Ramil Usubov sahə rəislərini bir yerə topladı
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində paytaxtın polis orqanlarının sahə rəislərinin və inspektorlarının cinayətlərin profilaktikasında roluna və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
İdarədən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi barədə məlumat verərək polis sahə inspektorları institutunun işinin düzgün qurulmasının müstəsna əhəmiyyət kəsb etdiyini, onların xidməti fəaliyyətininin təşkilinin və təkmilləşməsinin Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xatırladıb. O bildirib ki, son 10 ilə yaxın müddətdə, sahə inspektorlarının cinayətlərin profilaktikası, vətəndaş cəmiyyəti ilə əlaqələrinin möhkəmləndirilməsi, əhaliyə daha yaxın olması, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər görülüb, zəruri funksional və struktur dəyişiklikləri həyata keçirilib. Qeyd olunub ki, ölkədə aparılan hüquqi islahatlar, qəbul edilən yeni qanunlar və digər normativ hüquqi aktlar çərçivəsində polis sahə rəislərinin və inspektorlarının əsas vəzifə və funksiyalarını müəyyən edən bir sıra normativ hüquqi aktlar təsdiq edilərək icraya yönəldilib.
Gündəlikdəki məsələ ilə bağlı daxili işlər nazirinin müavini - Baş Təşkilat- İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyev geniş məruzə ilə çıxış edib, cinayətkarlığın profilaktikasında və ictimai asayişin təminində görülmüş işlərdən, xidməti fəaliyyətdə mövcud olan nöqsanlardan və qarşıda duran vəzifələrdən danışıb. O deyib ki, inzibati xəta törətmiş şəxslərin vahid mərkəzləşdirilmiş qeydiyyatının aparılması məqsədilə 2010-cu ildə Nazirlikdə vahid mərkəzləşdirilmiş məlumat sistemi yaradılıb, 2013-cü ildə isə inzibati sahənin pasportunun elektron forması hazırlanaraq həmin sistemə yerləşdirilib.
Müvafiq istiqamətdə fəaliyyətin təşkili sahəsində görülən işlərin vəziyyəti 2012-ci ilin noyabrında keçirilmiş Kollegiya iclasında müzakirə edilərək, aidiyyəti qurumlara - polis sahə məntəqələrinin kompyuter avadanlığı ilə təchiz olunması və kompyuterlərin lokal şəbəkə vasitəsilə vahid avtomatlaşdırılmış məlumat sisteminə qoşulması, inzibati xəta törətmiş şəxslər haqqında məlumatların həmin sistemə yerləşdirilməsi və bu işə nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verilib. 2014-cü il 1-4 aprel tarixlərində isə sahə rəislərinin və inspektorlarının respublika toplantısı keçirilərək onların qarşısında, həm də vahid qeydiyyat bazasının təkmilləşdirilməsi, profilaktik uçotda olan şəxslərin həyat tərzi, hüquqazidd davranışı, əlaqələri və s. ilə bağlı mərkəzləşdirilmiş məlumatların tamlığının təmin edilməsi, hüquqpozmaların profilaktikasının, vətəndaşların qəbulu işinin real vəziyyətə uyğun qurulması barədə vəzifələr qoyulub.
Müşavirəyə yekun vuran daxili işlər naziri konkret tapşırıq və tövsiyələrini verib, sabitliyin qorunub saxlanılmasının, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, xidməti fəaliyyətin, o cümlədən sosial funksiyaların icrasının yeni keyfiyyət səviyyəsinə yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının başlıca məqsəd olduğunu diqqətə çatdırıb.
Nazir hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üşün polis əməkdaşlarının, o cümlədən, sahə rəislərinin və inspektorlarının zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa malik olmalarının vacibliyini vurğulayıb, qarşıda duran vəzifələri müəyyənləşdirib və bu məsələlərə hər bir ərazi polis orqanında xüsusi diqqət yetirilməsini tələb edib.