saxta hesablarla keçməsinə şərait yaratdıqda, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət məsələsi gündəmə gələ bilər:


“Məsuliyyət yalnız sosial şəbəkələrin üzərinə qoyula bilməz. Valideynlərin də uşaqların rəqəmsal davranışına nəzarət etməsi, onların hansı platformalardan və hansı məzmundan istifadə etdiyini izləməsi vacibdir. Uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin təmin olunması üçün operatorların texniki imkanları ilə valideyn nəzarəti paralel şəkildə həyata keçirilməlidir”.

Hüquqşünas Əkrəm Həsənov isə mövzuya hüquqi baxımdan münasibət bildirərək bu addımın uşaqların psixoloji durumunun və tərbiyəsinin qorunması baxımından müsbət olduğunu söyləyib:

“Sosial şəbəkələrdəki mənfi məzmun uşaqların təhsilinə mane olmaqla yanaşı, onların psixoloji vəziyyətinə də ciddi təsir göstərə bilər. Yeniyetmələr böyüklərlə müqayisədə kənar təsirlərə daha həssasdırlar. Sosial şəbəkələrdə yayılan qeyri-real görüntülər də uşaqlarda öz görünüşləri ilə bağlı komplekslər yarada bilər. Uşaqlar real olmayan bədən obrazlarını özləri üçün nümunə götürərək müxtəlif qüsurlar axtarmağa başlaya bilərlər. Həmçinin qadağan olunmuş kontentə çıxışın qarşısının alınması da mühüm məsələdir”.



Hüquqşünas hesab edir ki, yaş məhdudiyyətlərinin tətbiqi müəyyən qədər effektiv olacaq, lakin bunun tam nəticə verməsi çətindir. Onun sözlərinə görə, valideyn razılığı mexanizmi də bəzi hallarda formal xarakter daşıya bilər:


“Valideynlərin çoxunun vaxtı varmı ki, uşağın sosial şəbəkədə nə etdiyini izləsin? Valideyn bir dəfə razılıq verə bilər və bununla məsuliyyətini bitmiş hesab edə bilər. Həmçinin, bəzi platformalarda yaş məhdudiyyətlərinə nəzarət zəifdir, uşaqlar yaşlarını böyük göstərərək və ya VPN-dən istifadə etməklə tətbiq olunan məhdudiyyətləri aşa bilərlər”.


Ə.Həsənov yaş məhdudiyyətlərinin tətbiqini müsbət addım hesab edir. Onun fikrincə, belə mexanizmlər ən azı valideynlərin məsuliyyətini artıracaq və uşaqların sosial şəbəkələrdə qarşılaşdığı risklərin müəyyən qədər azalmasına imkan verəcək.


İradə Elsevər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi