ORQANİZMƏ TƏHDİD olan ucuz və keyfiyyətsiz kərə yağları - ZƏHƏR YEYİRİK
Azərbaycanda kərə yağının bahalaşması ilə bağlı baş verən proseslər ölkəyə idxal olunan məhsulların keyfiyyətinə nəzarət məsələsini bir daha gündəmə gətirib. Təcrübə göstərir ki, bir çox hallarda dünya bazarındakı dəyişikliklər üzündən bahalaşan məhsulların satışındakı azalma idxalçıların daha aşağı qiymətə, həm də daha aşağı keyfiyyətə mal gətirmələrinə yol açır.
Qida mütəxəssisi, ekspert, "Sağlam bəslən-arıqla" və "Köklüyün sirri-arıqlıgın açarı" kitablarının müəllifi, tanınmış həkim-dietoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı Medicina.az-a açıqlamasında bildirib ki, yağ adı altında satılan ucuz qidalar əslində sintetik məhsullardan hazırlanmış yağa bənzər maddələrdir.
Dietoloqun sözlərinə görə, saxta yağlar ürək- qan damar, infarkt, şəkərli diabet kimi bir çox xəstəliklərin yaranmasına səbəb olur: "Tərkibində olan yüksək sıxlıqlı yağ turşuları mədəyə zərər vurur. Bu səbəbdən ölüm faktları daha çox qeydə alınır. Ən təhlükəlisi biznes məqsədli ucuz hazırlanıb baha satılan trans yağlarıdır. Satılan yağların 80 faizini trans yağları təşkil edir”.
Həkimin sözlərinə görə, istehsalçı şirkət iki ayrı maddəni qarışdıraraq yağ hazırlayır ki, bu da insan orqanizmi üçün birbaşa təhdiddir.
"Doymuş və doymamış yağ turşularını bir-birinə qatışdıraraq hazırlanan kərə yağları vücud üçün zərərdən başqa bir şey deyil. Daha sadə desək, bərk yağa bitki yağı əlavə edilir. Orjinal yağın tərkibi isə bir olmalıdır.
Günümüzdə su qatılaraq hazırlanan saxta yağlarda vardir. Qatqısı kimyəvi maddələr olan qida birbaşa zəhər deməkdir. Çünki bu zaman ekstraktiv maddələr toksiki maddələrə çevrilərək mədə üçün təhlükəli zəmin yaradır”, - deyə Zülfüqarlı bildirib.
Azərbaycan menyusunda qızartma yeməklərə önəm verildiyini xüsusi vurğulayan həkimin sözlərinə görə, bu zaman vətəndaşlar özləri belə bilmədən orjinal yağı çox zaman zəhərli maddəyə çevirir:
"Qızartma yeməklər hazırlanan zaman yağı yandırmaq qəti olmaz. Kərə yağı əslində qızartmada çox istifadə edilməməlidir. Təbii halda yeyilməsi daha faydalıdır. Çünki qızardılan zaman tərkibindəki vitaminlər ölür. İnsanların çoxu yağları özləri qazda əridirlər və duru kərə yağı əldə edirlər. Bu keçmişdən günümüzə gələn yanlış örnəkdir. Kərə yağı otaq temperaturunda özü əriməlidir. Ərinmiş kərə yağı deyilən termin olmamalıdır. Soyuducuda aşağı temperaturda saxlanılmalıdır ki, tamı dəyişilməsin və tərkibindəki vitaminlər ölməsin”.
Bəs insanlar piştaxtalarda satılan yağların qismən də olsa orginal olub-olmamasını necə seçə bilər?
Dietoloq Leyla Zülfüqarlı vətəndaşların yağ aldıqları zaman onun yağlılıq faizinə baxmalı olduğunu diqqətə çatdırıb:
"Orijinal kərə yağının yağlılıq dərəcəsi 82,5 faizdən aşağı olmamalıdır. Bundan əlavə qoxusundan, rəngindən müəyən qədər də olsa ayırd etmək mümkündür. Əsl yağ saman sarılığında olmalıdır”.
Qiymətinin baha olması keyfiyyətlidir anlamına gəlir?
Dietoloq bu suala da aydınlıq gətirərək bildirib ki, əslində ölkəmizdə yağların qiyməti baha olmamalıdır. Çünki ölkəmizin təbii şəraiti əsl yağ əldə etməyimizə imkan verir.
Leyla xanım insanlara tövsiyələr də verib: "Bacardığınız qədər təbii kərə yağlarından istifadə edin. Çünki əks halda xərçəng xəstəliyinə bu səbəbdən belə yoluxa bilərsiniz”.
Şəhanə Quliyeva